Azərbaycanda enerji
sisteminin təhlükəsizliyi təmin edilib
Məqsədyönlü
enerji siyasətinin hər bir dövlətin milli təhlükəsizliyinin
təmin edilməsində necə mühüm əhəmiyyətə
malik olduğunu bilən Azərbaycan energetikləri öz
peşə bayramlarını ürəkaçan göstəricilərlə
qarşılayırlar. Onların həyata keçirdiyi
ardıcıl tədbirlər nəticəsində ölkə
son illərdə elektrik enerjisi idxalından azad olub,
enerjisistemin təhlükəsizliyi təmin edilib. Mövcud
stansiyalar modernləşdirilib, dünya standartlarına cavab
verən müasir qurğu və avadanlıqlarla təchiz
olunub.
Ölkəmizdə elektrik enerjisi sisteminin
inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Azərbaycana rəhbərlik etdiyi
bütün dövrlərdə ulu öndər respublikanın
energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin
inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə
misilsiz quruculuq işləri görmüşdür.
"Elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin
həll olunmasında xüsusi rol oynayır" - deyən
ümummilli liderin təşəbbüsü və bilavasitə
rəhbərliyi ilə 30 il ərzində ölkənin
energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri,
70 min kilometrə yaxın elektrik ötürücü xətləri
istifadəyə verilmiş və beləliklə, enerjisistemin
real imkanları iki dəfədən çox
artmışdır.
Ermənistan silahlı qüvvələrinin
təcavüzü nəticəsində respublika ərazisinin
20 faizinin işğal altına düşməsi Azərbaycanın
enerji sisteminə dağıdıcı təsir göstərmişdir.
50 MVt gücündə Tərtər SES, müxtəlif gücə
malik yarımstansiyalar, ümumi uzunluğu 5000 kilometrdən
artıq olan EVX işğal
altında qalmışdır.
1991-1992-ci illərdə yaranmış
çətin şəraitə baxmayaraq, ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə blokadada olan Naxçıvan
Muxtar Respublikasını elektrik enerjisi ilə təchiz etmək
üçün Naxçıvana Türkiyədən 154
kV-lik və İrandan 132 kV-lik yüksək gərginlikli
elektrik verilişi xətləri çəkilmişdir. Bundan əlavə,
64 MVt gücündə qaz-turbin tipli elektrik stansiyası istifadəyə
verilmişdir.
Dövlətin iqtisadi siyasətində
energetika problemləri, o cümlədən elektrik enerjisi sisteminin inkişaf etdirilməsi
həmişə ön plana çəkilir. Məhz bunun nəticəsidir
ki, "Yenikənd" SES-in tikintisinin başa
çatdırılması ilə yanaşı, "Mingəçevir"
SES-in, "Şimal" İES-in və
1 saylı Bakı İEM-in yenidən qurulması, enerji
ötürücü avadanlıq və yüksək gərginlikli
elektrik verilişi xətlərinin bərpası
üçün xarici investisiyalar cəlb edildi. Müəllifi ümummilli lider Heydər Əliyev
olan "Əsrin müqaviləsi"ndə, Xəzərin zəngin
neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə
digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin
icrası, həmçinin əsas istehsal obyektlərinin
Abşeron yarımadasında yerləşməsi burada yeni
generasiya güclərinin işə salınması zərurətini
yaratdı. Bu məqsədlə də Almaniyanın
"Bayerişe Landesbank Girosentrale" Bankının krediti
hesabına Bakı İEM-də hər birinin gücü 53,5
MVt olan iki qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq
Bankının krediti hesabına isə "Şimal" ES-də
400 MVt-lıq buxar qaz qurğusu istismara verilmişdi.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
sosial-iqtisadi inkişafı daha da sürətləndirmək
strategiyası ulu öndərin yaratdığı möhkəm
bünövrə üzərində Azərbaycanın güclənməsinə
və qüdrətlənməsinə yönəlmişdir.
Dövlət başçısının təşəbbüsü
və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri,
o cümlədən elektrik energetikası üzrə mükəmməl
proqramların işlənib hazırlanması və uğurla
icra edilməsi nəticəsində Azərbaycan iqtisadi
inkişaf sürətinə görə dünyada ön
mövqelərə yüksəlmişdir.
Dövlət başçısı Azərbaycanın
elektrik enerjisi sistemində mühüm islahatlar və
genişmiqyaslı quruculuq işləri həyata keçirir.
Milli enerjisistemin yeni inkişaf mərhələsi kimi dəyərləndirilən
bu dövr 2004-2008-ci və 2009-2013-cü illəri əhatə
edən, regionların sosial-iqtisadi inkişafına yönəldilən,
eləcə də 2005-2015-ci illərdə yanacaq-enerji
kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə
tutulan tədbirlərin, respublikada elektrik enerjisi təminatının
yaxşılaşdırılması sahəsində Prezidentin
göstəriş və tapşırıqlarının
uğurla yerinə yetirilməsi ilə əlamətdardır.
Bütün bunların nəticəsində ölkədə
ümumi gücü 1500 MVt-dən artıq olan 10 yeni elektrik
stansiyası istismara buraxılmışdır. Eyni zamanda
mövcud elektrik stansiyalarının yenidən qurulması nəticəsində
600 MVt əlavə güc artımı əldə
edilmişdir. Stansiyaların faydalı iş əmsalı
artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf
edilən şərti yanacağın miqdarı əhəmiyyətli
dərəcədə azalmışdır.
Hazırda strateji məqsədlərdən
biri də dünya təsərrüfat sisteminə ölkəmizin
maraqlarının gözlənməsi şərti ilə
inteqrasiyanın təmin olunmasıdır. Bu gün elektrik
enerjisi sistemində də bu məqsədlə müvafiq
işlər həyata keçirilir. Alternativ və bərpa
olunan enerji mənbələrindən geniş istifadə edilməsi
məsələsi bütün dünyanın diqqət mərkəzindədir.
Bu məsələ qlobal ekoloji problemlərin aradan
qaldırılması, ətraf mühitin qorunması baxımından
xüsusilə aktualdır. Azərbaycan Respublikası alternativ
və bərpa olunan enerji mənbələri ilə zəngindir.
Ölkədə bərpa olunan enerji mənbəyi kimi ilk
növbədə hidroenergetikanın inkişafı, o cümlədən,
kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən
qurulması prioritet təşkil edir.
İlkin hesablamalara görə, kiçik
su elektrik stansiyalarının nəzəri potensialı 28
milyard kilovat-saat təşkil edir. Ümumiyyətlə, Azərbaycanda
çaylar üzərində və su təsərrüfatı
obyektlərində orta hesabla 280 kiçik su elektrik
stansiyasının tikintisi mümkündür. "Azərbaycan
Respublikasında Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin
Tətbiqi ilə bağlı Əlavə Tədbirlər
haqqında" 16 noyabr 2009-cu il tarixli sərəncamın
icrası ilə əlaqədar "Azərenerji" ASC tərəfindən
ümumi gücü 16 MVt olan kiçik su elektrik
stansiyalarının inşası həyata keçirilməlidir.
Bütün bunlarla yanaşı, növbəti
illərdə 780 MVt gücündə "Cənub" istilik
elektrik stansiyasının, 25 MVt gücündə
"Füzuli" SES-in istismara verilməsi nəzərdə
tutulmuşdur. Eyni zamanda, "Şimal" elektrik
stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun,
gücü 385 MVt olan Böyükşor İES-in, 16,5 MVT-lik
Lerik ES-in tikintisinin, Mingəçevir və Varvara su elektrik
stansiyalarının yenidən qurulması işlərinin də
başa çatdırılması gözlənilir. Ümumiyyətlə,
2012-2015-ci illərdə nəzərdə tutulmuş layihələrin
həyata keçirilməsi nəticəsində enerji sistemində
əlavə 2000 meqavata yaxın güc əldə ediləcək.
Dövlət başçısı
generasiya güclərinin artırılması ilə
yanaşı, enerjisistemin lokomotivi sayılan elektrik enerjisinin
ötürülməsi sistemində və paylayıcı
şəbəkələrdə yeniləşmə proseslərinin
aparılmasını da diqqət mərkəzində
saxlayır. Hazırda bu istiqamətdə dinamik inkişaf davam
edir. Belə ki, iki dövrəli 220 kilovoltluq Mingəçevirdən
Abşerona elektrik verilişi xətti
və Ağdaşda yeni 220 kilovoltluq yarımstansiya tikilməkdədir.
Eyni zamanda 330 kilovoltluq Goranboy-İmişli xəttinin tikintisi
də davam etdirilir. "Şahdağ" qış-yay turizm
kompleksinin elektrik təchizatı üçün nəzərdə
tutulan 110 kilovoltluq "Ləzə"
yarımstansiyasının və 2 ədəd 110 kilovoltluq hava
xəttinin tikintisi və digər layihələr üzrə
işlər həyata keçirilir.
"2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nda "Azərenerji"yə aid olan layihələr
üzrə işlər uğurla davam etdirilir. Buna "Səngəçal-Müşfiq"
xəttinin tikintisini və "Müşfiq"
yarımstansiyasında üçüncü 250 MVA
gücündə avtotransformatorun
quraşdırılmasını, 220 kV-luq "Şimal
ES-Hövsan YS" hava xəttinin tikintisi, gücü 360 MVA
olan "Zabrat" yarımstansiyasının
inşasını və digər layihələri misal göstərmək
olar.
Bir sözlə, yaxın illər ərzində
elektrik enerjisinin ötürülməsi sistemində
planlaşdırılmış layihələrin həyata
keçirilməsi nəticəsində yeni transformatorların
ümumi gücü 4000 meqavoltamperə yaxın, 110-500 kV-luq
yeni xətlərin ümumi uzunluğu təqribən 1500
kilometr artacaqdır. Paylayıcı elektrik şəbəkələrinə
gəldikdə isə, bu xətlər 50-60 il bundan əvvəl
çəkilmişdir. Ötən dövr ərzində sahədə
müəyyən işlər görülməsinə baxmayaraq
paylayıcı şəbəkələrdə hələ də
bir sıra problemlər qalmaqdadır.
Prezident İlham Əliyevin Nazirlər
Kabinetinin 2012-ci ilin doqquz ayının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında qeyd etdiyi kimi,
paylayıcı xətlər bir çox hallarda istənilən
səviyyədə deyil. Dövlət başçısı
infrastruktur layihələri arasında elektrik xətlərinin
çəkilişi məsələlərinin də prioritet
olduğunu vurğulayaraq hökumətə bu məsələ
ilə bağlı kompleks tədbirlər görmək barədə
konkret tapşırıq vermişdir. İnvestisiya
Proqramında bölgələrin paylayıcı xətlərinin
bərpası, yenidən qurulması məsələsi də
ayrıca maddə ilə öz əksini tapacaq.
İstehlakçıların elektrik
enerjisinə olan tələbatının yüksək səviyyədə
təmin olunması daim diqqət mərkəzində
saxlanılır. Növbəti illərdə bütün
paylayıcı şəbəkələrdə yenidənqurma
işlərinin başa çatdırlması gözlənilir
ki, bununla da mövcud problemlər tamamilə aradan
qaldırılacaq. Ümumiyyətlə, elektrik enerjisi
sisteminin inkişafı üzrə həyata keçirilən
layihələr Azərbaycanın enerji təhlükəsizliyini
daha da möhkəmləndirməklə yanaşı, onun gələcəkdə
elektrik enerjisi ixracatçısı kimi regionda mühüm
bir ölkəyə çevrilməsinə imkan verəcək.
Etibar
PİRVERDİYEV,
"Azərenerji"
ASC-nin prezidenti
Azərbaycan.-2012.-
20 oktyabr.- S. 3.