Haluk İPEK: Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olacaqdır

 

 Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının baş katibi, deputat Haluk İpek AzərTAc-a müsahibəsində bildirmişdir ki, Türkiyə tarixin bütün dövrlərində Azərbaycanın mənafelərini üstün tutmuş və hər zaman qardaş ölkənin yanında olacaqdır.

H.İpek Türkiyə Böyük Millət Məclisinin (TBMM) ötən çağırış heyətində Azərbaycan ilə dostluq qrupunun sədri olduğu dörd ildə azərbaycanlı həmkarları ilə Dağlıq Qarabağ probleminin həllində xalqımızın ədalətli mövqeyinin müdafiə edilməsi, Xocalı soyqırımının dünyada tanıdılması, qondarma "erməni soyqırımı" iddialarına qarşı mübarizə aparılması istiqamətində mühüm işlər gördüklərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, onun TBMM-də Xocalı soyqırımı haqqında etdiyi ilk çıxışdan sonra deputatlar hər il bu məsələyə daha çox diqqət ayırmağa başladılar. Bu proses daha fəal davam etdirilməli, istər Türkiyə parlamenti, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın maraqları güclü şəkildə müdafiə olunmalıdır.

H.İpek, həmçinin vurğulamışdır ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, regionda mühüm mərkəzə çevrilməsi, dünya miqyaslı tədbirlərə ev sahibliyi etməsi Türkiyəni sevindirir. Baş nazir Rəcəb Tayyib Ərdoğan, hökumət üzvləri, deputatlar, mətbuat nümayəndələri bu ay İkinci Bakı Beynəlxalq Humanitar Forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısını ən yüksək səviyyədə keçirən Azərbaycanın inkişaf və tərəqqisindən qürurla bəhs etmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2012.- 21 oktyabr.- S. 1.