Yaxşılıq itmir

 

İllər necə də tez ötüb keçir. Taleyin ona bəxş etdiyi ömrü yaşayan insan körpəlikdən uşaqlığa, uşaqlıqdan yeniyetməliyə, gəncliyə, nəhayət ahıllığa doğru bəzən sevincli, bəzən də kədərli günlər yaşamalı olur. Bəlkə də həyatın mənası elə bundadır.

Ana təbiətin bərəkətli qızıl payız fəslində - 1942-ci il oktyabr ayının 20-də Bakıda dünyaya göz açmış Fuad Əliyevin 70 yaşı tamam olur. Bütün ömrü boyu gənclik həvəsi və ehtirası ilə çalışan, həyatın mənasını, məqsədini xalqa, Vətənə xidmətdə görən bu nəcib, xeyirxah insanın yaşadığı ömür yolu  gənclərə nümunə ola bilər.

Əmək fəaliyyətinə 1960-cı ildə fəhlə kimi başlayan F.Əliyev öz işinə daim məsuliyyətlə yanaşmış, kollektiv üzvlərinin, gənclərin rəğbətini, etimad və hörmətini qazanmışdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirdikdən sonra o, Elmi-Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi çalışmış, sonra Bakı Ali Partiya Məktəbini bitirmiş, hərbi xidmət müddətini başa çatdırdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyi sistemində mühəndis-torpaqşünas vəzifəsində işləmişdir.

Bacarıqlı təşkilatçı F.Əliyevin həyatında ən önəmli, yaddaqalan hadisə 1968-1973-cü illərdə komsomolpartiya orqanlarında rəhbər vəzifələrə təyin edilməsi olmuşdur. O, Azərbaycan komsomolu Mərkəzi Komitəsində təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, partiyanın Mərkəzi Komitəsində kənd təsərrüfatı şöbəsinin təlimatçısı və inspektoru kimi çalışmışdır.

Öz işinə böyük məsuliyyət hissi ilə yanaşan, həm özünə, həm də tabeliyindəki işçilərə tələbkar olan F.Əliyevin təşkilatçılıq və idarəçilik fəaliyyətinin ən səmərəli dövrü 1980-1988-ci illərdə Salyan Rayon Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifəyə irəli çəkildiyi günlərdən başlayır. Həmin dövrdə Salyan rayonunun kənd təsərrüfatı, sənayesi, tikinti-quruculuğu, mədəniyyəti, milli-mənəvi dəyərlərə söykənən uğurları geniş vüsət almış, nümunə timsalına çevrilmişdir.

Ulu öndər, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev Salyana etdiyi bütün səfərlərində rayon əməkçilərinin qazandıqları müvəffəqiyyətlərdən dərin razılıq hissilə söhbət açaraq onu yüksək qiymətləndirmişdir.

F.Əliyevin Salyana rəhbərliyi dövründə rayonun iqtisadiyyatı ildən-ilə inkişaf etmiş, kənd təsərrüfatının bütün sahələrində uğurlar qazanılmış, bir sıra yeni binalar, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və digər tikililər inşa edilmiş, əhalinin sosial rifahı xeyli yüksəlmişdir. Həmin illər kadrların işgüzarlıq, bacarıq və qabilyyətinə görə seçilib irəli çəkilməsinə də diqqət və qayğı əhəmiyyətli dərəcədə artmışdır.

F.Əliyev sonrakı illərdə çalışdığı Azərbaycan Sahibkarlıq İşçiləri Həmkarlar İttifaqında, Elm İstehsalat Müəssisələri Həmkarlar İttifaqı Komitəsində,  Mərkəzi Seçki Komissiyasında da səmərəli fəaliyyət göstərmişdir.

Fuad Əliyev Azərbaycanın ictimai-siyasi həyatında da yaxından iştirak etmişdir. O,  iki çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, seçicilərinin hörmətini qazanmışdır. Bütün bunlar Salyan rayonunun sosial və mədəni inkişafında olduqca əhəmiyyətli rol oynamışdır.

F.Əliyevin səmərəli fəaliyyəti, Vətən, xalq qarşısındakı xidmətləri yüksək qiymətləndirilmişdır. O, "Şərəf nişanı" ordeni, "Əmək rəşadətinə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.

Salyan əhalisinin rəğbət bəslədiyi bu insan uzun illər rayona bacarıqla rəhbərlik etdiyi kimi, bu gün də onların işindən, fəaliyyətindən vaxtaşırı xəbər tutur. Bu günlər Azərbaycanın ən qədim bölgələrindən olan Salyanın 2 min 800 illik tarixi yubileyi və Müstəqillik Günü münasibətilə keçirilən tədbirə F.Əliyev də gəlmişdi. Toplantıya qatılan salyanlılar onu hədsiz sevinclə, məhəbbətlə qarşılamışlar.

 

Doğrudan da yaxşılıq itmirmiş.

 

 

 Seyran CAVADOV

 

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 11.