Elmin nurlu
yolları
Azərbaycan ədəbiyyatının və
milli mətbuatın tədqiqatçısı görkəmli
filoloq alim Nazim Axundovun yaradıcılığında
quruluş, dövr anlayışı demək olar ki, yoxdur.
Onun tədqiqatları bütün zamanlar üçün aktualdır.
Unudulmaz alimin ədəbi irsindən həmişə
faydalanmaq mümkündür. Yazıçı, tənqidçi,
pedaqoq, filologiya elmləri doktoru, professor Nazim Axundov haqqında
düşünəndə öncə xatırlanan onun
kitabları, bir də barəsində qələmə
alınan yazılardan süzülən ehtiram dolu sözlərdir.
Hələ 20 il öncə onu "elmin nurlu yolları ilə
mətin addımlayan bir alim
kimi" səciyyələndiriblər. Onu görmüşdüm.
Saçları bəmbəyaz idi. Bu ağlıqda bir qəribəlik
duyulurdu. Adama elə gəlirdi
ki, Nazim müəllim
zülmət qaranlıqda yola
çıxsa, hər tərəf işığa dönər.
Həm özü
işıqlı adam idi,
həm də saçlarının bəyazlığından
aləmə nur yağırdı. Mütəxəssislər
də, qələm dostları da, tələbələri
də Nazim Axundovu daxili aləmi çox zəngin
olan əsl ziyalı kimi
ömür sürdüyünü
danışırlar. Gərgin və
müntəzəm çalışırdı. İşinə
o qədər böyük
sevgi və şövqlə
yanaşardı ki, nəticədə bütün araşdırmaları səmərəli
olardı. Çox cəfakeş, fədakar
tədqiqatçılardan sayılırdı. O, sözün əsl mənasında alim idi. Əsas məziyyətlərindən
biri də məhz alimliyi
ilə insanlığının vəhdət təşkil etməsi
olardı. Bu səbəbdən də
hamı onu çox
sevər, hörmətini saxlayar, ehtiram göstərərdi.
O, 1924-cü ilin yayında Şuşa
şəhərində ziyalı ailəsində anadan olub. Doğma şəhərdə
ibtidai təhsil aldıqdan sonra
Bakıda pedaqoji məktəbə daxil olan Nazim
Axundov sonralar APİ-nin filologiya
fakültəsində oxudu. 1937-ci ilin repressiyaları ölkəni bürümüşdü. Hər səhər
ali məktəb auditoriyasına daxil olanda Nazim
Axundov sevimli müəllimlərinin
bir-bir "yox"a çıxmasının şahidi olurdu.
Ağır dövr idi.
Repressiya ac qurd kimi caynaqlarını
elə işə salmışdı ki, Azərbaycanın
say-seçmə övladları bir-bir güdaza gedirdi.
Əmək
fəaliyyətinə Tərtər rayonunun
kənd məktəblərində müəllim kimi başlayan Nazim Axundov növbəti bir amansızlığın da
şahidi oldu. İkinci Dünya
müharibəsi başladı. Bir vaxt ona dərs deyən
müəllimlər qəfləti gedər-gəlməzə
yollanırdı. İndi də iş
yoldaşları müharibəyə gedirdi.
O zaman Nazim Axundovun 16 yaşı vardı. Ən gənc
müəllim idi. Bütün
ağırlıq onun çiyinlərinə
yüklənirdi. Çalışırdı ki,
şagirdlər məktəbdən yayınmasınlar, dərslərinə
müntəzəm davam etsinlər. Çox sonralar o illəri xatırlayan pedaqoqlar
etiraf etdilər ki,
müharibə illərində tərtərli uşaqların təhsilində,
təlim-tərbiyəsində Nazim Axundovun böyük əməyi
olub. Elmə marağı onu
yenə Bakıya gətirib. Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun
aspiranturasını bitirən Nazim Axundov "Molla Nəsrəddin"
jurnalı tarixinin tədqiqi" mövzusunda dissertasiya
müdafiə edərək elmlər namizədi adını
aldı. Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından
sayılan Nazim Axundov
tutarlı fakt və dəlillərlə
"Molla Nəsrəddin"
jurnalının bir sıra Yaxın Şərq
ölkələrində geniş
yayılmasında və böyük nüfuz qazanmasında əsas amil
kimi rəsmlərdən, karikaturalardan
ilk dəfə olaraq dəyərli
məlumat verdi. Həmin vaxta
qədər Azərbaycan mətbuat və ədəbiyyat
tarixinə məlum olmayan onlarca
arxiv sənədinin tədqiqata cəlb
olunması onun dissertasiyasının elmi məziyyətini artırdı. Görkəmli
ədəbiyyatşünas alim Kamran Məmmədov yazırdı: "...Nazim öz elmi
əsərində "Molla Nəsrəddin"
jurnalını ətraflı tədqiq etmişdir.
O, jurnalın rus və dünya
klassik ədəbiyyatı ilə, Nizami, Füzuli, Mirzə Fətəli
Axundov kimi böyük simalarla
yaxın münasibətdə olduğunu dəlil
və sübutlarla göstərmişdir. Nazim elmə yiyələnmiş, kamilləşmiş
xoşbəxt adamlardan biridir".
Ömrünü elmi
axtarışlarda, arxivlərdə keçirən Nazim Axundovun ilk monoqrafiyası 1959-cu ildə işıq üzü gördü.
"Molla Nəsrəddin"
jurnalının nəşri tarixi adlanan bu qiymətli elmi əsər 40 min tirajla çap edildi. Qürur doğuran və fərəhli haldır ki, o, mətbuat tariximizin öyrənilməsində ilk qaranquşlardan
sayılır. Sonrakı illərdə də Nazim Axundovun "Azərbaycanda
dövri mətbuat", "Azərbaycan satira jurnalları", "Azərbaycan mətbuatının
ilki ("Əkinçi"-100)",
"Azərbaycan dövri mətbuatı (biblioqrafiya)", "Hümmət" qəzetinin
izahlı biblioqrafiyası", "Sənədlərin dili ilə", "Üzeyir
Hacıbəyov" və s. kitabları mətbuat
tariximizin öyrənilməsində, ətraflı
tədqiqində böyük rol oynadı.
Nazim Axundovun tədqiqatında
böyük Azərbaycan şairi
Səməd Vurğunun həyat və
yaradıcılığı da mühüm yer tutur. O, bu unudulmaz
şair haqqında silsilə məqalələrin,
elmi biblioqrafiyanın müəllifidir. Eyni zamanda Səməd Vurğunun altı cildlik akademik nəşrinə izah
və biblioqrafiyanı da Nazim
Axundov yazmışdır. Bu,
təkcə şairin
yaradıcılığını yox, həm
də ümumiyyətlə o dövrki Azərbaycan ədəbiyyatını
öyrənmək baxımından ən yaxşı və
etibarlı mənbələrdən biri
sayılır.
Nazim Axundov əsasən iki sahənin
araşdırılmasında çox böyük zəhmət
çəkib. O, həm mətbuat tariximizin, həm də ədəbiyyatımızın
ən yaxşı və cəfakeş tədqiqatçılarındandır.
Bəzən də çətinlik çəkirsən ki,
hansı sahədə Nazim Axundov daha üstün idi.
Çünki bu iki sahə onun
yaradıcılığından paralel xətt kimi keçir.
Yaradıcılığının bu iki qanadı, demək
olar ki, eyni ahənglə və mükəmməl şəkildə
inkişaf edib. Uzun müddət elmi-ədəbi fəaliyyətinin
nəticəsi olan "Nizaminin epoxası", "Mirzə Fətəli
Axundov", "Mirzə Ələkbər Sabir", "Məmməd
Səid Ordubadi", "Cəfər Cabbarlı" kimi
sanballı əsərləri, bir çox biblioqrafik
kitabları ilə Azərbaycan ədəbiyyatşünaslığını
zənginləşdirən Nazim Axundov yorulmazlığı,
işinə bağlılığı, sənət və
millətsevərliyi ilə hamının hörmətini
qazanmışdır. Onun elmi ictimaiyyət və həmkarları
arasında böyük nüfuzu və hörməti vardı.
Onu bir pedaqoq kimi tələbələri də sevirdilər.
Onun haqqında mətbuat səhifələrində
dərc edilmiş yazıları vərəqlədikcə
maraqlı fikirlərə rast gəldik. Mirzə İbrahimov,
Mir Cəlal, Ziyəddin Göyüşov, Cəfər Xəndan
və onlarca başqaları alimin
yaradıcılığına yüksək qiymət verərək
Nazim Axundovu Azərbaycan ədəbiyyatşünaslığının
bel sütunlarından biri hesab etmişlər.
Nazim Axundovun 1991-ci ildə çap
edilmiş "Qarabağnamələr" adlı kitabı
unudulmaz professorun doğma vətəninin tarixinə aid
faktlarla zəngindir. Təəssüf ki, məhz bu kitabın
nəşrindən bir il sonra onun doğulduğu Şuşa
şəhəri ermənilər tərəfindən
işğal edildi. Yaşının ahıl
çağında vətən itkisi ona çox ağır təsir
etdi. Şuşanın əldən getməsi onun
ömrünün də son nöqtəsi oldu. Gəlini Bəsti
xanım Sevdiyevanın (tanınmış xanəndə)
göz yaşları ilə söylədiyi bu sözlər
bizi riqqətə gətirdi: "Nazim müəllim gümrah,
həyat eşqli, daim yazmaqdan, yaratmaqdan bezməyən, ürəyi
arzularla dolu olan ağırbatman, zabitəli bir kişi idi.
Şuşanın işğalı onu birdən-birə
qocaltdı, rəngini-rufunu dəyişdirdi. Səsi titrəyirdi,
gözləri eləcə yol çəkirdi. Mənim illər
boyu tanıdığım Nazim müəllim iki ilin
içində çox dəyişdi. Elə
"Şuşa" deyə-deyə də gözlərini əbədi
yumdu. Dünyada ən böyük arzum budur ki, Şuşa
alınan günü o yeddi dolamanı qalxıb Cıdır
düzündə üzümü dağlara, daşlara tutub
"Qarabağ şikəstəsi" oxuyum. Onun övladı,
gəlini, nəvələrinin anası kimi bu borcun
ağırlığı məni sıxır. Əgər
Şuşaya getməsək, o yerləri
qarış-qarış dolanmasaq, Nazim müəllimin ruhu
rahatlıq tapmaz".
...O günün tezliklə gələcəyinə,
şuşalıların doğma şəhərə dönəcəkləri
günə inanırıq. Təkcə Nazim Axundovun ruhu narahat
deyil ki?! Şuşadan pərvazlanmış yüzlərlə
sənət adamının, mədəniyyət xadiminin, elmin
müxtəlif sahələrində zirvələr fəth edən
şəxsiyyətlərin ruhu o yerlərdə dolaşır.
Başı dumanlı dağların bəxtinə gün
doğacaq, karvanlar yola düzüləcək. Bir səhər
Günəşə üz tutub "Ya Allah, yolumuz
Şuşayadır" deyəcəyik! "Heyratı"
üstündə muğamlarımızın qanadından tutub
birağırzdan səslənəcəyik:
- Gedək üzü Şuşaya! Bu, nə
yuxu olacaq, nə də xəyal! Bu, bizim vətən həsrətindən
dərd bağlamış ürəyimizə sevinc notları
gətirəcək bir müjdə olacaq! Bir-birimizə
gözaydınlığı verəcəyik, bir-birimizdən
şirinlik istəyəcəyik! Gözün aydın,
Şuşa! Övladların yola düzəlib gəlir! Bu xəbərin
qanadlanacağı, ellərə yayılacağı günə
isə min qurban demişik. Bax, o gün - o müqəddəs
qalibiyyət günü Şuşa dağlarının
başından duman çəkiləcək, yollarında toz
qopacaq. Nazim Axundov kimi alimlərin də ruhu məhz o zaman dincələcək
- biz Şuşaya qayıdanda!..
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.- 20 oktyabr.-
S. 11.