İslam Əməkdaşlıq
Təşkilatına üzv olan ölkələr arasında
qarşılıqlı dəstək və anlaşma qurumun fəaliyyətini
daha da gücləndirir
Bu fikri Prezident İlham Əliyev
İƏT-in Bakıda keçirilən XII zirvə
toplantısında bildirib
Azərbaycan diplomatiyasında
dünya siyasətinə
mühüm təsir imkanları olan müsəlman dövlətləri
ilə ikitərəfli
əməkdaşlıq münasibətlərinin
yaradılması prioritet
istiqamətdir. Dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə
bir-birinə bağlı
olan müsəlman ölkələrinin uğurlu
birlik modeli kimi özünü təsdiqləyən, beynəlxalq
münasibətlər sistemində
xüsusi çəkiyə
malik olan İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) ilə birgə fəaliyyət bu baxımdan xüsusilə mühüm əhəmiyyət
kəsb edir. Azərbaycan təşkilatla
qarşılıqlı faydalı
münasibətlər qurmaqla
ümummilli maraqlarını
daha geniş coğrafi arealda müdafiə etmək, üzləşdiyi bir sıra problemləri beynəlxalq birliyə çatdırmaq baxımından
əlverişli tribuna
qazanıb.
İƏT-in əsas məqsədi müsəlman
aləmini birləşdirərək
həmrəyliyi təmin
etmək, dövlətlər
arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı
gücləndirmək, müsəlman
xalqların mənafelərini,
milli hüquqlarını,
müstəqilliyini qorumaq
üçün səmərəli
fəaliyyət göstərməkdir.
Bu mötəbər beynəlxalq
təşkilata üzvlük
Azərbaycanın beynəlxalq
əlaqələrini və
dünya birliyindəki
mövqelərini möhkəmləndirməklə
yanaşı, ölkəmizə
islam aləminin mənəvi, siyasi və iqtisadi dəstəyindən yararlanmaq
imkanı verir. Keçmiş sovet respublikaları arasında
birinci olaraq məhz Azərbaycan təşkilata üzvlük
üçün müraciət
etmiş və bu istəyini gerçəkliyə çevirmişdir.
İƏT ilk gündən yenicə müstəqillik
qazanmış respublikamızın
problemlərinə həssaslıqla
yanaşmış, 1992-ci ilin
martında Ermənistanın
təcavüzkarlıq siyasəti
ilə bağlı
ilk bəyanatla çıxış
etmişdir. Təşkilatla
Azərbaycan arasında
sistemli və ardıcıl mahiyyət kəsb edən əməkdaşlıq münasibətlərinin
qurulması isə
1993-cü ilin ortalarına
təsadüf edir.
Ümummilli lider
Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra müsəlman dövlətlərinin nüfuzlu
təşkilatı olan
İƏT ilə münasibətlərin
genişləndirilməsinə mühüm önəm verərək bunu xarici siyasətdə vacib istiqamətlərdən
biri kimi müəyyənləşdirdi. Təşkilatın Malayziyanın
Putraçiya şəhərində
keçirilmiş X konfransında
Ermənistanın Azərbaycana
təcavüzünün aradan
qaldırılması ilə
bağlı kəsərli
qətnamə və bəyanatlar qəbul olunmuş, BMT-nin münaqişə ilə bağlı qətnamələrinin
yerinə yetirilməsi
tələb edilmişdir.
İƏT dövlət və
hökumət başçılarının
Putraçiyada keçirilmiş
X zirvə toplantısının
qəbul etdiyi qətnamələr təşkilatla
Azərbaycan arasında
genişmiqyaslı əlaqələrə
təkan vermişdir. Həmin toplantıda "Azərbaycan Respublikasına
iqtisadi yardım göstərilməsi haqqında"
qətnamə qəbul
edilmiş, Ermənistanın
Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
və digər bölgələrinin işğalı,
bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayiət olunan əməlləri pislənilmişdir.
Putraçiyada keçirilmiş zirvə
toplantısında həmçinin
"Ermənistanın təcavüzü
nəticəsində Azərbaycan
Respublikasının işğal
olunmuş ərazilərində
islam tarixi və mədəniyyəti
abidələrinin məhv
edilməsi və dağılması haqqında"
qətnamə qəbul
olunmuşdur. Geniş
preambuladan və yeddi bənddən ibarət bu qətnamədə işğal
edilmiş ərazilərimizdəki
mədəni və tarixi abidələrin dağıdılmasına kəskin
etiraz bildirilmişdir.
Prezident İlham
Əliyev müsəlman
dövlətlərinin nüfuzlu
birliyi olan İƏT ilə əlaqələrin
daha da genişləndirilməsinə
xüsusi diqqət yetirir. Ötən 9 ildə Azərbaycanla İslam Əməkdaşlıq
Təşkilatı ölkələri
arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın
genişləndirilməsi istiqamətində
mühüm addımlar
atılıb. İƏT-in 2009-cu ildə Bakını "İslam mədəniyyətinin
paytaxtı" elan etməsi humanitar sahədə ikitərəfli
əməkdaşlığın yüksək səviyyədə
qurulduğunu göstərir.
Respublikamızın müsəlman
dövləti kimi islam dəyərlərinə
hörmətlə yanaşması,
eyni zamanda tarixi ənənələrini
qoruyub saxlaması bu əməkdaşlıq
üçün ciddi
zəmin yaradır. Bakıda 2009-cu il noyabrın 6-7-də "Dinlərarası
dialoq: qarşılıqlı
anlaşmadan birgə əməkdaşlığa doğru"
mövzusunda keçirilən
beynəlxalq konfrans da Azərbaycanın dinlərarası dialoqun inkişafına böyük
töhfələr verdiyini
bir daha təsdiqlədi.
İƏT-ə üzv
dövlətlərin bu
günlərdə Bakıda
keçirilən XII zirvə
toplantısı da əməkdaşlığın
bariz nümunəsi kimi diqqəti çəkir. Zirvə toplantısında İƏT üzvü
olan ölkələr
dövlət başçıları,
bir sıra ölkələrin isə
hökumət rəhbərləri
və parlament sədrləri ilə təmsil olunmuşlar. Budəfəki toplantıda
növbəti müddətə
sədrlik Türkiyədən
Azərbaycana keçdi.
Tədbirdə təşkilatın
fəaliyyətinin daha
da genişləndirilməsi,
quruma üzv olan ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, müsəlman
dünyasının bir
sıra aktual problemləri və digər vacib məsələlər ətrafında
müzakirələr aparıldı.
Zirvə toplantısında
dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev təşkilatın
beynəlxalq münasibətlər
sistemində mövqelərinin
getdikcə möhkəmlənməsini,
baş verən proseslərə təsir imkanlarının artmasını
xüsusi razılıqla
vurğulamış, müsəlman
dövlətləri arasında
dini, siyasi, tarixi-mədəni əlaqələrin
gücləndirilməsi zərurətindən
söz açmışdır.
Dövlət başçısı
bildirmişdir: "Bizim
zirvə görüşümüz
çox əlamətdar
tarix ərəfəsində
baş verir. 1992-ci ilin noyabrında ECO-ya yeni 7 üzv
daxil olmuşdu. Onlardan biri də
Azərbaycan idi. Demək olar ki, o vaxtdan bu
günə qədər
təşkilatın yeni
dövrü başlamışdır.
Azərbaycan öz tərəfindən bütün
dövrlərdə ECO təşkilatının
fəaliyyətinə böyük
önəm vermişdir
və biz hesab edirik ki, ECO-nun uğurlu fəaliyyəti bütün üzv ölkələrin marağındadır.
Çünki bizi həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir.
Ortaq tarixə
gəldikdə, deyə
bilərəm ki, xalqlarımız əsrlər
boyu bir yerdə olmuş, yaşamış, yaratmışlar,
bir-birinə daim dayaq olmuşlar. Təşkilatımızın bu
tarixi irs üzərində formalaşması,
hesab edirəm ki, çox əlamətdar hadisədir.
Bizi ənənələrimiz,
dinimiz - müqəddəs
islam dini birləşdirir və biz
çalışırıq ki, islam mədəniyyətinin
təbliği üçün
öz səylərimizi
göstərək. 2009-cu ildə
Bakı şəhəri
"İslam mədəniyyətinin
paytaxtı" elan edilmişdi və biz bu şərəfli missiyanı uğurla yerinə yetirdik. 2018-ci ildə isə Azərbaycanın digər
qədim şəhəri
- Naxçıvan şəhəri
"İslam mədəniyyətinin
paytaxtı" olacaqdır.
Bu, islam dünyasının
bizə olan böyük etimadının
və hörmətinin
əlamətidir".
Azərbaycanın ECO-ya üzv olan
ölkələrlə ticarət
dövriyyəsi 2011-ci ildə
38 faiz, 2012-ci ilin 9 ayında 20 faiz artmışdır.
Bu fakt onu göstərir ki, Azərbaycanın təşkilata
üzv olan ölkələrlə iqtisadi
sahədə də əlaqələri uğurla
inkişaf edir. Zirvə görüşündə
quruma üzv ölkələrin mövcud
iqtisadi potensialından
daha geniş istifadə olunmasının
vacibliyi də önə çəkildi.
Təşkilata üzv
ölkələr arasında
ticarət dövriyyəsinin
daha da artırılması
məsələsinin xüsusi
qeyd olunması perspektivdə mühüm
nəticələrin əldə
olunacağına əminlik
yaradır. Prezident İlham Əliyev İƏT-ə
üzv ölkələr
arasında iqtisadi sahə ilə yanaşı, siyasi münasibətlərin də
uğurla inkişaf etdiyini bildirib: "Təşkilata üzv ölkələr arasında
siyasi əlaqələr
də yüksək səviyyədədir. Biz beynəlxalq
təşkilatlarda bir-birimizi
qarşılıqlı surətdə
dəstəkləyirik. Keçən
il təşkilata üzv olan ölkələrin
fəal iştirakı
və dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına
üzv seçilmişdir.
Bu fürsətdən istifadə
edərək bizi dəstəkləyən bütün
qardaş ölkələri
qeyd edirəm, onlara minnətdarlığımı
bildirmək istəyirəm.
Azərbaycan da öz növbəsində
ECO-ya üzv olan ölkələrin milli maraqlarının müdafiəsi üçün
bütün beynəlxalq
arenalarda fəal iştirak edir. Qarşılıqlı dəstək
və qarşılıqlı
anlaşma, əlbəttə
ki, təşkilatımızı
da gücləndirəcəkdir".
İƏT-in Bakıda keçirilən
XII zirvə toplantısı respublikamızın regionda
sivilizasiyalararası dialoqun başlıca mərkəzinə
çevrildiyini bir daha sübuta yetirdi. Bu baxımdan
respublikamız Şərqlə Qərb arasında
sivilizasiyalararası dialoqun qurulmasında da yaxından
iştirak etmək imkanlarına malikdir. Bütün bunlar isə
İƏT-in Azərbaycanla genişmiqyaslı əməkdaşlığa
marağını daha da artırır.
Elnur HACALIYEV
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 1.