Ağrılı taleyi olan korifey
sənətkar
Azərbaycan milli
kino sənətinin görkəmli
nümayəndələrindən biri də
yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı
nümunəsi ilə seçilən əməkdar incəsənət
xadimi, kinorejissor Hüseyn Seyidzadədir. Korifey
sənətkarın yaradıcı irsi əsl
mənada böyük məktəbdir. Onun fəaliyyətinin dərindən
araşdırılıb öyrənilməsi bir
tərəfdən kino tariximizin
tədqiqi, digər tərəfdən xalqın mənəvi
yaddaşının yeni nəslə
çatdırılması baxımından xüsusi
əhəmiyyət kəsb edir. H.Seyidzadə
daim düşünən, axtarışda
olan rejissor idi. O, çəkdiyi filmlərin üzərində
yaradıcılıqla işləyir, hər kadra
məna verməyə çalışırdı. Belə
olmasaydı təbii ki, onun
filmləri ümumxalq məhəbbəti
qazanmazdı, kino tarixində özünə
layiqli yer tutmazdı.
Hüseyn Seyidzadə Azərbaycan kino tarixinə "Sovqat",
"O olmasın, bu olsun",
"Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür",
"Qaynana", "Var
olun, qızlar" və digər filmlər
bəxş etmişdir.
Bu günlərdə respublika
"Kitab" Cəmiyyətinin xəttilə
korifey sənətkarın zəngin və
ağrılı-acılı həyat yoluna
həsr edilmiş yeni
miniatür kitab
işıq üzü görmüşdür.
Kitabın müəllifi əməkdar incəsənət xadimi, kinoşünas,
yazıçı-publisist Aydın Kazımzadədir.
"İNDİQO" nəşriyyatında
buraxılmış 47x45 mm formatlı
"Hüseyn Seyidzadə-100.
Ağrılı taleyi olan
korifey sənətkar" adlı nəşr
nəfis poliqrafik tərtibatı ilə də
oxucuların diqqətini cəlb edir.
Görkəmli kinorejissorun 100 illik yubileyinə həsr olunmuş
306 səhifəlik miniatür kitabda böyük sənətkarın
həyatının ən əlamətdar, yaddaqalan
anları, hadisələri aydın, səlis publisistik
dildə, maraqlı üslubda oxuculara təqdim olunur. Hüseyn Seyidzadənin yaşadığı ömrün hər dövrü,
fəaliyyətinin əhatə dairəsi,
axtarışları, qazandığı uğurlar,
qayğıları, problemləri, insanlara
xeyirxah münasibəti, hər kəsə
xüsusi diqqəti, bir
sözlə, fədakarlıqla dolu hər
günü, hər anı öz
əksini tapıb.
Müəllif əsərə
başlamazdan əvvəl sənətkarın
yaradıcılıq irsini yüksək dəyərləndirərək
yazır: "Kinorejissorun həyatını
yanan, öz hərarəti,
işığı ilə möcüzələr yaradan gur ocağa
bənzədirlər. Hətta sənətkar
dünyasını dəyişəndən sonra
belə bu ocağın hərarəti kinorejissorun ilhamla
yaratdığı filmlərdə qorunub
saxlanılır, tamaşaçılara sevinc
bəxş edir". Əgər sənətkar
bu gün sağ olsaydı yenə də hüdudsuz,
tükənməz sənət yollarında inamla
addımlayar, bütün səyini, enerjisini, bilik və
bacarığını yaradıcılığa həsr edər,
filmlərini qorxunc və zəhmli qüvvələrin
hücumlarından qoruyardı.
Hüseyn Seyidzadə ağrılı bir tale
yaşamışdı. 1910-cu ilin
oktyabrında İrəvan şəhərində doğulmuşdu. Qanlı-qadalı, daşnak qırğını kimi
tarixə daxil olmuş
1918-ci ildə ailəsi əvvəlcə Tiflisə, sonra isə Bakıya köçmüşdü.
Bir müddət fəhləlik etmiş, 1928-ci ildə Bakı İşçi
Teatrının səhnəsində aktyor kimi fəaliyyətə
başlamışdır. 1929-cu ildə Leninqrada
(Sankt-Peterburq) göndərilmiş,
Dövlət Fəhlə Gənclər Teatrında təcrübə
keçmiş, 1930-cu ildə "Azərfilm"
kinostudiyasına gəlmiş və ömrünün
sonunadək burada
çalışmışdır. 1931-ci ildə Moskvada Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunda
oxuyarkən Mixail Romm,
Lev Kuleşov, Sergey Eyzenşteyn kimi görkəmli kino
ustalarından dərs almışdı. Qriqori
Aleksandrov, Vsevolod Pudovkin kimi
tanınmış kinorejissorların filmlərində rejissor assistenti, ikinci rejissor işləmişdir.
1936-cı ildə təhsilini başa vurub Bakıya qayıdan gənc mütəxəssis
"Bakılılar", "Bir ailə"
filmlərində dublyaj rejissoru,
rejissor assistenti kimi çalışmışdır.
1940-cı ildə
H.Seyidzadə Niyazi Bədəlovla birlikdə
"Ayna" bədii filmini
çəkməyə başlayır. Lakin
məlum olmayan səbəblərə
görə filmin çəkilişi qəflətən
dayandırılır... Kitabı oxuyarkən, böyük
sənətkarın yaradıcılıq fəaliyyətinə
bələd olarkən görürük ki, onun çəkdiyi bütün filmlərə hər addımda güclü maneələr, təzyiqlər edilir, müəyyən sədlər qoyulur. Lakin bütün bunlara baxmayaraq H.Seyidzadənin filmləri xalq tərəfindən sevilir,
rejissora böyük
şöhrət gətirir.
Sənətkarın
yaşadığı illəri mərhələlərlə,
ayrı-ayrı başlıqlar altında qələmə alan A.Kazımzadə
əsəri maraqlı bir süjet
üzərində quraraq görkəmli kino ustasının çəkdiyi filmlərin
taleyi barədə oxucuya
geniş məlumat verir,
hər birini təhlil edir,
münasibətini bildirir. O, Hüseyn Seyidzadənin şəxsində milli kinomuzun narahat, ziddiyyətli dövrü,
məqamları barədə söhbət açır, rejimin meydana
çıxardığı olayları epizodlarla
təsvir edir və arxiv
materiallarından istifadə edərək öz
qiymətini verir. Müəllif xüsusi qeyd edir ki, H.Seyidzadənin bir rejissor kimi
yetişməyində dahi Üzeyir
Hacıbəyli yaradıcılığının böyük rolu olmuşdur. Kitabın "Dahi
ömrü, milli sərvət
əbədidir" bölməsində məşhur "O
olmasın, bu olsun"
operettasının ekranlaşdırıldığı tarixi dövrdən zəngin faktlar
əsasında bəhs edilir. 1956-cı ildə
Bakının kinoteatrlarında "O olmasın, bu olsun" filmi nümayiş etdiriləndən
sonra ona qarşı tənqidi
münasibətlər meydana
çıxır. Bazarda qoçuların
davası, Rüstəm bəyin evindəki qalmaqal,
hamam səhnəsi və s.
nöqsan kimi göstərilir.
Lakin bütün bunlar nə filmin müvəffəqiyyətinə kölgə
salır, nə də onun ekran
ömrünü qısalda bilir. Hər dəfə bu
sənət əsərinə tamaşa edəndə
onun bütün
gözəlliyini, təravətini yenidən duyursan,
göz oxşayan rəngarəng
palitrasını bir daha
qiymətləndirirsən, komediyanın kinematoqrafik
ömrünü uzatmış dahi Üzeyir musiqisindən
həzz alıb mənən zənginləşirsən.
Hüseyn Seyidzadə daim
gur və narahat bir təlatümün içində idi. Onun kino
sənəti sahəsindəki problemlər barədə
yaşadığı illərin çərçivəsində
deyil, daha geniş miqyasda, hətta bu gün də özünü doğruldan
mülahizələri vardı. Müəllif kitabın
"Cavabsız qalan məktub" bölməsində
1959-cu ildə çəkilişinə başlanan
"Koroğlu" filminin
yaranma tarixi barədə
söhbət açır. Bu qəhrəmanlıq
kino-dastanı sənətkarın ikinci filmi idi. A.Kazımzadə
yazır ki, belə bir
qəhrəmanlıq dastanını ekrana
çıxarmaq, eyni zamanda
bədii kinomuzda ilk
genişekranlı film yaratmaq
H.Seyidzadənin cəsarətinin təzahürü olsa da, ssenari
Moskvada əsaslı dəyişikliklərə
məruz qaldığından çox şey itirmişdir. Bundan başqa, aktyor seçimi ilə
bağlı mədəniyyət nazirliyinə, kinostudiyanın
direktoruna rəsmi şəkildə
göndərilən məktublar da
cavabsız qalmışdı. Əgər kinonun
rəhbərləri məktubda yazılanlara ədalətlə
yanaşsaydılar yəqin ki, film bundan yalnız
qazanmış olardı.
Müəllif
"Azərbaycanın tarixi
keçmişinə müraciət" bölməsində rejissorun iki filmindən bəhs
edir: "Yenilməz batalyon"
və "Dəli Kür". Rejissor H.Seyidzadə
"Yenilməz batalyon"un çəkilişinə başlayarkən onun sənət yanğısı arxasında
kövrək bir istək gizlənirdi. O, bu filmi müəllimi S.Eyzenşteynin "Potyomkin"
zirehli gəmisi" kino
əsərinin davamı kimi görmək arzusunda idı. Bu belə
də oldu. Film istər
peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək
baxımından H.Seyidzadənin ən mükəmməl
işlərindən birinə çevrildi.
Lakin bu cür sənət əsərini yaradana qədər rejissor
böyük çətinliklərlə
qarşılaşdı. 1960-cı ildə bəyənilən
ssenari 1961-ci ildə istehsal
planından çıxarıldı. Böyük
mübarizələrdən, yazışmalardan, müraciətlərdən
sonra əsər yalnız 1965-ci ildə
"Yenilməz batalyon" adı
altında çəkilib ekranlara
buraxıldı.
"Dəli
Kür"ə gəldikdə 1969-cu ildə çəkilən
bu film Moskvada
təhvil verilərkən onun finalı məcburən
dəyişdirilmişdir. Bununla da sosial ziddiyyətləri
ailə-məişət çəkişmələri zəminində
vermək, çarizmin müstəmləkə
siyasətini ört-basdır etmək, milli
oyanış təzahürlərini göstərməmək məqsədilə
paytaxtın təzyiqi ilə çıxarılmış epizodlar H.Seyidzadənin təzadlı kino həyatında aldığı növbəti
zərbələrdən biri olmuşdur.
Rejissorun sonuncu filmi "Dəli Kür"dən doqquz il sonra
1978-ci ildə yaratdığı "Qaynana"
kinokomediyası idi.
H.Seyidzadə universal intellektli, işgüzar, zəhmətkeş bir istedad idi. Onun
yaratdığı filmlər
çox sınaqlardan
çıxsa da ənənəvi qiymətdən,
axından seçilən,
sıçrayışlı, sərbəstliyə nümunə
olan sənət inciləri idi. Sənətkarın ürəyindən
vətəndaş müharibəsinin
milli qəhrəmanı
"Qatır Məmməd",
"Dərviş Parisi
partladır", Xan qızı Natəvan haqqında filmləri çəkib kino tariximizə bəxş etmək keçirdi. Hətta bu filmlərin
çəkilişlərinə başlansa da, naməlum səbəblərdən
yarıda saxlanılırdı
və alınıb başqasına verilirdi. Özü deyirdi ki, insan dünyaya
ona görə gəlir ki, yaşasın, çalışsın,
nəyinsə naminə
mübarizə aparsın.
Xoşbəxt olsun. Amma mən anadan
olandan taleyimlə əlbəyaxadayam... Öz
gücünə arxayın
olan H.Seyidzadə tədricən onu haldan salan ürək
ağrılarına baxmayaraq
yaşayıb-yaratmaq eşqilə
hər gün doğma kinostudiyaya gəlib-gedərdi, işləməkdən
yorulmazdı. Bununla belə, xoşagəlməz
hadisələr, onun ünvanına deyilən haqsız iradlar H.Seyidzadəni hər addımda izləyir, işinə mane olurdu. Bir gün də
elə iclasda yenə də kəskin münaqişə
zamanı ona deyilən haqsız iradlara ürəyi dözmədi. Səhhəti
pisləşdi və
69 yaşında həyata
vida etdi.
Xalq tərəfindən
sevilən, əbədiyaşar
filmləri ilə şöhrət qazanan H.Seyidzadənin həyat məramı yaxşı düşünmək, xeyirli
işlər görmək,
böyük filmlər
yaratmaq, yurduna xidmət göstərmək
olub. O, öz xalqını həddindən
artıq sevirdi. Bunu bütün filmlərində aydın müşahidə edirik. Kinoşünas Aydın Kazımzadə böyük
sənətkarın yaradıcılıq
xronikasını əks
etdirən əsərdə
bir daha nəzərə çatdırmağa
çalışmışdı ki, sənətkar mübariz olanda, öz sənətinə hörmət və ehtiram bəsləyəndə
qarşılaşdığı çətinlikləri
dəf edir, istədiyini, qəlbində
yaşatdıqlarını xalqına verə bilir.
"Hüseyn Seyidzadə - 100. Ağrılı
taleyi olan korifey sənətkar" kitabı oxunaqlı və maraqlıdır. Burada təkcə insan haqqında faktlar, xronologiya sadalanmır. Müəllif
onları mənalandırır,
təhlil edir, gözəl üslubu, təhkiyəsi, publisist qələmi ilə oxucuya çatdırır.
100 nüsxə tirajla çap olunmuş miniatür kitabda 22 fotoşəkil yerləşdirilmişdir. Nəfis
tərtibatlı bu nəşr Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin sponsorluğu ilə çap olunmuşdur.
İradə ƏLİYEVA
Azərbaycan.-2012.-
20 oktyabr.- S. 11.