Ümidlərin
payızda boy verdiyi ünvan
Şəkidəki
məcburi köçkünlərin məskunlaşdığı
yeni qəsəbədə
hər cür şərait yaradılıb
Doğma
torpaq, yurd kəlmələrinin mənasını anlayan hər
kəs onları inam və istinad yeri sayır. Səbəbləri
və buradan yaranan sorğuların cavabları çox olsa da,
onlardan yalnız biri əsas sayılıb: Ana torpağın
daş-qayası da doğma və əzizdir. Çünki
torpaq sözü ana kəlməsi ilə o yerlərdə
çulğaşıb.
Payızın bərəkət fəsli
olduğunu əli torpaqda olanlar daha yaxşı təsəvvür
edirlər. Yaz aylarında, ana təbiət qışın mürgüsündən
oyananda əlin qabarı ilə alının təri torpaqdan bərəkətli,
bol ruzi cücərdir. Payız da isə sahələrdən,
bağ-bağçadan nə
göz doyur, nə də könül: ətəklər
düyünlənir, məhsul yığılır.
Qohum-qonşular bir-birinə məhsul sovqatını paylaşırlar
ki, gələcəkdə bərəkəti birə-min
artsın..
...İyirmi ildir ki, təcavüzkar Ermənistanın
işğal altında saxladığı (həm də becərmədiyi)
torpaqlarımızda bərəkət, deyirlər, göyə
çəkilib. Axı, o torpaqlar doğma və halal əllə,
alın təri ilə əkilib-becərilmir. O yerlərdən
məcburi şəkildə didərgin salınan, doğma Vətənin
digər bir guşəsinə, müvəqqəti də olsa,
sığınan soydaşlarımıza dövlət və
hökumət tərəfindən göstərilən
qayğı nəticəsini göstərdikcə, düşmənə
öz yeri göstəriləcək inamı da ürəklərdə
cücərir və boy atır. Bunu görüb, hiss etmək
o qədər də çətin deyil.
...Yenə də payızdır - fəsillərin
bərəkət və qışa hazırlıq
dövrü. Yolumuz bu dəfə də məcburi
köçkünlərin məskunlaşdığı yeni qəsəbələrədir.
Bakıdan üzü Şəkiyə yol
başlamağımızın səbəbi də yalnız bu
qədim diyarın payızını, əsrarəngiz təbiətinin
gözəlliklərini seyr etmək, zəngin folklor nümunələrini
yaddaşımıza
yığıb-yığışdırmaq deyil, orada ötən
ay istifadəyə verilən yeni qəsəbədə yurd
salan məcburi
köçkünlərimizin qayğı və problemləri
ilə yaxından tanış olmaqdır.
Qəsəbə "Məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğun
artırılması" dövlət proqramı əsasında,
Şəkinin ən axarlı-baxarlı ərazilərindən
sayılan Çələbixanda salınıb. 423 məcburi
köçkün ailəsinin məskunlaşdığı
yeni qəsəbə bu ilin
sentyabr ayının 9-da açılıb və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Şəkiyə
səfəri çərçivəsində bu qəsəbənin
istifadəyə verilməsi münasibətilə təşkil
olunan mərasimdə iştirak edib.
Azərbaycanın dövlət
başçısı yeni qəsəbənin işğal edilmiş
müxtəlif rayonlardan olan
sakinləri ilə görüşündə bir daha
onların doğma yurd-yuvalarına hökmən
qayıdacaqları inamını yüksək dəyərləndirərək
deyib: "İndi burada yaşayan vətəndaşlarımız
əvvəllər fin tipli evlərdə yaşamışlar,
böyük əziyyət çəkmişlər. Onların
vəziyyətini, yaşayış şəraitini
yaxşılaşdırmaq üçün biz gözəl qəsəbə
saldıq. Bu, doğrudan da, böyük işdir, böyük
tarixi hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti
öz vətəndaşlarına, xüsusilə, ehtiyacı
olan vətəndaşlara böyük qayğı ilə yanaşır.
Bildiyiniz
kimi, bu il Azərbaycan Dövlət Neft Fondundan 300 milyon manat vəsait
ayrılmışdır. Əvvəlki illərə nisbətən
bu, daha böyük məbləğdir. Gələn il
çox güman, biz bu məbləği daha da
artıracağıq ki, məcburi köçkünlərin
problemlərini tezliklə həll edək".
Azərbaycan Prezidentinin dərin məzmunlu
çıxışı qəsəbə sakinlərinin
yaddaşına əbədi yazılıb. Dövlət
başçısının bildirdiyi kimi, birinci mərhələdə
bütövlükdə bütün çadır şəhərciklərin
ləğvi, onların yerində isə yeni qəsəbələr
salınması nəzərdə tutulmuşdu. Sonrakı mərhələdə
isə fin tipli evlərdə, məktəblərdə, hərbi
hissələrin ərazilərində məskunlaşmış
soydaşlarımızın da belə gözəl şəraitlə
təmin edilməsi qərara alınmışdır.
Azərbaycan Prezidenti onu da əminliklə
bildirib ki, gələcək illərdə də yeni qəsəbələr
tikiləcək. Hələ ki 120 min məcburi
köçkün bu cür gözəl, buna bənzər evlərlə
təmin edilib. Ancaq hələ o qədər də yararlı
olmayan şəraitdə yaşayan məcburi
köçkünlərimizin sayı kifayət qədər
çoxdur. Onların problemlərinin həlli
üçün çalışılır. Vaxtilə imkansızlıqdan
yataqxana, məktəb, uşaq bağçaları, hərbi
hissələrin əraziləri və digər
qeyri-yaşayış obyektlərində məskunlaşmış
məcburi köçkünlər yeni, gözəl evlərə,
binalara köçürüləcəklər. Bu, sosial
yükü azaldaraq, köçkünlərin məşğulluğu
ilə bağlı problemləri həll edir: Xatırladaq ki,
haqqında söz açılan qəsəbə Şəki
rayonunun Kiş bələdiyyəsinin ərazisində Azərbaycan
Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na Azərbaycan Respublikası Prezidentinin 2007-ci
il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən
əlavələrin müvafiq bəndlərinə əsasən
inşa olunub. Qəsəbənin sakinləri isə
işğal olunmuş Xocalı, Şuşa, Laçın, Kəlbəcər
və Ağdam rayonlarından olan 423 ailə və ya 1760 nəfərdir.
Yeni salınan yaşayış məntəqəsinə Şəkidəki
fin tipli qəsəbədə, həmçinin məktəb
binalarında məskunlaşmış məcburi
köçkünlər köçürülüb. Qəsəbədə
tikilən 360 şagird yerlik məktəb binası
bütün texniki və digər göstəricilərinə
görə müasir tələblərə cavab verir.
Bu təhsil ocağı sentyabrın 15-də
öz qapılarını müəllim və şagirdlərin
üzünə açan Ağdam 29 saylı
köçkün tam orta məktəbidir. Məktəbin
giriş dəhlizindəki diqqəti ilk cəlb edən divar
yazılarını oxuyuruq: "Köçkün vəziyyətində
yaşayan vətəndaşların problemləri mənim
üçün bir nömrəli problemdir".
Heydər Əliyev
Azərbaycan
Prezidenti İlham Əliyevin "Məcburi köçkünlərin
vəziyyətinin yaxşılaşdırılması
üçün bütün işlər
görülür", - fikirləri isə digər tərəfdəki
foto-stentdə öz əksini tapıb. Məktəbin direktoru
Oqtay Həmidov bəzi məlumatları verməklə onu da
xatırlatdı ki, hazırda
burada 102 şagirdin təlim-tərbiyəsi ilə 31 müəllim
məşğuldur. Bəzi dərsliklərin
çatışmamazlığından savayı heç bir
problemləri yoxdur, əksinə, onlar belə şəraiti
olan məktəb binası ilə təmin olunduqlarına
görə dövlət başçısı İlham Əliyevə,
həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
da ifadə etdi.
Müəllim Aysel Mustafayeva həmin
tarixi gündə dövlət başçısına minnətdarlığını
bildirərək söylədiklərini bir daha xatırlatdı:
"Hələ ulu öndər Heydər Əliyevin
dövründə məcburi köçkün və
qaçqınlara göstərilən diqqət və
qayğı, onların ehtiyac və tələbatlarının
qarşılanması son doqquz ildə cənab İlham Əliyevin
rəhbərliyi altında uğurla davam etdirilir. Prezidentin sərəncamı
ilə salınmış bu gözəl qəsəbə və
müasir standartlara cavab verən məktəb dövlət
başçısının biz köçkünlərə
olan diqqət və qayğının bariz nümunəsidir.
Ötən ilin 24 dekabr gününü
məcburi köçkünlərlə birlikdə qeyd edən
cənab İlham Əliyev bizi hədsiz dərəcədə
sevindirdi. Biz bunu dövlət başçısının məcburi
köçkünlərə - yerini, yurdunu itirmiş insanlara
necə qayğı ilə yanaşmağının bir
nümunəsi kimi qiymətləndiririk".
Öyrəndik ki, məktəbdə 15
sinif, bir informatika otağı, bütün fənlər
üzrə kabinələr,
idman zalı və meydançası
var. Bütün texniki şərait və kommunukasiya ilə təmin
olunan məktəbdə Aysel Mustafayeva, Şəhla Əliyeva,
Maral Quluyeva, Qızxanım Ələsgərova, Mədət Əmirov,
Aynur Qaraşzadə kimi öz peşəsinin sirlərinə
bələd və şagirdlərinin sevimlisinə çevrilən
müəllimlər az deyil. Bu il birinci sinfə gedən
Zöhrab, Rəhim, Ramil, Səadət, Sevinc, Qətibə və
İdrisin də sevincinin həddi-hüdudu yoxdur.
Çünki yeni məktəbdə hər cür şərait
yaradılıb ki, onlar daha yaxşı oxusunlar...
Qəsəbəyə ilk gələnlərin
diqqətini çəkən burada asfalt örtüklü,
elektriklə işıqlandırılan geniş küçələrin
səliqə-sahmanı və ətrafdakı
yaşıllıqdır.
Ikikorpuslu, 50 yerlik uşaq bağçası, xəstəxana,
poçt, klub-icma mərkəzi də qəsəbə sakinlərinin
ixtiyarındadır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev
qəsəbənin açılışında iştirak edərkən
Şuşada doğulub, torpaqlarımızın
işğalçılardan qorunmasında şəhid
olmuş Möhübbət Sabir oğlu İsmayılovun ailəsinin
məskunlaşdığı dördotaqlı mənzilə
baş çəkib, onların yaşayışı
üçün yaradılmış şəraitlə
tanış olub. Ailənin başçısı Vaqif
Hüseynov həmin tarixi günün heç zaman
unudulmayacağını bildirdi.
Dağlar qoynunda cənnətməkanlığı,
qədimliyi ilə tarixin yaddaşı sayılan, sənətkarlar
və hazırcavablar yurdu kimi məşhur
olan Şəki həm də doğma yurd həsrətli məcburi
köçkünlərin sığınacaq
tapdığı isti bir ocağı xatırlatdı bizlərə.
İllərdən bəri sosial-mədəni şəraiti
olmayan, qeyri-yaşayış yerlərində məskunlaşmış
insanların dövlət və hökumət tərəfindən
onlara göstərilən diqqət və qayğıdan
razılıq və minnətdarlıqla söz
açmaları, Prezidentə - Ali Baş Komandana inamları
bir daha təsdiqləyir ki, onlar doğma yurd yerlərində də
beləcə - öz ocaqlarının, isti yuvalarının
sahibinə çevriləcəklər.
Həyat kimi yolumuz da davam edir. Yolumuz Mingəçevirdə çoxmərtəbəli
bunalardan ibarət salınan yeni qəsəbəyə salırıq.
Ana Kürün laylasında
böyüyən, genişlənən
və gözəlləşən
gənclik şəhəri
Mingəçevirə "ürəklər atlanır"
- oradakı yeni qəsəbədə işlərin
ahəngini duymaq, görmək və göstərmək üçün...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 5.