Xalqın maraqlarına hesablanan sosial tədbirlər cəmiyyətdə razılıqla qarşılanır

 

 Sovet dövründən banklarda qalmış əmanətlərə görə ən yüksək fərdi ödəmələrin ölkəmizdə verilməsi Azərbaycan dövlətinin öz vətəndaşlarına olan yüksək diqqətinin təsdiqidir

 

 2012-ci ilin ötən 9 ayı iqtisadi sahədə artımla yanaşı, sosial sferada qazanılan uğurlarla da əlamətdardır. Həyata keçirilən inkişaf strategiyası sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə paralellik təşkil edir. Dərindən düşünülmüş sosial siyasət nəticəsində bu il də əhalinin rifahının yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılıb.

Bu mənada Azərbaycanda 2012-ci ilin reallıqları ondan ibarətdir ki, davamlı inkişaf dövlətin sosial siyasətinin yüksək səviyyədə həyata keçirilməsini təmin edib. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər bu sferada dinamik inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. Bununla yanaşı artıq respublikamız iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsinə qədəm qoyub ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var. Bunun bariz nümunələrindən biri ötən il pensiyaların baza hissəsinin təqribən 40 faizə qədər artırılmasıdır.

Məlum olduğu kimi, ölkəmizin sosial inkişaf strategiyasına əsasən pensiyaların baza hissəsinin mütəmadi olaraq artırılması qarşıya qoyulan əsas vəzifələrdir. Sosial siyasətin əsas tərəflərindən biri məhz budur. Vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində ən yaddaqalan tədbirlərdən biri məhz pensiyaların artımıdır. Ötən il pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablandı və təxminən 845 min nəfərin pensiyası təqribən 40 faiz artırıldı. Həmçinin elmi dərəcəsi olan əmək pensiyaçılarının da sosial müdafiəsi möhkəmləndirildi.

Vətəndaşların sovet dövründən banklarda qalmış və bir ictimai-iqtisadi formasiyadan digərinə keçilməsi ilə əlaqədar baş vermiş yüksək inflyasiya səbəbindən dəyərdən düşmüş əmanətlərinin taleyixeyli vaxt idi sosial məsələ  olaraq müzakirə mövzusu idi. İndiyədək bəzi ölkələrdə sovet dövründən qalmış əmanətlər qaytarılıb, amma onların hamısında bu proses vətəndaşları razı salacaq səviyyədə həyata keçirilməyib. Hətta bəzi respublikalar bu prosesi sonadək tamamlaya bilməyiblər.

Prezident İlham Əliyevin bu il martın 14-də imzaladığı "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanı ilə bu məsələyə də son qoyuldu. Cari ilin iyunun 1-dən etibarən keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi "Kapital Bank" ASC-nin xidmət məntəqələrində 1992-ci il 1 yanvar tarixinə qədər qoyulmuş əmanətlərə görə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılıb və bu proses 2013-cü il dekabrın 31-dək başa çatacaq. Bununla da ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi mühüm bir məsələ yoluna qoyuldu. Hazırda fərdi birdəfəlik ödəmələrin verilməsi davam edir. İndiyədək 871 min əmanətçiyə nəzərdə tutulan vəsaitin artıq 30 faizi, təxminən 366 milyon manat ödənilib.

Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq deyib: "Sosial məsələlərin həllində də böyük nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından qalmış əmanətlərə kompensasiya verilməsi prosesi başlanmışdır və bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda veriləcəkdir. Bu da sosial siyasətimizin nə qədər geniş olduğunu göstərir".

Qeyd etdiyimiz kimi, MDB üzvü respublikalarından bəziləri bu prosesi həyata keçiriblər. Lakin paralel müqayisələr aparsaq görərik ki, Azərbaycan bu məsələdə vətəndaşların maddisosial maraqlarının qorunması baxımından liderdir. Yəni tətbiq edilən qaydalar əhali üçün daha sərfəlidir. MDB ölkələri ilə müqayisələr göstərir ki, Azərbaycanda digər ölkələrlə nisbətdə daha yüksək şəkildə ödəniş tətbiq edilir. Bu baxımdan, Azərbaycanda əmanətlərlə bağlı verilən fərdi birdəfəlik ödəmələrdə sosial ədalət daha çox qorunur. Bu da ondan xəbər verir ki, vətəndaşlar dövlətin bu addımından arzuladıqları kimi yararlanırlar.

Azərbaycan hakimiyyəti belə bir qərar qəbul etməklə, keçmiş SSRİ dövrünün öhdəliklərini yerinə yetirməklə öz vətəndaşlarının qayğılarına son dərəcə həssas olduğunu nümayiş etdirir. Digər əhəmiyyətli cəhətləri ilə yanaşı, belə bir addım, müstəqil Azərbaycan Respublikasının tərəqqisində əməyi olmuş vətəndaşlarımızın ölkənin inkişafına verdikləri töhfələrə dövlət tərəfindən verilən yüksək qiymətdir. Eyni zamanda məsələnin optimal həllinə  yönəlməklə, müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının, əhali maraqlarını əsas götürən sosialyönümlü siyasətinin təsdiqinin təzahürüdür.

 

 

Azərbaycan.-2012.- 23 oktyabr.- S.1.