Prezident İlham Əliyevin qətiyyətli və dəyişməz mövqeyi Qarabağ bölgəsində böyük ruh yüksəkliyi yaradıb

 

 Prezident  İlham Əliyevin oktyabrın 7-də respublikanın bölgələrinə səfəri böyük ruh yüksəkliyi doğurmuşdur. Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına səfər edən dövlət başçısı regionda aparılan genişmiqyaslı abadlıq, tikinti, quruculuq işlərinin gedişi ilə tanış olmuş, sahibkarlığın sürətli inkişafının aydın göstəricisi olan bir çox istehsal və emal müəssisələrinin açılış mərasimlərində iştirak etmişdir. Öz fəaliyyətində dövlət gənclər siyasətinə həmişə böyük önəm verən respublika Prezidenti İlham Əliyev səfər çərçivəsində bölgə gəncləri ilə görüşə xüsusi yer ayırmışdır.

Tərtər şəhərində yüksək zövqlə inşa edilmiş "Gənclər evi"nin açılışında iştirak edən dövlət  başçısı gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, öz bilik və bacarıqlarını artırması, hər cür informasiyalar qəbul etməsi və ötürməsi, sosial şəbəkəyə çıxışa nail olması üçün burada yaradılan şəraitlə yaxından tanış olmuşdur. "Gənclər evi"nin konfrans zalında keçirilən tədbirə bölgə gənclərinin çoxsaylı təmsilçiləri qatılmışdılar. Ağdam, Bərdə, Tərtər, Naftalan və Goranboydan olan gənclərin iştirak etdiyi görüşdə sabahın qurucularını diqqətlə dinləyən, onların təklif və müraciətlərinə həssaslıqla yanaşan dövlət başçısı cəbhə bölgəsində yaşayan gənclərə tapşırıq və tövsiyələrini də verdi.

Gənclərlə görüşdəki söhbətlərində dövlət başçısı Qarabağ məsələsinə hələ də dünyada ikili standartlardan yanaşmanın mövcud olmasına baxmayaraq, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyinin dəyişməyəcəyini bir daha ortaya qoydu. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun beynəlxalq  hüquq normalarına uyğun qaydada əfv edildiyini bir daha vurğulayan Prezident bu məsələnin ermənilər və bəzi xarici dairələr tərəfindən bəhanə gətirilərək danışıqların pozulmasını əsassız saydı. Beynəlxalq aləmdə süni şəkildə şişirdilən Ramil Səfərov məsələsinə respublika Prezidenti İlham Əliyevin qətiyyətlə bildirdiyi birmənalı münasibət nəinki görüş iştirakçılarının, eləcə də bütün ölkə vətəndaşlarının ürəyindən keçənlərin aydın şəkildə ifadəsi idi. Prezident cəbhə xəttinin beşaddımlığında keçirilən görüşdə demişdir: "Bu, çox düzgün qərar idi və mən bir daha demək istəyirəm ki, əgər lap o vaxt bilsəydim ki, ermənilər və onların havadarları belə hay-küy qaldıracaqlar, yenə də mən Ramil Səfərovu Azərbaycana gələn kimi əfv edəcəkdim.

Azərbaycan öz zabitini Vətənə qaytardı. Ən vacib məsələ bundan ibarətdir. Ermənilər nə deyir-desinlər, bu, məni qətiyyən maraqlandırmır. Onların havadarları nə deyir-desinlər, bu, məni qətiyyən maraqlandırmır, mən bu bəyanatlara əhəmiyyət vermirəm və Azərbaycana edilən əsassız hücumların heç biri cavabsız qalmamışdır".

Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının dilindən səslənən bu qətiyyətli fikirlər ölkə gənclərində döyüş ruhunu yüksəltmiş, torpaqlarımızın işğaldan azad ediləcəyi günün yaxınlaşdığına, qələbənin tezliklə reallaşacağına olan inamı birəmin artırmışdır.

Səmimi notlar üzərində köklənən görüş bölgə gənclərinin həyata baxışlarında dünyagörüşlərində yeni səhifələr açmaqla yanaşı, yeni istiqamətlər də müəyyən etmişdir. Görüş iştirakçıları ilə, eyni zamanda, bölgənin ayrı-ayrı gəncləri ilə apardığımız söhbətlər bu tarixi tədbirin böyük siyasi və həyati əhəmiyyət daşıdığını bir daha təsdiq edir.

Amil Cavadov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri:

- Ərazisinin dörddəüç hissəsi 20 ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Ağdam rayonundanam. Görüşdə mən də çıxış etdim. Qarabağ problemi ilə bağlı  müraciətimə respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev diqqətlə yanaşdı. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində atdığı qətiyyətli addımlardan, dəyişməz və prinsipial mövqeyindən danışdı. Biz ağdamlı gənclər dövlət başçısının yeritdiyi müdrik siyasəti birmənalı şəkildə dəstəkləyirik. Qarabağın azadlığı uğrunda döyüşlərə atılmaq üçün Ali Baş Komandanın bir əmrinə müntəzirik. Yeri gəlmişkən qeyd edim ki, ağdamlı gənclər Ramil Səfərovun Prezident tərəfindən əfv edilməsini çox böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Bu cəsarətli və humanist addım gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə son dərəcə əhəmiyyətli təsir göstərmişdir. Görüşdən aldığım zəngin təəssüratı indi rayonumuzun gənclərinə çatdırır, sevincimi, fərəhimi həmyerlilərimlə paylaşıram.

Gülşən Orucova, Bərdə  şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi:

- Ömrümdə ilk dəfəydi ki, dövlət başçısını belə yaxından görürdüm. Prezident İlham Əliyevin səmimiyyəti görüşdə elə atmosfer yaratmışdı ki, ilk dəqiqələrdəki həyəcanım bir anda əriyib yox oldu. Söz alıb gənclərin sosial şəbəkələrdən necə istifadə etdikləri barədə fikirlərimi dövlət başçısına çatdırdım. Məni diqqətlə dinlədi. Eyni zamanda, son dərəcə dəyərli tövsiyələrini verdi. Bu,  bir həqiqətdir ki, gənclərimizin xeyli hissəsi sosial şəbəkəyə müxtəlif oyunlar, əyləncələr mənbəyi kimi baxır, böyük ideoloji təsir gücünə malik internetin əhəmiyyətini düzgün qiymətləndirmir. Müasir dövrün informasiyalar müharibəsində Azərbaycan gəncinin bu mövqeyi  yolverilməz, qəbuledilməzdir. Bu məsələyə ciddi münasibət bildirən Prezident İlham Əliyev dedi: "Sosial şəbəkələr vasitəsilə minlərlə, milyonlarla insan Azərbaycanla tanış ola bilər. Ona görə gənclərdən xahişim ondan ibarətdir  ki, sosial şəbəkələrdən bu məqsədlə istifadə etsinlər, öz ölkəsi ilə fəxr etsinlər, öz ölkəsi haqqında dolğun, dəqiq, qərəzsiz məlumat ötürsünlər. Bütün dünya da bilsin ki, insanların sərbəst, bütün xalqların nümayəndələrinin bir ailə kimi yaşadığı belə bir ölkə var - Azərbaycan". Dövlət başçısının biz gənclərə göstərdiyi yol aydın və son dərəcə doğrudur. Vətənini, xalqını, dövlətini və rəhbərini sevən müasir gəncliyin səmərəli və məqsədyönlü fəaliyyətinin istiqaməti məhz budur. İnanıram ki, biz bu yolla inamla irəliləyəcək, daha xoş günlərə, nurlu sabahlara qovuşacağıq.

Elvin Məmmədov, Tərtər rayonu Gənclər və İdman İdarəsinin rəisi:

- Bu görüşün Tərtərdə gerçəkləşməsini rayonumuzun gənclərinə göstərilən böyük etimad kimi dəyərləndiririk. Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri əhatə edən Dövlət  Proqramı ölkəmizdə uğurla həyata keçirilməkdədir. Biz gənclər dövlətin davamlı qayğısını gündəlik həyatımızda aydın hiss edirik. Ucqar cəbhə bölgəsi olan Tərtərdə belə möhtəşəm "Gənclər evi"nin tikilib istifadəyə verilməsi dövlətin ölkə gəncliyinə qayğı və diqqətinin bariz nümunəsidir. Respublika Prezidenti İlham Əliyevlə keçirilən unudulmaz tarixi görüş bizə çox şey verdi. Görüşdə dövlət başçısının səmimi söhbətləri, Azərbaycan gəncliyinə ünvanlanan tapşırıq və tövsiyələri fəaliyyət proqramımıza yenidən baxmağı, müasir dövrün spesifik xüsusiyyətlərini, mövcud reallıqları nəzərə almağı zərurətə çevirir. Cənab Prezident tükənməz enerjiyə malik ölkə gəncliyinə böyük ümidlə baxır. Biz bu ümidləri doğma Vətəni canımızdan artıq sevməyimizlə, biliyimizi, gücümüzü ölkənin başdan-başa yenidən qurulması uğrunda mübarizəyə sərf etməklə, Azərbaycanın dünyaya inteqrasiyası prosesində fəal  iştirakımızla doğrultmalıyıq.

Nərgiz Həsənova, Bərdə şəhər 8 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, respublikanın əməkdar müəllimi:

- Dövlət başçısının bölgələrə hər səfəri, təbii olaraq, yerli əhali üçün toy-bayrama, əsl el şənliyinə çevrilir. Biz oktyabrın 7-də son dərəcə fərəhli, unudulmaz bir gün yaşadıq. Respublika Prezidenti İlham Əliyevlə gülüstana çevrilmiş Bərdə şəhərinin mərkəzində dərin ağlı, zəkası ilə dünya fatehi İskəndəri mat qoymuş əfsanəvi Bərdə hökmdarı Nüşabənin adını daşıyan yeni salınmış parkda rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə mən də görüşdüm. Bərdənin xoş növrağına, gözəl görkəminə, bir-birini tamamlayan yaraşıqlı binalara, gözoxşayan park və meydanlara, başımız üzərində əzəmətlə dalğalanan uca bayrağımıza baxıb haqlı qürur duyan  mehriban və qayğıkeş Prezidentin keçirdiyi fərəh hissi onun təbəssüm süzülən üzündən aydın oxunurdu. Söhbətində görülmüş işləri yüksək qiymətləndirdi. Eyni zamanda, abadlıq, quruculuq işlərini daha böyük əzmlə davam etdirməyi, Azərbaycanın qədim tarixində xüsusi yeri olan Bərdəni ölkənin ən qabaqcıl şəhərləri sırasına çıxarmağı tövsiyə etdi. Dedi ki, Bakıya dönən kimi Bərdənin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün xüsusi sərəncam imzalayacağam. Həmişə verdiyi sözün sahibi olan Prezident elə səfərin sabahı günü vədinə əməl etdi. Bərdənin yeni yüksəlişi, tərəqqisi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması barədə sərəncam imzaladı. Bu tarixi səfərdən artıq bir neçə gün keçsə də, Bərdədə bayram ab-havası davam edir. Görüşün sabahı günü dərs dediyim sinifdə ilk dərsi Prezident İlham Əliyevin Bərdəyə səfərinə həsr etdim.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 9.