Əli Həsənov: Bakıda Beynəlxalq
İnternet Forumunun keçirilməsi bu sahənin
Azərbaycanda dəyərləndirilməsi kimi qiymətləndirilir
Beynəlxalq
İnternet İdarəçiliyi Forumunun Bakıda
keçirilməsi, ilk növbədə, bu sahənin Azərbaycanda
dəyərləndirilməsi kimi qiymətləndirilir. Bunu
Trend-ə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan
internet sahəsində ən qabaqcıl ölkələrdən
biridir, internet istifadəçilərinin sayına, internetin tətbiqinə,
yayım məsələsi və digər imkanlarına görə
bölgənin tanınmış ölkələrindəndir.
"Beynəlxalq aləm də Azərbaycanda
internetin vəziyyətini dəyərləndirərək bu
beynəlxalq konfransın Bakıda keçirilməsinə qərar
verib". Onun sözlərinə görə, bu, həm də
Azərbaycanda internetin inkişafına ciddi təkan verəcək.
"Bütün beynəlxalq internet idarəçilərinin,
Avropanın bu sahə üzrə dövlət və
qeyri-hökumət təşkilatları nümayəndələrinin
bu forumda iştirakı gələcəkdə Azərbaycanda
internetin inkişafını daha da stimullaşdıracaq və
bu sahənin inkişafına dəstək verəcək. Əlbəttə,
Azərbaycanda həmin günlərdə sərginin də
keçirilməsini nəzərə alaraq, ölkə
bütün dünyada internet istifadəçilərinin diqqət
mərkəzində olacaq" - Əli Həsənov deyib.
O həmçinin qeyd edib ki, Azərbaycan
yaranmış fürsətdən istifadə edərək
öz imkanlarını nümayiş etdirəcək, eləcə
də mövcud sahənin inkişafı ilə bağlı
beynəlxalq təcrübəni öyrənib gələcəkdə
respublikada tətbiq edəcək.
Xatırladaq ki, noyabrın 6-dan 9-dək
Bakıda Beynəlxalq İnternet İdarəçiliyi Forumu
keçiriləcək. Forumun Azərbaycanda keçirilməsi
ölkəmizdə internetə, sosial mediaya olan dəstəyin
bariz nümunəsidir.
Azərbaycan.-2012.-
23 oktyabr.- S.2.