Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və konfrans iştirakçıları əvvəlcə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində naxçıvanlı şair və yazıçıların, ədəbiyyatşünas alim və tədqiqatçıların əsərlərindən, elmi-kütləvi nəşrlərdən ibarət sərgiyə baxmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfransda çıxış edərək demişdir ki, hər bir xalqın həyatında ədəbiyyatın, bədii söz sənətinin mühüm yerirolu vardır. 1975-ci ilin oktyabrında keçirilən Azərbaycan ədəbiyyatı günlərində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: "Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu günöz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur".

Ali Məclisin sədri demişdir ki, ədəbiyyatın ən böyük amalını və tarixi missiyasını mənsub olduğu xalqa xidmətdə görən ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına çalışmış, yaradıcı ziyalıları himayə etmiş, sağlam ədəbi mühitin yaradılmasını bir nömrəli vəzifələr sırasına çəkmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq həyata keçirilən bu tədbirlər sayəsində ədəbiyyatımız özünün yeni inkişaf mərhələsinə qalxmış, yaradıcı insanlar hərtərəfli müdafiə imkanı qazanmış, repressiya qurbanlarının əsərlərinə isə "ikinci həyat" verilmişdir.

Bildirilmişdir ki, Azərbaycan ədəbiyyatının qorunması və təbliği məqsədi ilə ulu öndərin ölkəmizdə birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illərdə 87 muzey, o cümlədən görkəmli şair və yazıçıların ev-muzeyləri yaradılmış, monumental abidələri ucaldılmış, keçmiş İttifaq miqyasında yubileyləri keçirilmişdir. Bütün bunlar bir tərəfdən həmin dövrün qapalı Sovet cəmiyyətində Azərbaycan ədəbiyyatını və mədəniyyətini tanıtmaq və təbliğ etmək məqsədi daşıyırdısa, digər tərəfdən Azərbaycan ədəbi mühitində yeni ab-hava yaratmaq, tarixi yaddaşı, xalqımızın adət-ənənələrini bərpa etmək, yeni milli ədəbi qüvvələr yetişdirmək kimi strateji məqsədə xidmət edirdi. Bu məqsəd, şübhəsiz ki, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı. O dövrdə xalqın siyasi iradəsini azadlıq və suverenlik idealları ətrafında cəmləşdirməyin bir yolu da bədii ədəbiyyatdan keçirdi. Ona görə də bədii ədəbiyyat xalqın milli mənafeyinə uyğunlaşdırılır, tarixi yaddaşı oyadan "Dədə Qorqud", "Babək" kimi bədii filmlər çəkilərək geniş tamaşaçı auditoriyasına çıxarılırdı.

Ali Məclisin sədri demişdir: "Nəzərə almaq lazımdır ki, ədəbiyyatda, bütövlükdə siyasi mühitdə sovet ideologiyasının, sosializm realizmi metodunun hökmranlıq etdiyi bir məkanda bu tədbirləri həyata keçirmək kifayət qədər riskli məsələ idi. Buna baxmayaraq 70-80-ci illərin Azərbaycanında milli mənlik şüurunun yetişdirilməsinə xidmət edən yaradıcılıq məhsulları bütün vasitələrlə təqdir və təbliğ olunurdu. Bu dövrdə ədəbiyyatın əsas vəzifəsi bir məqsədə tabe etdirilmişdi: xalqı öz ardınca irəli aparmaq. Ulu öndərimiz ədəbiyyatımızın bu vəzifənin öhdəsindən gəldiyini xüsusi vurğulayaraq deyirdi: "Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa, xalqı irəli aparmağa çalışmışlar. Milli özünüdərk, milli dirçəliş prosesləri xalqımıza birinci növbədə ədəbiyyatdan keçib".

Ali Məclisin sədri qeyd etmişdir ki, artıq uzun əsrlər boyu Azərbaycan ədəbiyyatında tərənnüm olunan və xalqın ürəyində yaşadılaraq nəsildən-nəslə ötürülən dövlət müstəqilliyi arzudan həqiqətə çevrilmişdir. Artıq 21 ildir ki, dövlət müstəqilliyi şəraitində yaşayırıq. İndi əsas məqsəd müstəqilliyimizi qorumaq, onun əbədiliyinə nail olmaqdan ibarətdir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə - istər sosial-iqtisadi, istər ictimai-mədəni, istərsə də ordu quruculuğunda ardıcıl tədbirlər görülür.

"Müstəqillik dövrünün özünəməxsus ədəbiyyatı olmalıdır" - deyən Ali Məclisin sədri bildirmişdir ki, bu dövr əvvəlki dövrlərdən tamamilə fərqlənir. Əsas fərq bundan ibarətdir ki, sovetlər birliyi dövründəki kimi indi ədəbiyyatın üzərində senzura yoxdur. Müxtəlif mövzular üzrə dövlət sifarişləri aradan qaldırılmış, mövzu seçimində tam sərbəstlik verilmişdir. İkinci fərq budur ki, bu gün bədii yaradıcılıqda "Vətən" anlayışı öz real məzmununa qovuşmuş, Azərbaycan müstəqil dövlət olmuşdur. Əgər əvvəllər şairya yazıçı "Vətən" deyərkən fikrində xəyali sərhədlər cızır və ya keçmiş sovetlər birliyini nəzərdə tuturdusa, bu gün real sərhədlər hüdudunda müstəqil Azərbaycanımız - öz doğma Vətənimiz mövcuddur. Buna baxmayaraq mövzu seçimində sanki bir çətinlik yaranmışdır. Muxtar respublika Yazıçılar Birliyinin bəzi üzvləri əksər hallarda sönük lirikaya üstünlük verir, yubileyya təqvim şeirləri yazır, ədəbiyyatın, şeirin ali missiyasını yaddan çıxarırlar. Bu, bir tərəfdən kitab çapında sərbəstlik yaradılmasından irəli gəlirsə, digər tərəfdən Yazıçılar Birliyinin zəif işinin nəticəsidir. Birlik öz üzvlərinin yaradıcılığını yaşadığımız dövrün vəzifələrinə səfərbər etməyi bacarmalıdır.

Ali Məclisin sədri demişdir: "Bəzən polemika açılır ki, müstəqillik dövrünün ədəbiyyatı necə olmalıdır? Bu dövrün ədəbiyyatı birinci növbədə vətənpərvər ədəbiyyat olmalıdır. Ədəbi məhsullarda "Vətən" sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir. XIX əsrin böyük rus şairi Nekrasov vətəndaşlıq borcunu unudanlara "Sən şair olmaya bilərsən, lakin vətəndaş olmağa borclusan" - deyirdi. Naxçıvan ədəbi mühitinin yetirməsi, görkəmli şair Məmməd Araz da yaradıcı insanları layiqli vətəndaş olmaq üçün "vətən daşı" olmağa səsləyir və yazırdı ki, "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı". Yazıçı və vətəndaş mövzusu həmişə aktual olmuşdurbu gün də aktualdır. Yazıçı, dramaturq və şairlərimiz müstəqil və qüdrətli dövlətimizin layiqli vətəndaşları kimi fəal mövqedə dayanmalı, hadisələrə münasibətdə ortaya ziyalı mövqeyi qoymalıdırlar.

Ciddi problemlərdən birinin də bədii tərcümə ilə bağlı olduğunu bildirən Ali Məclisin sədri demişdir ki, bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikada elmipublisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində bədii tərcümə mərkəzi yaratmaq mümkündür.

Qeyd olunmuşdur ki, uşaq ədəbiyyatının inkişafı ilə bağlı ayrıca tədbirlər planı hazırlanmalı, bu məsələ ciddi nəzarətə götürülməlidir. Son 5 ildə muxtar respublikada uşaqlar üçün cəmi 10 kitabın nəşr olunması, bunların isə böyük bir qisminin uşaq ədəbiyyatı üçün qoyulan tələblərə cavab verməməsi qeyd olunan sahədə zəif işin nəticəsidir. 2010-cu ildə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirdə Yazıçılar Birliyinə tapşırmışdıq ki, yaradıcı ziyalıların qüvvəsindən istifadə etməklə muxtar respublikada uşaq ədəbiyyatının inkişafına nail olsun. Bundan sonra uşaq ədəbiyyatının aktual məsələləri ilə bağlı bir müşavirə keçirilmiş, həqiqətdə isə mövzu kifayət qədər aktuallaşdırılmamışdır. Uşaq ədəbiyyatı uşağın formalaşmasında mühüm rola malikdir. Bu ədəbiyyat böyüməkdə olan gənc nəslin etikestetik tərbiyəsinə istiqamət verməli, onları xalqımızın malik olduğu milli dəyərlər, qəhrəmanlıq, düzlük, əməksevərlik və vətənpərvərlik ruhunda tərbiyə etməlidir. Yazıçılar Birliyi uşaq ədəbiyyatının ən yaxşı nümunələri üçün müsabiqələr keçirməli, bu sahədə fəaliyyət günün tələbləri səviyyəsində qurulmalıdır.

Ali Məclisin sədri demişdir: "Bu gün muxtar respublikanın rayonlarında və kəndlərində yaşayan ədəbi qüvvələrlə, eləcə də rayonlardakı ədəbi birliklərlə və Yazıçılar Birliyinin gənclər bölməsi ilə tələb olunan səviyyədə deyil. İşdə dönüş yaratmaq, muxtar respublikanın digər yaradıcılıq təşkilatları ilə əlaqələri gücləndirmək lazımdır. Yazıçılar Birliyinin muxtar respublikada fəaliyyət göstərən teatrlarla, o cümlədən xalq teatrları ilə əməkdaşlığı möhkəmləndirilməli, repertuar seçimində yerli ədəbi qüvvələrə üstünlük verilməlidir. Dramaturqlarımız isə müasir tələblərə cavab verən əsərlər yaratmalıdırlar. 15 il əvvəl Yazıçılar Birliyi öz ətrafında 17 şair və yazıçını birləşdirirdisə, hazırda birlik üzvlərinin sayı 80 nəfərdir. Sovetlər birliyinin mövcud olduğu bütün dövr ərzində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların 150-dək kitabı çap olunmuşdursa, müstəqil dövlət kimi yaşadığımız 21 ildə 600-dən artıq kitab, almanax və tərcümə əsərləri çap olunmuş, "Naxçıvan" jurnalının naxçıvanlı ədəbi qüvvələrə həsr edilmiş xüsusi nömrələri buraxılmışdır.

Müdriklərin "sənətin, ədəbiyyatın vəzifəsi həyatın surətini çıxarmaq deyil, onu əks etdirməkdir" fikrini xatırladan Ali Məclisin sədri konfransdan sonra Yazıçılar Birliyinin daha səmərəli fəaliyyət göstərəcəyinə, öz üzvlərinin yaradıcılıq potensialını səfərbər edəcəyinə, müxtəlif janrlarda dəyərli bədii əsərlərin yaradılmasına nail olacağına ümidvar olduğunu bildirmiş, bu yolda birlik üzvlərinə, bütün yaradıcı ziyalılara uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri muxtar respublikada yaşayıb-yaradan gənc yazıçı və şairlərə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlük vəsiqələrini təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev hesabat məruzəsi ilə çıxış etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, ədəbiyyatşünas alim İsa Həbibbəyli Naxçıvan ədəbi mühitinin keçdiyi inkişaf yolundanmövcud çatışmazlıqlardan danışmışdır.

Sonra konfrans iştirakçıları Naxçıvan ədəbi mühitinin yetirməsi, şair-dramaturq Müzəffər Nəsirlinin "Qönçəbəyim nəğməsi" pyesi əsasında hazırlanmış eyni adlı tamaşaya baxmışlar.

Tamaşadan sonra yaradıcı heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov uğurlu tamaşa münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik etmişdir.

Aktyorlar göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmiş, bundan sonra da milli ruhlu uğurlu səhnə obrazları yaradacaqlarını bildirmişlər.

Tamaşaya baxışdan sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı öz işini davam etdirmiş, Asim Əliyev yenidən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 21 oktyabr.- S. 3.