Reymsdə Azərbaycanla
bağlı sərgi açılmış və konsert təşkil olunmuşdur
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva tədbirlərdə iştirak etmişdir
Heydər Əliyev Fondunun
təşkilatçılığı və Azərbaycanın
Fransadakı səfirliyinin dəstəyi ilə yeni layihə həyata keçirilir.
Azərbaycan mədəniyyətinin təbliği məqsədilə
Fransanın regionlarında mədəniyyət tədbirlərinin
keçirilməsinə başlanmışdır. İlk belə tədbir oktyabrın 19-da Reymsdə
baş tutmuşdur.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bununla
bağlı tədbirlərdə iştirak
etmişdir.
Reyms Fransanın ən qədim şəhərlərindən
biridir. Memarlıq quruluşu
ilə daha çox
diqqəti çəkən bu şəhərdə
bir çox tarixi hadisələr baş
vermişdir. Ona
görə də 300 min əhalisi və Şampan-Arden regionunun ən
böyük şəhəri olan Reymsi Fransa
tarixinin beşiyi də
adlandırırlar. Ona görə də
Azərbaycan mədəniyyətinin təbliği
baxımından Fransa regionları
arasında ilk olaraq Reymsin seçilməsi heç
də təsadüfi deyildir. Bununla bağlı əvvəlcədən
şəhərin müxtəlif küçələrində,
ictimai nəqliyyat vasitələrinin
üzərində tədbirlərlə bağlı
elanların, afişaların vurulması bütövlükdə ölkəmizə
olan marağı daha da artırmışdı.
Oktyabrın 19-da
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın Reyms
şəhərinin meri xanım Adelin Hazan ilə görüşü olmuşdur.
Mehriban xanım Əliyeva Reymsdə Azərbaycan ilə
bağlı mədəniyyət tədbirlərinin
keçirilməsinə verdiyi dəstəyə
görə şəhər merinə təşəkkürünü
bildirmiş, bu cür tədbirlərin gələcəkdə
Fransanın bir çox
şəhərlərində baş
tutacağını diqqətə
çatdırmışdır.
Adelin Hazan da Azərbaycan mədəniyyətinin təbliğinə
yönələn tədbirlərin maraqla
qarşılandığını vurğulamış, budəfəki
sərgi və konsertin də yüksək
səviyyədə keçəcəyinə ümidvar
olduğunu qeyd etmişdir.
Mehriban xanım Əliyeva meriyanın fəxri
qonaqlar kitabına ürək sözlərini yazmış və
xatirə şəkli çəkdirmişdir.
Reymsə səfəri çərçivəsində
Azərbaycanın birinci xanımı şəhərin tarixi məkanları
ilə tanış olmuşdur. Əvvəlcə Reyms
Katedralına gələn Mehriban xanım Əliyevaya məlumat
verilmişdir ki, Fransa memarlığının şah əsərlərindən
olan bu kilsənin ötən il 800 illik yubileyi qeyd
edilmişdir. V əsrdə təməli qoyulan kilsənin ərazisi
lX-X əsrlərdə genişləndirilmişdir. Müharibələr
vaxtı dağıdılan kilsə 1481-ci ildə bərpa
olunmuş və hazırkı vəziyyətinə gətirilmişdir.
Birinci Dünya müharibəsi illərində yenidən
böyük zərər görən kilsə memar Anri Denonun
layihəsi əsasında bərpa olunduqdan sonra 1938-ci ildə
istifadəyə verilmişdir. Reyms Katedralının tarixi əhəmiyyətini
artıran mühüm faktlardan biri də 1962-ci ildə Almaniya ilə Fransa arasında
barışıq müqaviləsinin kansler Adenauer və
Prezident Şarl de Qoll tərəfindən burada
imzalanmasıdır. Digər mühüm məqam X-XVlll əsrlər
boyu bütün Fransa krallarının tacqoyma mərasimlərinin
bu kilsədə təşkil olunması ilə
bağlıdır. Nadir memarlıq quruluşu və əzəməti
ilə diqqət çəkən kilsə orijinal vitrajları
ilə də məşhurdur, elə buna görə də uzun
illərdir turistlər buraya böyük maraq göstərir.
Daha sonra Mehriban xanım Əliyeva Reyms
Bazilik kilsəsində olmuşdur. Bu kilsə də Fransa
memarlığının incilərindən hesab olunur. Xl-Xlll əsrlərdə
tikilən Bazilik kilsəsi tarixi əhəmiyyətinə
görə də diqqəti cəlb edir. Memarlığın
müxtəlif kombinasiyalarının yüksək səviyyədə
təcəssüm tapdığı bu tarixi abidə də
Birinci Dünya müharibəsi illərində böyük
dağıntılara məruz qalmış, sonralar yenidən bərpa
olunmuşdur. Xüsusi akustikası ilə seçilən
Bazilik kilsəsi dini mərasimlərin ən çox
keçirildiyi yerdir və burada istifadə olunan memarlıq
texnologiyaları müasir günümüzdə də
aktuallığını itirməmişdir.
Oktyabrın 19-da Reymsdə
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
sərgisinin açılış mərasimi olmuşdur.
Açılış mərasimində
çıxış edən Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva bu cür tədbirlərin Reymslə
yanaşı, Fransanın daha on şəhərində
keçiriləcəyini diqqətə
çatdırmışdır. "Bu sərgi ölkələrimiz
arasındakı dostluğa və qarşılıqlı
hörmətə töhfə verəcəkdir" - deyən
Mehriban Əliyeva bildirmişdir ki, gənc müstəqil
ölkə olan Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə
sahibdir və hər zaman Şərq ilə Qərb arasında
körpü olan ölkəmiz müsəlman aləmində
mütərəqqi nailiyyətlərə imza
atmışdır. Bu sırada 1918-ci ildə müsəlman
Şərqində ilk demokratik respublikanın qurulması,
qadınlara səsvermə hüququnun verilməsi, qızlar
üçün məktəbin açılması, opera və
baletin yazılması kimi mühüm hadisələr
vardır.
"Azərbaycan-Fransa əməkdaşlığı
təqdirəlayiqdir. Biz Azərbaycanın mədəni zənginliyinə
böyük ehtiram bəsləyirik".
Bu sözləri isə Reyms şəhərinin meri xanım Adelin Hazan demişdir. O, Azərbaycan ilə Reyms arasında mədəni və iqtisadi əməkdaşlığın
inkişaf edəcəyinə
ümidvar olduğunu vurğulamışdır.
Sərgidə ölkəmizin qədim
və zəngin tarixinə, mədəniyyətinə
dair eksponatlar nümayiş etdirilmişdir. Azərbaycan xalçaları buradakı
ekspozisiyanın ən
qiymətli inciləri
sırasında idi.
Milli xalçaçılığımızın
bütün istiqamətlərinin
təmsil olunduğu sərgidə yaşı yüz illərlə ölçülən xalça
və xalça məmulatlarının geniş
çeşidi təqdim
olunmuşdur. Xalq
incəsənətinin bütün
istiqamətlərinə dair
nümunələrin, misgərlik
məmulatlarının, şəbəkələrin,
Azərbaycan milli geyimlərinin, milli musiqi alətlərimizin təqdim edildiyi sərgidə Heydər Əliyev Fondunun xətti ilə nəşr olunan və ölkəmizin təbliğinə xidmət
edən kitab və bukletlər, fransız dilində nəşr olunan ədəbiyyat toplusu da maraqla qarşılanmışdır.
Oktyabrın 19-da axşam Reyms Konservatoriyasında xalq artisti Teymur Göyçayevin dirijorluğu
ilə Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin konserti olmuşdur. Bu konsert ölkəmizin
həm milli dəyərlərə, həm
də müasir meyillərə eyni dərəcədə hörmətlə
yanaşdığını nümayiş etdirmişdir. Tamaşaçılar
isə bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss etmişlər.
Əslində, bu mədəniyyət
tədbiri Reymsdə əsl hadisəyə çevrilməklə Azərbaycan
mədəniyyətinin Avropa
tamaşaçısına bir ərməğanı olmuşdur. Janr müxtəlifliyinin, zəngin improvizasiyaların
bol olduğu bu konsert proqramı
diqqəti bir daha Azərbaycana yönəltmişdir. Bu gecədən təəssüratlar
kifayət qədər
zəngin olmuş və özünəməxsus
ovqatı ilə seçilən Azərbaycan
mədəniyyətinə hörmətin
nümunəsinə, həm
də Reyms tamaşaçısında heç
vaxt unudulmayacaq xatirəyə çevrilmişdir.
Sonra Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın adından
ziyafət verilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Reyms
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 2.