« şəhər» - Bakının yelkəni

 

Bakı haqqında uzun-uzadı danışmaq, haqqında şairlərin yazdıqlarını, rəssamların çəkdiklərini xatırlatmaq fikrindən uzağıq. Heç ünlü şəxsiyyətlərin "Şərqin Paris"i, "Qoca Şərqin estetik təcəssümü" adlandırdıqları bu paytaxt şəhərinə nəhayətsiz sevgimizdən də bəhs etməyəcəyik. Çünki Bakını hamımız eyni cür -  çox sevirik. Bu şəhər hər birimizin qəlbində təndirdən təzəcə çıxmış "dağlı buğda çörəyi" kimi isti, Abşeron şanısı tək şipşirin xatirələr fəvvarəsi oyadır. Və bu sevginin həqiqi ölçülərini, hərarətini beş-on günlüyə respublikanı tərk edəndə daha çılpaqlığı ilə hiss edirik... Zümrüd Xəzərin tamını andıran həsrət, həyəcan qərib diyardakı istirahətimizi qısqanclıqla döyüb qayçılayır.

 

 Paytaxtın "bəyaz paytaxtı"

 

 Paytaxt Bakının inkişaf perspektivləri aktuallığını həmişə üst səviyyədə saxlayan məsələlərdən olub və bu diqqət özünü müxtəlif direktiv və normayaradıcı sənədlər şəklində büruzə verib. Müasir meqapolisin hansı istiqamətdə inkişafı layihə institutlarının, eləcə də memarların ən çox müzakirə etdikləri mövzulardan olub. Yəni, Bakı necə inkişaf etməlidir: mərkəzdən periferiyaya, yoxsa peyk-şəhərlərin yaradılması vasitəsilə? Paytaxtın konkret bir dövrü əhatə edən inkişafı belə bir etirafı şərtləndirir ki, bəli, bir vaxt bu şəhərdə kütləvi tikintilərin aparılmasının dəqiq və konkret proqramı, mexanizmi, bütövlükdə tikinti norma və qaydalarına, memarlıq prinsiplərinə əsaslanan şəhərsalma fəlsəfəsi vardı. Məqsəd nə idi: sosial-infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, ağıllı və rasional ərazi planlaşması sayəsində paytaxtın torpaq fondundan qənaətlə istifadə edilməsinə nail olmaq. Çünki ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi və Azərbaycanın həqiqi müstəqilliyinə qovuşması, planlı iqtisadiyyatın azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı ilə əvəz olunması, yeni neft siyasətinin ölkəni beynəlxalq mövqelərə çıxarması respublikaya çox böyük inkişaf, keyfiyyət sıçrayışı vəd edirdi. Hər bir sərmayə, konturları cızılan hər bir layihə isə ilk növbədə sərbəst ərazi tələb edir. Ulu öndər Heydər Əliyevin bu xüsusda söylədiyi tarixi bir fikir var: "...Torpaqdan qiymətli dünyada heç nə yoxdur. Hər şeyi almaq, düzəltmək, tikmək olar. Amma Azərbaycanda yenidən bir hektar torpaq sahəsi yaratmaq olmaz".

Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirələrdən birində Azərbaycan Prezidenti İlham Əliyev günümüzün Bakısının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini qürurla qeyd etməklə yanaşı, yaxın zamanlarda həyata keçiriləcək nəhəng quruculuq layihələrinə toxundu, paytaxtın perspektiv inkişafının istiqamətlərini nişan verdi.

Son 17 ilin inkişaf əyrisi Bakının iqtisadi coğrafiyasına öz möhürünü basıb. Bu səbəbdən Dövlət Layihə İnstitutu şəhərsalma seqmentinin inkişafının spesifik özəlliklərini nəzərə almaqla paytaxtın mərkəzi hissəsinin detallı planlaşdırılması layihəsi üzərində işə başlamışdır. Həmin konsepsiyanın detalları üzərində dayanmayacağıq; yaxın gələcəkdə bakılılar və şəhərimizin qonaqları paytaxtın həm simasına, həm də nüfuzuna xüsusi möhtəşəmlik bəxş edəcək monumental memarlıq kompleksləri, daş və konstruksiyalarda ifadə olunmuş maraqlı şəhərsalma ideyaları ilə tanış ola biləcəklər. Bu sırada lokal, nöqtəvi layihələrlə yanaşı, "Kubinka", "Sovetski", "Naxalstroy", "Xutor", "Alatava" kimi məhəllələrin sökülüb yerində yaşayış kompleksləri və rekreasiya zonalarının yaradılmasını nəzərdə tutan nəhəng planların həyata keçiriləcəyini anons etmək də yerinə düşərdi.

Daha bir cəsarətli və qənirsiz layihə isə artıq beynəlxalq sərgilərin də diqqətini özünə cəlb etmiş "Ağ şəhər" layihəsidir. Prezident İlham Əliyevin dediyi kimi, kiçik bir şəhərə bərabər olan bu inkişaf layihəsi "...şəhərimizin, ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü kimi də dünya şəhərlər xəritəsində öz yerini tutacaqdır".

 

 Dünəndən sabaha

 

Azərbaycan xalqının hökmdar-şairi Xətainin adını daşıyan rayonun dəniz boyunca uzanan bir hissəsi yaxın vaxtlaradək "Qara şəhər" adlanırdı və Bakının neft infrastrukturunun əhəmiyyətli bir qismi bu ərazidə cəmləşmişdi. Burada hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində ilkin neftin emalı ilə məşğul olan kustar sənətkarlıq inkişaf etmiş və Nobel qardaşlarının neft emalı sexləri fəaliyyət göstərmişdir. Sonralar həmin sexlərin bazasında ilk emal müəssisələri və zavodları yarandı. Qara şəhər, əslində, İttifaqın ən iri neftayırma mərkəzlərindən sayılırdı. Belə ki ölkənin neft sənayesində müstəsna əhəmiyyəti olan XXII partiya qurultayı və Ə.Qarayev adına neftayırma zavodları burada yerləşirdi.

Son illərədək paytaxtın hər hansı bir yüksək nöqtəsindən baxdıqda, Qara şəhər adlanan bu ərazi qara tüstü burulğanında itib görünməz olurdu. Həmin zəhərli tüstü dumanı təkcə Xətai rayonunun deyil, bütövlükdə sayı iki milyonu keçmiş əhalinin yaşadığı şəhərin ab-havasını zəhərləyib korlayırdı. Hələ 1970-ci ildə, Azərbaycan KP MK-nın I katibi işlədiyinin ikinci ilində ulu öndər Heydər Əliyev deyirdi: "Qara şəhər qurtulacaq, tamamilə gözəlləşəcək, burada ağaclar, güllər, çiçəklər, yaşayış binaları olacaqdır". Doğrudan da, zaman etibarilə qısa bir müddət bəs etdi ki, ölkə həyatının bütün sahələrini ehtiva etmiş nəhəng quruculuq və inkişaf ab-havası Xətai rayonunu da lokomotiv kimi çəkib arxasınca aparsın. "Ağ şəhər" layihəsi də həmin sosial infrastruktur layihələrindəndir.

Bakı Ağ Şəhər şəhərsalma layihəsi Prezident İlham Əliyevin "2006-2010 illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks Tədbirlər Planının" təsdiqlənməsi barədə fərmanının icrası çərçivəsində həyata keçirilir.

Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən qəbul edilmiş bu layihənin müəllifi və məsləhətçiləri ATKINS (BB), Foster & Partners (BB) və F+A Architects (ABŞ) şirkətləridir.

 

 Röyalar şəhəri

 

 Prezident İlham Əliyev ötən il dekabrın 24-də yeni salınacaq "Bakı Ağ şəhər"in təməl daşının qoyulması mərasimində iştirak etmiş, rəmzi təməl daşının üzərindəki örtüyü götürərək nitq söyləmişdir.

Artıq tikintisinə başlanmış şəhər 221 ha ərazini əhatə edəcək ki, bunun da 39 hektarı parkların payına düşür. Şərti olaraq 10 universal məhəlləyə bölünmüş şəhərdə ümumi sahəsi 4,5 mln kv m olan 50 min mənzil və 20 min ofisin istifadəyə verilməsi nəzərdə tutulub. Məhəllələrin adları da məlumdur: Fəvvarələr meydanı, Yaşıl təpə, Mərkəzi biznes rayonu, Babək zolağı, Qərbi və Şərqi Babək hissələri, Park rayonu, Şərqi sahil, Alış-veriş mərkəzi və Qərbi sahil.

Yüz minlərlə insanın məskunlaşacağı şəhərdə sosial-mədəni, ticarət və digər infrastruktur obyektləri də yaddan çıxmayıb. Burada 5 məktəb və 5 uşaq bağçası, 3 mədəniyyət kompleksi, xəstəxana, kinoteatr, kitabxana, stadion, idman və sağlamlıq mərkəzləri istifadəyə veriləcəkdir.

Bütün yaşayış məskənlərinin "başağrısına" çevrilmiş tıxac problemini birdəfəlik həll etmək üçün 40 min avtomobillik park yerləri yaradılacaq. Bakılıların qürur yeri olan bulvar sahil sularında aparılan bərpa-inşaat işləri hesabına daha 1,3 km "boy ataraq" 23,6 hektar ərazini əhatə edəcəkdir. Burada Parisdəki məşhur analoqunu üstələyən 65 metrlik seyretmə çarxının quraşdırılması da nəzərdə tutulmuşdur. "Ağ şəhər"də salınacaq Fəvvarələr meydanının mövcud meydandan xeyli böyük olacağı gözlənilir. Paytaxtdakı iri ticarət mərkəzlərinin ailəsinə qovuşacaq  "Baku City Mall" da "lövbər"ini bu "liman"da atmağı "düşünür".

Əlamətdar ki, paytaxt sakinlərinin xüsusi nostalji ilə xatırladıqları və bir neçə il əvvəl Fəhlə prospekti ilə hərəkət edən tramvaylar da yenidən sahil boyu şütüyəcəklər. Bəllidir ki, hər bir şəhərin əsas kommunikasiya arteriyasını metro və avtobus nəqliyyatı təşkil edir. "Ağ şəhər"də inşa olunacaq metro stansiyası mərkəzi meydana çıxacaq. Maraqlı yeniliklərdən biri isə sahil boyu su nəqliyyatı yolunun istifadəyə verilməsi olacaqdır.

Şəhərdəki yaşayış və ofis binalarının inşasını özəl şirkətlər həyata keçirir, infrastruktur kommunikasiyalarının tikintisini isə dövlət öz üzərinə götürüb. Bu prosesə "Azəryolservis", "Bakıelektrikşəbəkə", "Azəriqaz", "Aztelekom" və digər əlaqədar təşkilatlar cəlb edilmişlər.

Son illər Azərbaycan xarici sərmayələr üçün cox cəlbedici məkanlardan birinə çevrilmişdir. Bu, təkzibedilməz faktdır və artıq beynəlxalq reytinq sorğuları ölkəmizin bu sahədə etibarlı tərəfdaş olduğunu etiraf etməkdədir. Heç şübhəsiz, əcnəbi investorları lokal layihələrlə cəlb etmək və təəccübləndirmək perspektivsiz işdir. Amma "Ağ şəhər" layihəsi bu sahədə böyük ümidlər verir. 2011-ci ilin noyabr ayında dünyanın 200-dən artıq ölkəsində izlənilən CNN telekanalının hazırladığı "Azərbaycana nəzər" proqramında Bakıdakı "Ağ şəhər" layihəsi, onun paytaxtın sosial-mədəni infrastrukturuna töhfəsi barədə ətraflı bəhs edilmişdir. Bu layihə dünyanın ekoloji baxımdan ən iri və modern layihələrindən biri adlandırılmış, Qafqaz regionunda şəriksiz lider mövqelərini hər gün daha da möhkəmləndirən Bakının müasir simasına əsrarəngiz çalarlar əlavə edəcəyi bildirilmişdir.

"Bakı Ağ Şəhər" layihəsi ötən il Fransanın Kann şəhərində keçirilmiş və 30 min nəfərə yaxın mütəxəssisin - investorların, aparıcı developer və konsaltinq şirkətlərinin nümayəndələrinin, memar və ərazilərin inkişaf konsepsiyasının müəlliflərinin qatıldığı MIPIM-2011- Beynəlxalq daşınmaz əmlak sərgisində Awards-2011 mükafatına namizəd hüququnda iştirak edib. Yenə də həmin il bu layihə "MIPIM Asia Awards 2011" (Honkonq) müsabiqəsinin "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında finala çıxıb.

"Bakı Ağ Şəhər" Ofis Binası layıhənin əsas binalarından biri hesab olunur. Buna görə də əvvəl həmin binanın inşasına start verilməsi təsadüfi deyildir. Hündürlüyü 50 metr olan bu 10 mərtəbəli binada ofis, ticarət obyektləri və yaşayış məkanları yerləşəcək. Son dərəcə modern və cəlbedici memarlıq kompozisiyasına malik olan bina hələ layihələndirmə mərhələsində beynəlxalq "Gələcəyin ən görkəmli layihəsi" nominasiyasına təqdim olunmuşdur.

20 hektar ərazini əhatə edən "Yaşıl ada" məhəlləsində də infrastruktur və inşaat işləri paralel aparılır. Qərbi Babək məhəlləsində isə Paris evlərinin tikintisinə başlanılıb.

Yaxın gələcəkdə Bakının daha bir qürur mənbəyinə, möhtəşəmliyinin, təkrarolunmazlığının isbatına çevriləcək "Ağ şəhər"də intensiv tikinti işləri gedir. Özü də böyük sürət və vüsətlə. Və bu gün hər bir bakılını, eləcə də "Şərqin Palmirası" adlandırılan bu qədim, müdrik, eyni zamanda, gənclik şövqü ilə yaşayan paytaxtın qonaqlarını təəccübləndirən, əfsunlayan və qürur duymağa vadar edən gözəlliyin, möcüzəninsə tək memarı və entuziastı var - ulu öndər Heydər Əliyevdən Bakı sevgisini miras almış Azərbaycan Prezidenti İlham Əliyev! Cəsarətlə demək olar ki, günümüzün Bakısı məhz onun yaradıcılıq təfəkkürünün palitrası ilə canlanır.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2012.- 21 oktyabr.- S. 3.