Vətən cəsurları sevir

 

 Son illər dövlət ölkədə təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün sistemli surətdə böyük işlər görür. Xüsusən, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər hər yerdə sevinclə, rəğbətlə qarşılanır. Ölkədə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla yerinə yetirilir. Elə bir rayon, elə bir bölgə çətin tapılar ki, orada bu sahədə müəyyən işlər görülməmiş olsun.

Elə götürək ən ucqar rayonlardan biri sayılan Gədəbəyi. Son on ildə bu rayonda azı 30 məktəb binası tikilib, bərpa olunub, yaxud əsaslı surətdə yenidən qurulub.  Şəmkir, Qazax, Goranboy rayonlarında və digər yerlərdə də yeni məktəb binalarının sayı aybabay, ilbəil artır.

Təkcə cari ildə Gəncə şəhərində 30, 15, 32, 43 nömrəli məktəblər üçün təzə binalar istifadəyə verilib. İlin sonuna kimi daha beş binada tikinti işlərinin başa çatdırılması gözlənilir. Ən xarakterik cəhət budur ki, yeni binalar müasir istilik sistemləri, müvafiq fənn kabinələri, laboratoriyalar və hər cür tədris ləvazimatı ilə təmin olunur.

Bütün bunlar heç şübhəsiz ki, tədrisin keyfiyyətinə və gənclərin dünyagörüşünə öz müsbət təsirini göstərir. İndi gənc oğlan və qızlar dəqiq elmlərə, texniki fənlərə daha çox meyil edir, qəbul imtahanlarında bu sahədə böyük uğurlar qazanırlar. Cari ilin nəticələri ötən dövrün göstəriciləri ilə müqayisə edildikdə günümüzün reallığını açıb göstərən maraqlı mənzərə yarandı. Bu il Gəncədə ali məktəblərə imtahan verən məzunlardan, demək olar, yarısı tələbə biletini ala bilib. Özü də hansı ali məktəblərə? Əvvəllər ölkədən kənara gedən bir gəncin yetişməsi, az qala, nadir hadisə sayılırdısa, cari ildə təkcə Gəncə məktəblərinin 44 məzunu dünyanın ən nüfuzlu ali məktəblərinə qəbul olunub. Özübu, tədricən geniş xarakter, kütləvi hal alır. 32 nömrəli məktəbin səkkiz, 16 nömrəli məktəbin isə 6 məzunu Avropanın ən mötəbər təhsil ocaqlarında oxuyur. 3 nömrəli məktəbin məzunu Rəhman Mahmudov İstanbul Bağçasaray Universitetinə, 6 nömrəli məktəbin yetirməsi Hüseyn Abdullayev Kipr Universitetinə, 32 nömrəli məktəbin iki məzunu -  ElnurHüseyn Allahverdiyev qardaşları Saratov Hüquq Akademiyasına qəbul olunublar.

Xarakterik cəhətlərindən biri də gənclərdə hərbi təhsilə meyil, marağın getdikcə artmasıdır. Gənc oğlan və qızlar bir neçə il bundan əvvəl bəlkə də heç xəyallarına gəlməyəcək ali təhsil ocaqlarına indi həvəslə gedir, uğurla daxil olur, səylə oxuyurlar. Bu, belə də olmalıdır. Ölkə Prezidenti İlham Əliyev deyib: "Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəklər... Ona görə ilk növbədə bilik, bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm ki, bizim bütün məktəblərdə vətənpərvərlik mövzusu daim gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaq - bunlar ölkəmizi qabağa aparacaqdır".

Məhz buna görə öz işlərini günün tələblərinə uyğun quran məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.

Qanlı-qadalı günlərdə namərd düşmən Tovuzdan bir qarış belə, torpaq qopara bilmədi. Amansız döyüşlərdə 254 nəfər şəhid oldu. Natiq Yusifov və Qasım Rzayev Milli Qəhrəman adına layiq görüldülər. Onların xatirəsi hər yerdə əziz tutulur. Tovuzda məktəblərin yarısı şəhid adı daşıyır. Rayonun mərkəzində, qəsəbə və kəndlərdə abidələr ucaldılıb, bulaqlar tikilib, xatirə guşələri düzəldilib, muzeylər açılıb.

Hər yerdə bu mərd övladların həyatı və mübarizə yolundan danışılır, gənclərə nümunə göstərilir. Bir məsələ həmişə xüsusi vurğulanır ki, hələ də  Vətən torpağının beşdə bir hissəsi düşmən tapdağı altındadır. Hər gün, hər saat nankor qonşuların xəyanətlərinə hazır olmalıyıq. Nəyin bahasına olursa-olsun, torpaqlarımız işğaldan azad edilməli, onun hər qarışı göz bəbəyi kimi qorunmalıdır. Elə buna görə də rayonun ümumtəhsil məktəblərində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir.

Əməkdar müəllim Murğuz Əsədov deyir ki, neçə ildir icra hakimiyyətinin təşəbbüsü ilə bu məsələ ilə bağlı geniş tədbirlər planı həyata keçirilir. Orta məktəblərdə fiziki və mənəvi cəhətdən xüsusi fərqlənən azı 150 nəfər seçilir və onların ali hərbi məktəblərə və liseyə hazırlanması üçün əməli işlər aparılır. Bu sahədə N.TusiPuşkin adına şəhər, Bozalqanlı, Alakol, Azaflı, Dönükqırıqlı kənd məktəbləri və digər kollektivlər xüsusilə fərqlənirlər.

Buna görə də təsadüfi deyil ki, inişil Tovuzdan 44 nəfər ali hərbi məktəblərə və liseylərə qəbul olunmuşdursa keçən il onların sayı 64-ə, bu il isə 79 nəfərə çatmışdır. Başqa sözlə, son altı ildə Tovuz rayonu ali hərbi məktəblərə və hərbi liseylərə 324 nəfər məzun vermişdir. Bu, üst-üstə bütövlükdə qərb bölgəsinin rayonlarında olduğundan xeyli çoxdur. Odur ki, bu sahədə Tovuzun təcrübəsi öyrənilməyə, təbliğ və tətbiq olunmağa layiqdir.

QazaxGoranboy rayonlarında da gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Elə bunun nəticəsidir ki, cari ildə Qazaxdan ali hərbi məktəblərə 19, C.Naxçıvanski adına liseyə 20, Goranboy rayonundan isə 12 nəfər qəbul olunmuşdur ki, bu da ötən ildəkinə nisbətən xeyli çoxdur. Zeyvə kənd məktəbinin yetirməsi Əmrah Əmirov isə Türkiyənin hərbi liseylərindən birində təhsil alır.

Sərhəd zonasında yerləşən bölgələrin, eləcə də Göygöl rayonunun hər bir sakini torpaqlarımızın azad olunması üçün daha bilikli, daha səriştəli kadrların vacibliyini çox yaxşı bilir. Hazırda Göygöl rayonunun 11 məzunu C.Naxçıvanski adına hərbi liseydə oxuyur. Balçılı kənd bir nömrəli məktəbin yetirmələri Vüqar Hüseynov və Məhəmməd İbrahimli Ali Hərbi Akademiyaya daxil olub. Pünhan Ələsgərli polis, Fərid Əliyev təhlükəsizlik akademiyalarının, şəhər 3 nömrəli məktəbin üç nəfər yetirməsi - Rifat Maqsudlu, Araz Məmmədli, Elnur Əsgərzadə Milli Aviasiya Akademiyasının tələbələridir. Təkcə son iki il ərzində rayon üzrə 20 nəfər ali hərbi məktəblərə və liseylərə qəbul olunmuşdur. Sistemli surətdə aparılan təbliğat-təşviqat işinin nəticəsidir ki, gənc oğlan və qızlar bu mühüm sahəyə xüsusi meyil edirlər.

Kəlbəcər rayonundan yüksək bal toplayanların və ali məktəblərə daxil olanların sayı ilbəil artır. Təqdirəlayiq haldır ki, müharibənin odunu-alovunu görmüş bu diyarın gənc nəsli hərbi məktəblərə və liseylərə daha böyük maraq göstərirlər. Rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov deyir ki, ümumən biliklərin dərindən öyrənilməsi ilə yanaşı, hərbi sahədə yetkinliyin artırılması üçün gənclərlə fərdi aparılır. Hər hansı pedaqoji kollektivin fəaliyyətinə qiymət verərkən bir sıra digər keyfiyyətlərlə yanaşı, ilk növbədə, hərbi vətənpərvərlik tərbiyəsinin səviyyəsi nəzərə alınır.

Gənclərdə Vətənin müdafiəsinə, hərb sənətinə marağın artırılması üçün gənclər və idman idarəsi ilə birgə sistemli surətdə tədbirlər həyata keçirilir. Ənənəvi gənclər günü və digər bayramlarla əlaqədar olaraq ali hərbi məktəblərə hazırlaşan şagirdlər arasında turnirlər təşkil olunur, fərqlənənlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilir.

Müntəzəm surətdə "Cəsurlar" və "Şahin" hərbi idman oyunlarının, habelə "Vətənin müdafiəsinə hazırıq" idman yarışının keçirilməsi ənənə şəklini alıb. Qaliblərə xatirə hədiyyələri, fəxri fərmanlar təqdim olunur.

Bu günlərdə gənclərin vətənpərvərlik tərbiyəsinin, onların ali hərbi məktəblərə və liseylərə hazırlanmasının vəziyyəti rayon üzrə ətraflı təhlil edilmişyekunlar maarifyanı şurada geniş müzakirə edilərək yerlərdə bu işin daha da canlandırılması üçün konkret tapşırıq və tövsiyələr verilmişdir.

M.Bağırov deyir ki, Azərbaycan müharibə şəraitində olduğu üçün ölkəyə mərd oğullar, cəsur komandirlər gərəkdir. Ona görə də biz çoxcəhətli təlim-tərbiyə sahəsində daim bu mühüm məsələyə xüsusi üstünlük veririk. Məktəblərimizdə müstəqil ölkəmizin yeni nəsli, vətənin fəal müdafiəçiləri yetişir. Biz həmişə gənclərə çox mühüm bir fikri təlqin etməyə çalışırıq: Vətən cəsurları sevir. Bu gün belə mərd, mübariz insanlara çox böyük ehtiyac vardır.

 

 

 Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 21 oktyabr.- S. 6.