Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbənin açılışı olmuşdur

 

 Oktyabrın 18-də, Dövlət Müstəqilliyi Günündə Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışı olmuşdur.

Açılış mərasimində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının məsul əməkdaşı Rövşən Ağayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin müdiri Qurban Sadıqov, Milli Məclisin deputatları, məcburi köçkün və ətraf rayonların icra hakimiyyətlərinin başçıları və digər rəsmi şəxslər iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə evlərə baxmış, Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin adından tam təmirli, mebel və digər məişət avadanlığı ilə təmin olunmuş dördotaqlı evin açarlarını Laçın rayonundan olan məcburi köçkün Əli Hümbətova təqdim etmişdir.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Laçın, Kəlbəcər və Ağdam rayonlarından olan 16 nəfər müharibə veteranına minik avtomobillərinin açarları təqdim olunmuşdur.

Tədbir qəsəbədəki Laçın Rayon Təhsil Şöbəsinin V.Abdullayev adına Hacıxanlı kənd tam orta məktəbində davam etmişdir. Burada Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən özfəaliyyət kollektivinin ifa etdiyi xalq mahnıları iştirakçılara xoş ovqat bəxş etmişdir.

Sonra Baş nazirin müavini Əli Həsənov məcburi köçkünləri Prezident İlham Əliyevin adından Dövlət Müstəqilliyi Günü və yeni qəsəbənin açılışı münasibətilə təbrik etmiş, dövlət başçısının qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü məqsədyönlü tədbirlər barədə ətraflı məlumat vermişdir.

Dövlət müstəqilliyimizin bərpa olunması istiqamətində  Azərbaycan xalqının apardığı şərəfli mübarizədən ətraflı bəhs edən Əli Həsənov müstəqilliyin ilk illərində ölkəmizdə gedən prosesləri təhlil etmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, əbədi, dönməz olmuşdur. Məhz ulu öndərin 1994-cü ildə imzaladığı fərman ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü bayramı kimi qeyd olunur.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlamışdır. Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Son bir neçə ildə qaçqın və məcburi köçkünlər üçün müasir tipli, hər cür şəraiti olan  71 yeni qəsəbə salınmış, 120 minə yaxın məcburi köçkün həmin qəsəbələrdə məskunlaşmışdır. Cari ilin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcəkdir. Bu qəsəbələrdə daha 20 min məcburi köçkün məskunlaşacaqdır. Məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisi növbəti illərdə də davam etdiriləcəkdir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə "məskunlaşdırma prosesi" "qayıdış proqramı" ilə əvəz olunacaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim inkişaf etdiyini deyən Baş nazirin müavini bildirmişdir ki,  Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, bir sıra mühüm beynəlxalq tədbirlərin Bakıda keçirilməsi bir daha sübut edir ki, dövlətimizin nüfuzu bütün dünyada artmış, mövqeləri daha da möhkəmlənmişdir.

Bildirilmişdir ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən inkişaf proqramı qarşıya əsasən üç böyük məqsəd qoymuşdur. Bunlar iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, yoxsulluq problemini tam həll etmək və Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Bu məqsədlərə tam nail olmaq üçün təbii ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməli, qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində biz tezliklə buna da nail olacağıq.

Sonra Laçın rayonundan olan məcburi köçkün Sədaqət Məhərrəmova qaçqın və məcburi köçkünlər adından çıxış etmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Daha sonra qəsəbənin açılışı olmuşdur. Bildirilmişdir ki, yeni qəsəbə Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş əlavənin müvafiq bəndinə əsasən tikilmişdir.

Yeni qəsəbəyə Bərdə rayonunun ərazisindəki Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 ailə və ya 831 nəfər məcburi köçkün köçürüləcəkdir. Onlardan 129 ailə Laçın, 46 ailə Ağdam, 20 ailə isə Kəlbəcər rayonlarındandır. Yeni qəsəbə 134 hektar ərazini əhatə edir. Bunun 38,45 hektarı tikinti üçün, 95,55 hektarı isə sakinlərə pay torpaqları kimi nəzərdə tutulmuşdur. Bu qəsəbədə tikilmiş 195 evdən 15-i bir, 98-i iki, 72-si üç, 10-nu isə dördotaqlıdır. Qəsəbənin ərazisində 198 yerlik məktəb, 25 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi və poçt binası tikilmişdir.

Qəsəbənin tikintisinə 2012-ci ilin may ayından başlanmış və sentyabr ayında tam başa çatdırılmışdır. Tikintinin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

Qəsəbənin salınmasına Dövlət Neft Fondundan ayrılmış 21,304 milyon manat vəsait sərf edilmişdir. Qəsəbə elektrik və qazla tam təmin olunmuşdur.

Mərasim iştirakçıları yeni qəsəbədəki məktəbə baxmışlar.

Elə həmin gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevirdə məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikinti işlərinin gedişi ilə maraqlanmışdır.

Baş nazirin müavini tikinti sahəsini gəzmiş, inşaatçılara tapşırıqlarını vermişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 2.