Təcavüzkarlıq
siyasəti Ermənistanı uçuruma
aparır
Ermənistan bu günlərdə okeanda
fırtınaya düşmüş bir gəmiyə bənzəyir.
Gəminin kapitanı aciz və səriştəsiz olduğu
üçün batmaqda
davam edir. Sərnişinlər
tam ümidsizdirlər. Çünki
onlar düşdükləri vəziyyətin
çətinliyini və kapitanın acizliyini
yaxşı bilirlər. Ancaq Allahdan kömək diləməkdən başqa əllərindən heç
nə gəlmir.
Bu bir həqiqətdir
ki, son illər Ermənistanda
hakimiyyətdə olanlar bu
ölkəni çıxılmaz vəziyyətə
salıblar və bu dövlət batmaqda olan gəmini
xatırladır. Dağlıq Qarabağa
azadlıq və müstəqillik şüarı ilə
hakimiyyəti zəbt edən bir qrup terrorçu erməni
xalqını çarəsi çətin tapılan bəlalara
düçar edib.
Koçaryan hakimiyyətindən heç bir fayda görməyən ermənilər ondan da aciz
və qaniçən S.Sarkisyanın rəhbərliyinin dəhşətlərini
yaşayırlar. Siyasəti terrora, şantaja və separatizmə arxalanan
bu hakimiyyətin tutduğu
yol Ermənistanı bəlalardan xilas etməyə deyil, daha dərin uçurumlara,
fəlakətlərə aparmağa
hesablanıb.
Ermənistan rəhbərləri
düşdükləri çətin vəziyyəti hər
vasitə ilə ört-basdır etməyə
çalışsalar da, bunu
bacarmırlar, əksinə, bir çox hallarda öz çıxışları ilə
özlərini inkar edirlər. Bir tərəfdən
Ermənistanı müstəqil, azad, demokratik bir dövlət kimi təqdim edənlər digər tərəfdən
erməni xalqının varlığını Rusiyasız,
İransız, erməni lobbisiz təsəvvür
etmədiklərini dilə gətirir, bununla
yanaşı, cəmiyyətdə korrupsiya,
özbaşınalıq hallarının baş
alıb getdiyini, insanların həyat
şəraitinin gündən-günə pisləşdiyini,
böhranın dərinləşdiyini bildirirlər.
Əsl həqiqətləri
isə əldə olunan nəticələr,
real faktlar və hadisələr
əks etdirir. Reallıqlar isə Azərbaycanla
müqayisədə tamamilə Ermənistanın əleyhinədir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu
nə qədər yüksəlirsə, Ermənistan o qədər hörmətdən düşür.
İndi əksər beynəlxalq təşkilatlar, bir çox dövlətlər
Ermənistanı öz müstəqil
siyasəti olmayan respublika
kimi tanıyır və bu
dövləti işğalçılıq siyasətindən əl
çəkməyə, zəbt olunmuş
Azərbaycan torpaqlarını azad etməyə
çağırır.
Azərbaycan
BMT-nin qeyri-daimi üzvü kimi dünyada sülhün və
əmin-amanlığın bərpa edilməsi sahəsində
fəal iş apardığı, düzgün və düşünülmüş
siyasəti ilə beynəlxalq aləmin diqqətini cəlb etdiyi halda, Ermənistan
işğalçılıq siyasətindən əl çəkmir,
hər gün atəşkəsi pozur,
günahsız insanları qətlə yetirir,
beynəlxalq təşkilatların qərar və qətnamələrinə
məhəl qoymur.
Təəssüflər
olsun ki, BMT, ATƏT, İslam Konfransı Təşkilatı və
digər nüfuzlu qurumlar
Ermənistanın təcavüzkarlıq hərəkətlərinə
qarşı ciddi tədbirlər görmür, hadisə və faktlara
bir çox hallarda ikili mövqedən
yanaşır, qəbul etdikləri qərar və qətnamələrə hörmətsizlik nümayiş etdirirlər. ATƏT-in
Minsk qrupunun həmsədr
ölkələri Qarabağ
nizamlamasında irəliləyiş olmamasından
narazılıqlarını ifadə etsələr də, əməli
işə keçməkdən, işğalçını
cəzalandırmaqdan, haqqın-ədalətin bərpa edilməsindən
çəkinirlər.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ikili standartlara öz mənfi
münasibətini dəfələrlə bildirərək qeyd etmişdir ki, münaqişənin nisamlanması üçün 20 ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir, amma heç bir nəticə yoxdur.
Ölkə rəhbəri
beynəlxalq təşkilatlardan narazılığını
gizlətmir, onların nöqsanlarını söyləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ nünaqişəsinin həllində
düzgün, obyektiv mövqe tutulmamasından, əksinə, yeri gələndə təcavüzkara dəstək
verilməsindən danışır və bildirir
ki, "Azərbaycan düşmən
qarşısında təkbaşına mübarizə
aparır".
Əlbəttə,
Azərbaycan Prezidenti bu
ifadələri işlədərkən dövlətinin və
xalqının gücünə, ölkənin iqtisadi
potensialına və beynəlxalq aləmdəki nüfuzuna, düşünülmüş
düzgün siyasətə, insanların ona olan hörmət və
etimadına arxalanır. Beynəlxalq hüququn norma və prinsiplərinə, haqqa,
ədalətə, bir milyondan
artiq qaçqın və köçkünün
ağır vəziyyətinə istinad edir.
Dövlətimizin
başçısı həm də bütün
dünyaya bəyan edir
ki, "Dağlıq Qarabağ
münaqişəsi dondurulmayıb, amma sülh olduqca kövrəkdir.
Nə sülh, nə də müharibə
şəraiti həmişəlik davam edə
bilməz".
Azərbaycan Prezidentinin fikirləri ilə dünyanın
ağıllı siyasətçiləri, bir
çox nüfuzlu qurumlar, hətta Ermənistanın düşdüyü ağır vəziyyəti
düzgün qiymətləndirən ermənilər
də həmfikirdirlər.
Beynəlxalq təşkilatlar,
ATƏT-in Minsk qrupunun
həmsədrləri Dağlıq Qarabağ
münaqişəsinin həllində irəliləyişin
olmamasını, status-kvonun saxlanılmasını
mənfi hal kimi qiymətləndirirlər.
Bir çox
tanınmış siyasətçilər zamanın Azərbaycanın
lehinə işlədiyini, Ermənistanın isə gündən-günə
zəiflədiyini qeyd edirlər.
Bu günlərdə Azərbaycanda səfərdə
olmuş Türkiyənin keçmiş
baş naziri Məsud
Yılmaz ölkəmizlə tanışlıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq demişdir: "Ermənistanın haqsız mövqeyini davam etdirməsi
mümkün deyil. Sonunda ermənilər mütləq məğlub
olacaqlar. Zaman Azərbaycanın
lehinə işləyir".
Məsud
Yılmaz "Bütün Türkiyə bugünkü Azərbaycanla qürur
duyur" sözlərini dilə gətirərkən
ilk növbədə respublikamızın dünyada qazandığı nüfuzuna,
ölkənin sosial-iqtisadi
inkişafına, qardaş ölkələrin
birliyinə və əməkdaşlığına, bir-birilərinə
dəstək vermələrinə, müstəqil siyasət yeritmələrinə istinad edir.
Dünyada təklənməkdə olan, ancaq təcavüzkarlıq
siyasətindən əl çəkməyərək
Türkiyə, Azərbaycan, Gürcüstan
dövlətlərinin ərazilərində gözü
olan və "böyük
Ermənistan" xülyası ilə yaşayan
terrorçu Ermənistan düşdüyü
böhrandan çıxış yolunu qonşu ölkələrlə
münasibətləri yaxşılaşdırmaqda görmək
əvəzinə, əksinə, bu respublikalarla vəziyyəti gərginləşdirir.
Əsassız torpaq iddiaları, qonşu dövlətlərlə əlaqələrin
zəifləməsi Ermənistanı mühüm
layihələrdən kənarlaşdırır, ölkə
iqtisadiyyatına ağır zərbə vurur
və əhalinin güzəranını ildən-ilə
çətinləşdirir.
Bu gün Azərbaycanın
valyuta ehtiyatı 40 milyard
dollardan artıq olduğu
halda, Ermənistanın dövlət
büdcəsinin kəsiri 400 milyon dollardan çoxdur. Orduda, səhiyyədə, təhsildə korrupsiya halları, ölkədəki
özbaşınalıq, qarşıdurmalar bu
dövləti iflic etmişdir.
Başda S.Sarkisyan olmaqla, digər vəzifə sahibləri də
bu vəziyyəti ancaq
təəssüflə qeyd etməklə
kifayətlənir və heç bir əməli tədbir görə bilmirlər.
Ermənilər
böhranın ağırlığını hiss
edir, onun nəticələrinin
gələcəkdə daha böyük fəsadlar yaradacağını duyur və hadisələri ürək
ağrısı ilə izləyirlər. Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan
erməni xalqının aldadıldığını, bir qrup terrorçu
rəhbər tərəfindən terrora məruz
qaldığını bəyan edərək deyir:
"Ermənistan güclü dövlət
olmaq üçün
Türkiyə ilə münasibətləri
normallaşdırmalı, Dağlıq Qarabağ
problemini həll etməli və
korrupsiyanı aradan
qaldırmalıdır".
Ölkənin
taleyinə biganə olmayan bir
çox erməni siyasətçiləri,
ziyalıları da bu
fikirdədir. Ancaq Ermənistanın dövlət rəhbərləri
istər beynəlxalq təşkilatların, istərsə də
erməni xalqının istəklərinin əleyhinə hərəkət
edir, status-kvonun dəyişməməsi
üçün əsassız iddialar irəli
sürür, təxribata, şantaja,
təqiblərə əl atır, aqressiv
təsir vasitələrindən istifadə etməyə
çalışırlar. Lakin onlar dərk etmirlər ki,
son illərdə Azərbaycan qüdrətlənib
və hər hansı təsir onun üçün qəbuledilməzdir.
Azərbaycanla təzyiq və təsir dili
ilə danışmaq heç zaman fayda verməz.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
bütün problemlərin
qarşılıqlı anlaşma şəraitində
həll olunmasının tərəfdarıdır və təzyiq
vasitəsinin önəmli olmadığını, ölkəsinin
bu təzyiqlərdən çəkinmədiyini
dəfələrlə bildirərək demişdir: "Qarşılıqlı anlaşma ancaq
qarşılıqlı etimad və
hörmət əsasında yaradılmalıdır".
Qarşılıqlı
etimad və hörmət olmadan
ikitərəfli anlaşmanın mümkünsüzlüyünü
bildirən ölkəmizin rəhbəri sülh
yolu ilə torpaqlarımızın işğaldan azad edilməsinə
nail ola bilməyəcəyimiz
halda başqa vasitələrdən istifadə
olunacağını bəyan edir.
Öz ərazi
bütövlüyünü bərpa etmək və
işğal altında olan torpaqlarını təcavüzkarlardan
təmizləmək Azərbaycan xalqının borcu və
haqqıdır. Beynəlxalq hüququn norma və prinsipləri
bunu təsdiq edir. Azərbaycanın dünyada artan nüfuzu,
iqtisadi və hərbi gücü Ermənistanla münasibətləri
istər sülh, istərsə də hərb yolu ilə öz
xeyrinə həll etməyə imkan verir. Bunu erməni
xalqı dərk etsə də, Ermənistanın hakim dairələri
başa düşməkdə acizdirlər. Bu acizlik və
yeridilən təcavüzkarlıq siyasəti isə Ermənistanı
daha dərin uçurumlara aparır.
Tahir RZAYEV,
Milli Məclisin deputatı
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 4.