2012-ci ilin doqquz ayında Sabunçu rayonunun sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələr müzakirə
edilmişdir
Dünən
Sabunçu Rayon İcra Hakimiyyətində rayonun 2012-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə
açan rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
geniş iclasındakı nitqindən irəli gələn məsələlər
barədə məlumat verərək hesabat dövründə
Sabunçu rayonunda görülən
işlərdən danışdı. A.Vəliyev
vurğuladı ki, istər Sabunçu rayonunda, istərsə
də respublikamızda
davamlı sosial-iqtisadi inkişaf dövlət
başçısı cənab İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Rayonun 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələr
haqqında Sabunçu Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Qəzənfər
Həsənov məruzə etdi. O bildirdi ki, doqquz ay ərzində
ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə
qoyulmuşdur ki, bunun da təxminən 70 faizi daxili
investisiyalardır. Burada özəl sektor da uğurla
iştirak edir. Bütövlükdə özəl sektor
ümumdaxili məhsulda öz yüksək çəkisini
saxlayaraq 83 faizə çatdırmışdır ki, bu da Azərbaycanda
bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olduğunu göstərir.
İqtisadi sahədəki inkişaf təbii
ki, insanların yaşayış səviyyəsinə də təsirini
göstərir. Cari ilin doqquz ayında əhalinin pul gəlirləri
12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır.
Göründüyü kimi, inflyasiya ilə əhalinin pul gəlirləri
arasında 10 faiz fərq var və bu da çox yaxşı
göstəricidir.
Azərbaycanda artıq orta aylıq əməkhaqqı
500 dollar, orta pensiya isə 190 dollar təşkil edir ki, bu da
MDB məkanında ən yüksək göstəricidir.
Məruzəçi sonra qeyd etmişdir
ki, hazırda rayon üzrə məşğul əhalinin
sayı 28748 nəfər, o cümlədən büdcə təşkilatlarında
çalışanlar 1018 nəfər, sənayedə 7625 nəfər,
tikintidə 1007 nəfər, nəgliyyatda 661 nəfər, təhsildə
5248 nəfər, səhiyyədə 4196 nəfər, digər
sahələrdə 899 nəfərdir.
2012-ci ilin 9 ayı ərzində məşğulluq
mərkəzində 971 nəfər vətəndaş iş
axtarmaq məqsədilə qeydə alınmışdır.
Onlardan 421 nəfəri işlə təmin olunmuşdur.
2012-ci ilin 9 ayı ərzində 2366 ailəyə
orta hesabla 125 manat olmaqla
ünvanlı dövlət sosial yardımı təyin
olunmuşdur. 278 nəfər şəhid, 7 Milli Qəhrəman,
5 nəfər 20 Yanvar şəhidlərinin ailələrinə,
51 nəfər I qrup, 376 nəfər II qrup, 59 nəfər III
qrup müharibə əlilinə Prezident təqaüdü,
1222 nəfərə kommunal xidmətlərə görə
müavinət, 7843 nəfərə sosial müavinət təyin
olunaraq ödənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq olunmuş "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
çərçivəsində ümumən nəzərdə
tutulmuş 16 sahəni əhatə
edən 801 bənddən 119 bəndi Sabunçu rayonunun qəsəbələrini
əhatə edir. 2011-ci və 2012-ci illərin doqquz ayı ərzində
həmin bəndlər uyğun tədbirlərdən 32-si
üzrə işlər başa çatdırılıb,
43-ü üzrə işlər davam etdirilir, 4-ü üzrə
isə layihə-smeta sənədlərinin tərtibatı və
digər hazırlıq işləri aparılmaqdadır. Qalan
14 bənd üzrə işlərin yerinə yetirilməsi
2013-cü ildə nəzərdə tutulmuşdur ki, artıq
onlardan da 1-də işlərin icrasına
başlanılmış, 1-də isə hazırlıq işləri
aparılır.
Dövlət proqramında nəzərdə
tutulan ən irihəcmli işlərdən biri təhsil sahəsidir
ki, burada da 52 bənd üzrə 3472 şagird yerlik 4 yeni məktəbin
tikintisi, mövcud 6 məktəbdə 2600 şagird yerlik 130
sinif otaqlarının tikintisi, 1 məktəbdə idman və
akt zalının tikintisi, 3 yeni
uşaq bağçasının tikintisi (iki yerdə 120
yerlik, bir yerdə isə 80 yerlik) və 43 təhsil obyektində
(orta məktəb, uşaq bağçası və peşə
məktəbləri binalarında) əsaslı təmir və
bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi
nəzərdə tutulmuşdur. Bunlardan 29-da artıq işlər
başa çataraq istifadəyə verilmiş, 5-də isə
işlər davam etdirilir. Qalan işlər 2012-ci və
2013-cü illərdə yerinə yetiriləcəkdir.
Qəzənfər Həsənov diqqətə
çatdırmışdır ki, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zabrat qəsəbəsində
yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli
50 yerlik ixtisaslaşdırılmış reabilitasiya və 50
yerlik sosial sığınacaq, eləcə də gözdən
əlillər üçün 4 mərtəbəli tədris
bərpa mərkəzlərinin tikintisinə
başlanılmışdır. Hazırda həmin obyektlərdə
işlər davam edir. Hər üç binada xəstələrin
sağlamlığının bərpası üçün əlavə
idman korpuslarının tikintisi də nəzərdə
tutulmuşdur.
Dövlət proqramı çərçivəsində
Gənclər və İdman Nazirliyi tərəfindən
Bakıxanov qəsəbəsinin Y.Əliyev küçəsində
3 mərtəbəli Gənclər evinin tikintisinə bu
yaxınlarda başlanmışdır.
Sabunçu-Maştağa avtomobil yolunun
Zabrat körpüsünə qədər olan məsafədə
əsaslı təmiri və asfalt örtüyünün
vurulması, ətraf sahələrdə abadlıq işlərinin
aparılması başa çatdırılmış, cari
ilin sentyabr ayının 27-də olkə Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə istifadəyə verilmişdir. Sabunçu qəsəbəsinin
Elşən Mehdiyev küçəsindən Bakıxanov qəsəbəsinə
qədər yolda da təmir işləri
tamamlanmışdır. Hazırda isə Y.Əliyev küçəsində, dəmiryolu
keçidindən Sabunçu körpüsünə qədər
yolun ətrafında yenidənqurma və abadlıq işləri davam etdirilməkdədir
ki, bunların da xeyli hissəsi icra hakimiyyəti tərəfindən həyata
keçirilir.
Ölkə Prezidenti İlham Əliyevin
ötən ilin aprel ayında Sabunçu qəsəbəsində
aparılan abadlıq işlərinin gedişatı ilə
tanış olmasını qeyd edən Q.Həsənov dedi ki,
sakinlərin müraciətini nəzərə alan ölkə
başçısı 12 saylı şəhər
poliklinikasının sökülərək yerində yenisinin
tikinisi üçün Prezident fondundan 2,0 milyon manat vəsait
ayrılması barədə sərəncam vermişdir.
Hazırda həmin obyektin ümumi tikinti işləri başa
çatmaq üzrədir.
"Yeniləşən Azərbaycanda
yeni məktəb" devizi altında Heydər Əliyev Fondu tərəfindən
Pirşağı qəsəbəsindəki 112 saylı məktəbin
köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli
tədris korpusunun tikintisi davam etdirilir.
Məruzəçi rayonda su təchizatı,
kanalizasiya, qazlaşdırma, istilik sistemi, elektrik enerjisi, rabitə
və başqa sahələrdə aparılan çoxsaylı
işlərdən də geniş söz açdı.
Yığıncaqda
çıxış edən rayonun bir sira idarə və təşkilatlarının
rəhbərləri son 9 ayda görülən işlərdən,
əldə olunmuş nailiyyətlərdən, həllini
gözləyən problemlərdən və onların aradan
qaldırılması yollarından söz açdılar.
Sonda rayon icra hakimiyyətinin
başçısı Adil Vəliyev yekun nitqi söylədi.
B.ƏZİZLİ
Azərbaycan $g
2012.- 20 oktyabr.- S. 4.