Bənzərsiz
fırça ustası
Naxçıvanlı rəssam
İlham Mirzəyev üçün ötən il ciddi
yaradıcılıq nailiyyətləri ilə yadda qaldı. 10-a
yaxın tablosu il boyu Rusiya rəssamlarının
"Slavyan mədəniyyəti həftəsi" çərçivəsində
Almaniya, Bolqarıstan və Rusiyada təşkil etdikləri sərgilərdə
nümayiş etdirildi və adını qaliblərin
sırasına yazdı.
Onu da qeyd edək ki, "Slavyan mədəniyyəti
həftəsi" çərçivəsində beynəlxalq
sərgilər Moskva, Sankt-Peterburq, Berlin və Sofiya şəhərlərində
ötən ilin əvvəlindən sonuna kimi təşkil
olundu. Bu sərgilərdə əsasən eksperimental rəngkarlıq
nominasiyası üzrə hər dəfə birinci yeri alan rəssam
İ.Mirzəyevin yaradıcılığında heç kimə
bənzəməməyə çalışması, bəlkə
də fərqli və həddən ziyadə fərdi
yaradıcılıq üslubu münsiflər heyətinin il
boyu onun işlərinə yüksək qiymət verməsinə
səbəb olmuşdur.
Rəssamın özünə gəldikdə
isə, Şərq fırçasına slavyan sevgisini adi bir
hal sayır, işlərinin maraq doğurmasını isə
anadan olduğu torpağın - Naxçıvanın zəngin
və sərt təbiətindən, genetik yaddaşından bəhrələnməsi
ilə izah edir. İ.Mirzəyev
rəssam kimi formalaşmasında ulu öndər Heydər Əliyevin
dəstəyi ilə yaradılan Azərbaycan Rəssamlar
İttifaqı Naxçıvan şöbəsinin
böyük əməyi olduğunu həmişə qeyd edir:
- Hər bir istedadın
formalaşması üçün yaradıcı mühit
vacibdir. Naxçıvan Muxtar Respublikasında yeni intellektual,
yaradıcı rəssamlar nəslinin formalaşmasında ulu
öndər Heydər Əliyevin əvəzsiz xidmətləri
olmuşdur. Ulu öndər hələ
ötən əsrin 70-80-ci illərində muxtar respublikadan
istedadlı gəncləri təhsil almaq üçün
keçmiş Sovet İttifaqının ən məşhur təhsil
ocaqlarına göndərirdi. Bunlardan mərhum rəssam Mircəlil
Seyidov Sankt-Peterburq, Məmmədəli Ələkbərov
Moskva səhərlərindəki ali rəssamlıq məktəblərində
təhsillərini başa vurub muxtar respublikaya peşəkar rəssamlar
kimi qayıtdılar. Bir qədər sonra xüsusi istedadı
və saf əqidəsi ilə seçilən Mircəlil
Seyidov həmin təşkilatın sədri seçildi. Sərgilərimizin
açılışına ulu öndər özü gələrdi,
yaradıcılığımıza qiymət verərdi.
Sevindirici haldır ki, bu gün də Naxçıvan Ali Məclisinin
Sədri Vasif Talıbov yerli rəssamların
qayğılarının həll edilməsinə, sərgilərinin
təşkilinə dəstək verir. Əgər bu gün mənim
yaradıcılığıma maraq varsa,
düşünürəm ki, bu, yalnız mənim yox,
yaradıcılıqda ünsiyyət qurduğum bütün
insanlarla, ələlxüsus Naxçıvan rəssamları
ilə bağlıdır. Odur ki, Naxçıvan Muxtar
Respublikasında yaradıcılıq mühiti yaradan və bu
mühiti qoruyan insanların hamısına minnətdaram.
Hər bir yaradıcı şəxs gərək
elə çalışıb yaratsın ki,
başqalarından fərqli iz qoya bilsin. Bunun üçün
isə daim oxumaq, öyrənmək lazımdır.
Ruhiyyə RƏSULOVA,
Naxçıvan
şəhəri
Azərbaycan.-2012.-
21 oktyabr.- S. 7.