Azərbaycan zəngin, təzadlı və litvalılar üçün qonaqpərvər ölkədir

 

 "Son zamanlar bütün dünyada sahibkarlar nəzərlərini yeni bir Eldoradoya - Azərbaycana yönəldirlər. Ölkə neft və qaz satışına görə, əldə edilmiş milyardlarla vəsait sayəsində yaranmış imkanlar onları Bakıya cəlb edir".

Litvanın delfi.lt internet portalında dərc edilmiş "Azərbaycan zəngin, təzadlı və litvalılar üçün qonaqpərvər ölkədir" sərlövhəli məqalə bu sözlərlə başlanır. Məqalədə qeyd edilir ki, Azərbaycanın qonaqlarını heyran edən təkcə bu ölkənin imkanları deyildir. Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin, onlara xas olan təzadların vəhdəti, öz gözəl təbiəti və qonaqpərvər insanları ilə seçilən bir ölkədir.

Məqalədə daha sonra deyilir: "Gözəl Bakı son onillikdə sözün həqiqi mənasında, Cənubi Qafqazın incisinə çevrilmişdir. Regiondakı digər iki dövlətin paytaxtları Tbilisi və Yerevan Bakı ilə müqayisədə kiçik şəhərətrafı zonanı xatırladır. Bakının səliqəli binaları, təmir edilmiş tarixi abidələri və dəbdəbəli avtomobilləri bu ölkəyə gələn hər kəsin diqqətini cəlb edir". Məqalədə verilən statistik məlumata görə, keçən il Litva ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 13,5 milyon lit olmuşdur. Bu göstəricini 5-10 dəfə artırmaq planlaşdırılır. Azərbaycan Litva ilə sıx əməkdaşlıq etməyə çalışır. Bu ilin əvvəlində Həsən Məmmədzadənin Azərbaycanın Litvadakı səfiri təyin edilməsi barədə qərar buna əyani sübutdur. Azərbaycanlı siyasətçilər və hökumət məmurları hesab edirlər ki, H.Məmmədzadə səfir təyin ediləndən sonra Litva ilə Azərbaycan arasında münasibətlərə yeni təkan veriləcəkdir.

İki ölkə arasında əlaqələr idman sahəsində də inkişaf edir. Məqalədə deyilir: "Mahir basketbolçu Rimas Kurtinaytis Azərbaycanda çalışdığı dörd il ərzində Azərbaycan basketbolunda əsl inqilab etmiş, onu sözün həqiqi mənasında, ucaltmışdır. Yerli sakinlər Rimas Kurtinaytisi hələ də nostalji hisslərlə yad edirlər".

Gənclərdən ibarət qeyri-hökumət təşkilatları sektorunda da əməkdaşlıq üçün böyük potensial vardır. Ölkədə gənclər siyasəti ən prioritetli sahələrdən biri hesab edilir. Buna görə də QHT-nin yaradılması və fəaliyyəti üçün ölkədə hər cür şərait vardır. Avqustun axırlarında Litva və Azərbaycan Gənclik Forumu keçirilən vaxt azərbaycanlı siyasətçilər, hökumət məmurları və QHT fəalları Litvanın qeyri-hökumət təşkilatlarını müştərək layihələr həyata keçirməyə çağırmışlar.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.11.