Gənc istedad Nurlan Əhmədov Beynəlxalq xeyriyyə

 festivalında səhnəyə tanınmış müğənni və

 bəstəkar Emin Ağalarov ilə birlikdə çıxmışdır

 

 Rusiyanın paytaxtı Moskva şəhərində "Belaya trost" III Beynəlxalq xeyriyyə festivalı keçirilmişdir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Nurlan Əhmədov festivalda çıxış etmişdir.

İdarənin mətbuat xidmətindən bildirmişlər ki, Diana Qurtskayanın rəhbərlik etdiyi zəif və ya tamamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilən festivalın əsas şərtlərindən biri dünya şöhrətli estrada ifaçısı ilə gözdən əlil iştirakçının birgə duet oxuması olmuşdur.

Azərbaycanı təmsil edən Nurlan Əhmədovun ən böyük arzusu reallaşmışdır. O, dünya şöhrətli həmvətənimiz Emin Ağalarov ilə birlikdə səhnəyə çıxaraq duet ifa etmişdir.

Çıxış bitdikdən sonra rus estradasının tanınmış nümayəndəsi, xeyriyyə fondunun rəhbəri Diana Qurtskaya və mərhum korifey sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya səhnə arxasına keçərək Nurlanın ifasını bəyəndiklərini bildirmiş, ona uğurlar arzulamışlar.

Həmyerlimiz Nurlan Əhmədov "Belaya trost" III Beynəlxalq xeyriyyə festivalının xüsusi diplomuna layiq görülmüşdür.

Bir çox dünya estrada ulduzlarının qatıldıqları bu festival xeyriyyəçilik məqsədi daşımışdır.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 10.