Qədim İçərişəhərlə
tanışlıq Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədrində zəngin təəssürat
yaratmışdır
Azərbaycana rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Bakir İzetbeqoviç və
xanımı Sebiya İzetbeqoviç oktyabrın 20-də
İçərişəhərlə tanış
olmuşlar.
AzərTAc xəbər verir ki, gəzinti
Qız qalası ilə tanışlıqdan
başlamışdır. Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədrinə məlumat verilmişdir ki,
eramızdan əvvəl VII-VI əsrlərdə əsası
qoyulmuş Qız qalası XII əsrdə bərpa
edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr
olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən
ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda
Qız qalasının konservasiyası işlərinə
başlanılmışdır.
Yaxınlıqdakı
Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq
doğurmuşdur. Gəzinti Azərbaycanın geniş tarixi,
iqtisadi və mədəni əlaqələrindən xəbər
verən, ölkə əhəmiyyətli abidə - Buxara
karvansarası ilə tanışlıqla davam etdirilmişdir.
Elektromobillə gəzinti zamanı ali
qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil
edilmiş "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir,
abadlaşdırma və bərpa işləri barədə ətraflı
məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər
ərazisində müxtəlif əsrlərə aid nadir
tarixi-memarlıq abidələri var və bunlar qorunub
saxlanılır.
Kiçik Qala küçəsi ilə
davam edən gəzinti zamanı Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri təndir çörəyinə qonaq
edilmişdir.
Gəzinti zamanı qonaq orta əsr Şərq
memarlığının şah əsəri, dünya əhəmiyyətli
tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı
Kompleksi" ilə tanış olmuşdur. Məlumat
verilmişdir ki, XV əsrin əvvəllərində inşa
olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin ən hündür nöqtəsində
yerləşir. O, Xəzər dənizindən və şəhərin
ətrafındakı yüksəkliklərdən aydın
görünür. Kompleks bu günə qədər öz
tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Dünya əhəmiyyətli memarlıq
abidəsi olan Məhəmməd məscidi ilə
tanışlıq da ali qonaqda böyük maraq doğurmuşdur.
Daha sonra Kiçik
karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi
sənət mərkəzində - "İncəsənət
bağı" ilə tanış olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviç
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini
yazmışdır.
Azərbaycan paytaxtının qədim
guşəsi ilə tanışlıqdan xatirə olaraq ali
qonağa hədiyyə təqdim edilmişdir.
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 4.