Bayrağımız al
günəşdir, çadırımız göy qübbəsi
Azərbaycanın azadlığı
və istiqlalı yolunda çarpışan, bütün həyatını,
yaradıcılığını bu müqəddəs amala həsr
edən Xəlil Rza Ulutürk milli poeziyamızın qranit
sütunlarından biridir. O, bütün ömrü boyu ictimai-siyasi
fəaliyyəti ilə xalqımızın gələcəyinə
xidmət etmişdir. Xəlil Rza Ulutürk həmişə
ruhumuzda yaşayan, bizimlə birlikdə sabaha addımlayan,
obrazlı desək, bugünün və gələcək
dövrlərin şairidir. Şeirlərinin birində
özü bu barədə çox sərrast deyib:
Buludu
şimşəklə parçalayacaq,
Zülməti
nur ilə boğacağam mən.
Qərbdə
ulduz kimi batsam, Şərqə bax:
Şərqdən
günəş kimi doğacağam mən!
...İtib batmaq
üçün yaranmamışam,
Dünənəm!
Bugünəm!
Gələcəyəm
mən!
Bir gün bu
dünyadan getsəm də, nə qəm,
Dünyaya təzədən
gələcəyəm mən!
Xəlil Rza Ulutürkü çox sevən
ümummilli lider Heydər Əliyev onun
yaradıcılığını belə səciyyələndirirdi:
"Xəlil Rza bir vətəndaş, bir insan kimi
bütün xüsusiyyətləri ilə həmişə
seçilmişdir. Mən
daim onun yaradıcılığına, insanlığına,
vətəndaşlığına, ən çox cəsurluğuna,
əyilməzliyinə, öz ideyalarından dönməzliyinə
hörmət etmişəm, onu yüksək qiymətləndirmişəmE
Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun
böyük vətəndaşlığı, milli azadlıq
uğrunda mübarizliyi bütün azərbaycanlılar
üçün nümunə olacaqdır".
Məlumdur ki,
respublikamız dövlət müstəqilliyini bərpa etdikdən
sonra onun ən yüksək mükafatı
"İstiqlal" ordeni ilk dəfə olaraq məhz Azərbaycanın
üç böyük şairinə verilmişdir: Xəlil
Rza Ulutürkə, Məmməd Araza və Bəxtiyar Vahabzadəyə.
Böyük şairimiz dünyasını dəyişəndən
bəri onun haqqında xeyli ədəbi materiallar
yazılıb, müxtəlif kitablar nəşr edilib.
Xüsusilə də, həyat yoldaşı Firəngiz
xanım Ulutürk şairin arxivində bir pərvanə kimi
çalışaraq əlyazmaları qaydaya salmış,
onları təmayülünə və məzmununa görə
qruplaşdıraraq müxtəlif kitabların işıq
üzü görməsinə nail olmuşdur. Xəlil Rza
Ulutürkün adının əbədiləşdirilməsi,
ədəbi irsinin toplanılması, tədqiqi və nəşri
ilə bağlı uğurlu işlər görülməkdədir.
Ölkə başçısı İlham Əliyevin
imzaladığı sərəncama əsasən Xəlil Rza
Ulutürkün anadan olmasının 80 illiyi dövlət səviyyəsində
müxtəlif tədbirlərlə qeyd edilir.
Ləngərli
poeziyası ilə ədalətsizliyə üsyan edən,
pisliklərə meydan oxuyan Xəlil Rza Ulutürk həqiqətən,
cəsur şair idi. Onun cəsarəti həyatı yaxşı
bilməklə, dürüst ideya mövqeyi seçməklə,
tərəqqi uğrunda mübarizənin ön cərgəsində
gedə bilməklə və ən nəhayət, öz bədii
istedadına güvənməklə şərtlənir.
Akademik Bəkir Nəbiyev yazırdı: "Xəlil Rza
Ulutürk bu keyfiyyətlərin demək olar ki, hamısına
malikdir. Aydındır ki, bədii kəşf olmayan yerdə
şair cəsurluğundan danışmaq əbəsdir. Bədii
kəşf isə bir qələm sahibinə nəsib olmur,
çünki birinci növbədə insani böyüklük
tələb edir. Xəlil Rza poeziyası məhz insani
böyüklük nuru ilə işıqlanmış
poeziyadır, bədii sərvətdir".
Xarakterindəki
böyüklüyü və humanizmin işığında
mübariz ruhu həmvətənlərinə aşılamaq,
onları azadlıq uğrunda ayağa qaldırmaq,
çarpışmaq və öncül sırada olmaq Xəlil
Rzanı ədəbi məşəl simvoluna
çevirmişdir. O, əslində, daim fəaliyyətdə
olan vulkana bənzəyirdi. Onun ən böyük məhəbbəti
Azərbaycan idi! Bənövşəsini də,
tikanını da, dəryasını da, sızqa
bulağını da, dağını da, təpəsini də,
yolunu da, cığırını da, şəhərini də,
kəndini də, fəhləsini də, alimini də eyni məhəbbətlə,
alovu səngiməyən bir sevgi ilə sevirdi və tərənnüm
edirdi. Xəlil Rza Ulutürk yaradıcılığı ilə
bağlı mükəmməl araşdırmaların müəllifi,
filologiya elmləri doktoru Teymur Əhmədov yazır: "Xəlil
Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə
məruz qalmaması üçün özünəməxsus
mübarizə yolunu seçmişdi. Harada olursa-olsun, doğma
dilində təmiz danışmayan müsahibindən
eşitdiyi bir yabançı kəlmə üçün
beş qəpik cərimə tələb edərdi.
Danışığından məmnun qaldığı
soydaşlarını bir manat məbləğində
mükafatlandırardı. Beləliklə, o, müasirlərinin
diqqətini ana dilinə cəlb etməyə
çalışardı". Əlbəttə, bunlar sovet
dövründə baş vermişdi. Danışılan hadisə
zarafat təsiri bağışlasa da, həqiqət idi. Bu
gün Xəlil Rzanın ruhu qarşısında bir mənəvi
rahatlıq tapırıq. Çünki unudulmaz Heydər Əliyev
doğma ana dilimizin saflığı uğrunda nəinki
mübarizə apardı, həm də illərlə həsrətində
olduğumuz arzularımızı gerçəkləşdirdi.
Bu gün doğma ana dilimiz rəsmi dövlət dili
sayılır, bütün kargüzarlıqda, idarə və
təşkilatlarda məhz Azərbaycan dilində
yazılır, danışılır. Xəlil Rza Ulutürk
bir sıra şeirlərində kiril əlifbasına
qarşı üsyan etmişdi. Təəssüf ki, o, bu
günləri görmədi. Əlbəttə, ruhuna əyandır
ki, biz artıq neçə ildir 1 avqustu Azərbaycan dili və
Əlifbası günü kimi qeyd edirik. Bu, adi təqvim
günü yox, ümumxalq bayramıdır!
Azadlığı
zərrə-zərrə, qram-qram istəməyən,
böyük arzularla, ideyalarla yaşayan Xəlil Rza Ulutürk
bu gün də aramızdadır. Onun şeirləri dillər əzbəridir,
yenə də ön cərgədə bir məşələ,
alova dönüb. Yaradıcılığı haqqında
xeyli araşdırmalar aparılıb, müxtəlif kitablar
işıq üzü görüb. Mütəfəkkir və
filosof şairin poeziyası əslində, bir məktəbdir.
Bu məktəbin tələbə və şagirdlərinin
sayı gündən-günə artır. Onun şair
böyüklüyündən, əzəmətindən, ədəbiyyatımıza
gətirdiyi mübariz ruhdan çox yazılıb və yazılacaq
da. Bir məsələni də qeyd edək ki, Xəlil Rza
Ulutürk həm də ədəbiyyatşünas alim, tərcüməçi
və böyük publisist idi. Dünyasını dəyişəndən
sonra arxivdəki əsərləri çap edildikcə biz Xəlil
Rzanın yeni yaradıcılıq uğurları ilə
tanış olduq. "Gəl ey səhər" adlanan
kitabında müəllifin milli mədəniyyətimizə
dair elmi-publisistik və memuar məqalələri toplanıb.
Bu əsərlərin demək olar ki, əksəriyyəti ilk
dəfə məhz bu kitab vasitəsilə oxuculara
çatdırılıb. Milli mədəniyyətimizin
inkişaf məsələlərinin öyrənilməsində
Xəlil Rza Ulutürkün bu sahədəki yazıları əhəmiyyətli
mənbədir. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının
elə bir nümayəndəsi çətin tapılar ki, Xəlil
Rza Ulutürk onun barəsində yazmamış olsun. Diqqətçəkən
bir məqam da ondan ibarətdir ki, ən məşhur,
haqqında dəfələrlə yazılmış insan barəsində
Xəlil Rza söz deyərkən heç kimi təkrarlamamış,
fikrini özünəməxsus, orijinal şəkildə ifadə
etmişdir. Məsələn, Üzeyir Hacıbəyli ilə
əlaqədar qələmə aldığı yazıda
oxuyuruq: "Üzeyirin dahiliyi bundadır ki, Koroğlunun təbiətindəki
iki cəhəti: qəhrəmanlığı və
aşiqliyi musiqi dili ilə yaratmışdır. Çənlibeldə
"Azad olmaq istəyən gəlsin" deyərkən
Koroğlunun səsində doğrudan da, xalq qüvvəti
duyulur. "Sevdim, səni mən, Nigarım" deyərkən
də bu keçid, yəni, qəhrəmanlıqdan aşiqliyə
keçid təbii görünür, tamaşaçı-dinləyici
hər iki melodiyadakı üzvi vəhdətə, məlahətə
və səmimiyyətə heyran qalır". Xəlil Rza
Ulutürkün mədəniyyətlə əlaqədar
yazdığı əsərlərdə dövrün pafosu, təbliğatı,
çağırışı duyulmur. Sovet dövründə
qələmə alınsa da, Xəlil Rza həmişə
şablonçuluğa, şüarçılığa
müxalif olmuşdur. Onun fikir və mövqeyi həmişə
məqam və məram üzərində köklənmişdir.
Onun 1965-ci ildə
yazdığı "Fikrət Əmirovun
mahnıları" adlı məqaləsində oxuyuruq:
"Simfonizmin sirlərinə vaqif olan xalq dünyanın mədəni
faktları sırasında şərəfli bir yer tutur. Azərbaycan
simfonizminin özəyini üç musiqi nəhənginin -
Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin,
Zülfüqar Hacıbəylinin əsərləri təşkil
edir".
Hüseyn Cavid,
Mikayıl Müşfiq, Əkrəm Cəfər, Niyazi, Şəhriyar,
Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Səttar Bəhlulzadə,
Əliağa Vahid, Lətif Kərimov, Bülbül,
Aşıq Ədalət və onlarca başqaları
haqqında yazdığı əsərlərin
hamısının mahiyyətində bir sərbəstlik, mənəvi
azadlıq duyulur. Sovet hökumətinin heç bir təpkisi,
rejimi Xəlil Rzanı buxovlaya bilmədi. 1978-ci ildə Firidun
Şuşinski haqqında yazdığı məqalədə
oxuyuruq: "Əgər şəxsiyyət özü yeni və
qüdrətli deyilsə, onun qələmində yenilik ola bilməz.
Firidun Şuşalı Azərbaycanın nadir
oğullarındandırE Budur onun kitablarından biri -
"Şuşa". Bu kitabda 500 şəxsin adı var,
icadı var. Kiçik Parisidir Şuşa Qafqazın, gözəl
əsəridir qardaşımızın". 1978-ci ildə
yazılmış bu məqalənin bir abzasındakı
eyhamlı, həm də cəsarətli fikir diqqətimizi
çəkir. "Biz öz bayrağımızın birini Bəndərbuşirə,
birini Bosfora taxmalıyız. Buna mane olmağa
çalışan biləklər kəsilməlidir". Guya
Cəfər Cabbarlının əsərindən sitat gətirilir,
amma əslində, müəllifin öz məramını,
ürəyində keçənləri əks etdirir. Xəlil
Rza Ulutürk təkcə poeziyasında deyil, məqalə və
resenziyalarında, publisistikasında da vətəndaşlıq
mövqeyindən geri çəkilməyib. O, bir azadlıq
carçısı, qələmi də tribunası idi.
Səttar Bəhlulzadə
haqqında yazdığı məqalədə də Xəlil
Rza Ulutürk vətənpərvərlik,
millətsevərlik duyğusu ilə qəhrəmanını
belə təqdim edib: "Səttarın gözləri
Göygöl idi, saçları Xəzər dalğaları.
Barmaqları qumda ağac kökləri. Geyinmək yadına
düşmürdü. Əyləşəndə yana
açılmış dizləri sanki qartal qanadları idi.
Hirsləndimi, siqarını söndürər və dərhal
təzəsini yandırardı. İşləyəndə fin
şalvarı geyərdi. Bir həpənd ondan soruşdu ki,
işləyəndə nə düşünürsən?
Sorğunun mənasızlığından əsəbləşdi.
Həpənd davam etdi: siz realistsiniz, yoxsa romantik? Səttar daha
dözmədi, sərtləşdi: - İzm özünsən
- dedi. Mən ürəyim deyəni çəkirəm.
Heç bir izm tanımıram. Bu tabloda haranı görürsən?
Yevlaxdan baxanda Murov dağını! Mən həm Murovdan rəng
götürürəm, həm də əbədiyyətdən.
Səttar bizə göz verirdi bu dünyanı görməyə".
Xəlil Rza Səttar
Bəhlulzadə haqqında dəfələrlə yazıb. O, Azərbaycan
torpağının vurğunu idi. Səttar Bəhlulzadə də
Azərbaycan təbiətinin bütün gözəlliklərini
kətana köçürürdü. Bəlkə də, elə
buna görə Xəlil Rza böyük ehtiram və məhəbbətlə
fırça ustadını "Rəssamlığımızın
Füzulisi" adlandırırdı.
Azərbaycanda bədii oxu məktəbinin
qüdrətli nümayəndələri çoxdur. Xəlil
Rza Ulutürk Kazım Ziya, Müxlis Cənizadə, Mehdi Məmmədov,
Səməndər Rzayev, Əminə Yusifqızı və
başqaları haqqında maraqlı fikirlər söyləyib.
Xüsusilə də, Mikayıl Mirzə haqqında dəyərli
yazıların müəllifidir. Həmişə də bu
unudulmaz bədii qiraət ustadının yaradıcılıq
cəhətlərinin qabarıq xüsusiyyətlərini
olduqca dürüst və səlis ifadə edib. Xəlil Rza hələ
1986-cı ildə yazırdı: "O, öz dinləyicisinin
yalnız hisslərinə deyil, həm də idrakına
güclü təsir etməyi bacarır, onu hərəkətə
gətirir, düşündürür,
özünütanıma, özünüdərk istedadı
aşılayır. Buna görə "Mən azərbaycanlıyam",
"Sən azərbaycanlısan" tezisi onun
ifaçılıq və aktyorluq sənətindən
qırmızı bir xətt kimi keçib gedir. Burada milli
şüur işığı çağdaş Azərbaycan
mühitini dərketmə, tanıma, dostu-düşməni
seçmə vasitəsidir. Yalnız sovet Azərbaycanını
deyil, Arazın o tayındakı böyük Azərbaycan
dünyasını bütün ziddiyyətləri, daxili
vuruşları, şanlı və əzəmətli tarixi
keçmişi ilə birlikdə anlamağın, tərəqqi
uğrunda gedən mübarizədə öz səngərini mənəviyyatla,
milli dəyərlərlə müəyyənləşdirməyin
vasitəsidir".
Qətiyyətlə deyə bilərik ki, Xəlil
Rza Ulutürkün mədəniyyətlə bağlı
yazdığı məqalələrin,
araşdırmaların topladığı "Gəl, ey səhər"
kitabından Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin müvafiq fakültələrində
dərs vəsaiti kimi istifadə etmək olar. Məhz bu kitabda
Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri
olan insanların yaradıcılığına güzgü
tutulub. Buradan boylanan hər bir şəxsiyyətin həyatı,
fəaliyyəti mədəniyyətimizin müəyyən mərhələsi
ilə vəhdət təşkil edir.
Xəlil Rza Ulutürk milli mənlik
şüuru, türkçülük ideologiyasının,
dövlət və millət müəyyənliyini inkar edənlərə
qarşı həmişə öz
yaradıcılığı ilə üsyan edirdi. Dahi
Hüseyn Cavidin məşhur misrasını
yaradıcılığına epiqraf seçmişdi və
tez-tez işlədərdi:
Turana qılıncdan daha kəskin,
ulu qüvvət -
Yalnız mədəniyyət,
mədəniyyət, mədəniyyət!
Məhz bu mədəniyyəti daha da zənginləşdirmək
üçün "Turan çələngi"
hazırlayırdı. Ötən əsrin ortalarından
başlayaraq özbək, qazax, qırğız, fars, tacik,
tatar dillərində yazıb yaratmış şairlərin əsərlərini
dilimizə çevirirdi. Xəlil Rzanın bu sahədəki
xidmətlərindən biri də Azərbaycan şairlərinin
fars dilində yazdığı əsərləri doğma
dilimizə tərcümə etməsidir. Bu sırada Qətran
Təbrizi, Əfzələddin
Xaqani, Nəsrəddin Tusi, Sahib Təbrizi, Mirzə Şəfi
Vazeh, Şəhriyar və başqaları əsas yer tutur.
Xüsusilə də, Nizami Gəncəvinin qəzəl və
rübailərini, eləcə də "İsgəndərnamə"sini
tərcümə etmişdir. Bu əsərləri başqa
şairlər də dilimizə gətiriblər. Amma orijinala
yaxınlığı və dəqiqliyi baxımından Xəlil
Rza Ulutürkün tərcüməsi daha əhəmiyyətlidir.
Xüsusilə də, "Sirlər xəzinəsi"ndən
tərcümə etdiyi seçmə beytlər Nizami ruhunun tərcümanıdır:
Zaman cana doydurub
hünərlini məhv edər,
O qədər dağ basar ki,
hünərdən bezər hünər.
Uzaqgörən kişilər heç vaxt
həddini aşmaz,
Gecə gördüklərini gündüz
kimsəyə açmaz.
Azərbaycan və özbək ədəbi
əlaqələrinin yaranıb inkişaf etməsində Xəlil
Rza Ulutürkün xidmətləri əvəzsizdir. Tərcüməçilik
fəaliyyətində əsas uğuru ondan ibarət idi ki, Xəlil
Rza həmişə orijinaldan çevirməyə
üstünlük verirdi. Vaxtilə böyük tatar şairi
Musa Cəlilin vətənpərvər ruhlu şeirlərini
dilimizə çevirən X.R.Ulutürk
çalışmışdır ki, müəllifin
ideyalarını olduğu kimi təsirli şəkildə
qoruyaraq Azərbaycan oxucusuna çatdıra bilsin. Tatar
xalqının azadlıq ruhunu vətənpərvərlik və
beynəlmiləlçilik ideyalarına bağlayaraq yaddaqalan və
sevilən şeirlər kimi ədəbiyyatımıza gətirdi.
Dünya xalqları arasında ədəbi əlaqələrin
qurulmasında maraqlı olan Xəlil Rza Ulutürk "Turan
çələngi" kitabı ilə türk birliyinin bədii
himnini çaldı. Bu kitab əslində türkdilli xalqlara
qiymətli bir hədiyyə oldu. Hüseyn Cavid ideyaları ilə
publisistik fəaliyyətini səmərəli şəkildə
davam etdirən Xəlil Rza Ulutürk tərcüməçiliyində
də başqa bir türk klassikinin misralarını məşəl
kimi yandıraraq onun işığında qələm
çalırdı: "Vətən nə Türkiyədir
türklərə, nə Türküstan. Vətən
böyük və mühəddət bir ölkədir: Turan!
Hüseyn Caviddən, Ziya Göyalpdan mənəvi
qida alan, onların yolunu ləyaqətlə və hünərlə
davam etdirən, çarpışan, mübarizə aparan xalq
şairi Xəlil Rza Ulutürkün bir məramı var idi:
Biz Türkləriz, Vətənimiz -
başdan-başa Yer kürəsi,
Bayrağımız al günəşdir,
çadırımız göy qübbəsi.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 6.