Azərbaycanda qaçqın və məcburi köçkünlərə göstərilən qayğı BMT-də yüksək dəyərləndirilib

 

 Dövlətimizin bu sahədə atdığı addımları oxşar problemlər yaşayan ölkələrə nümunə göstərmək olar

 

 Azərbaycan BMT-nin daha bir nüfuzlu təşkilatında təmsil olunur. Baş Məclisin 19 dekabr 2011-ci il tarixli qətnaməsinə əsasən, BMT-nin İqtisadi və Sosial Şurasında 2012-ci il aprelin 26-da səsvermə keçirilmiş və böyük səs çoxluğu ilə Azərbaycan BMT-nin Qaçqınlar və Məcburi Köçkünlər üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir. Ali Komissarlığın İcraiyyə Komitəsi bir qurum olaraq BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən 1958-ci ildə təsis edilmiş və 1 yanvar 1959-cu ildən fəaliyyətə başlamışdır.

Bu quruma qaçqınların və məcburi köçkünlərin probemlərinin həllində maraq və qətiyyət göstərən dövlətlər seçilir.  Azərbaycan uzun illərdir qaçqın və məcburi köçkün problemi yaşayan ölkələrdən biridir. Müstəqilliyini yenicə qazanmış dövlətimiz həm təcavüzə məruz qaldı, torpaqları işğal olundu, həm də 1 milyondan çox soydaşımız yurd-yuvasından qaçqın-didərgin vəziyyətinə düşdü. Həmin vaxtlar dünya ictimaiyyətindən, xüsusən də BMT QAK-dan təmənnasız yardımlar gəlsə də, əsas ağırlıq Azərbaycanın öz üzərinə düşmüşdü. Əhali ölkənin bütün rayonlarına səpələnmişdi, yerləşmə, çadırla, gündəlik ərzaqla təmin olunma məsələləri kimi çətin problemlər var idi. Digər tərəfdən, siyasi gərginlik, təcavüzkar dövlətin işğal etdiyi əraziləri genişləndirməsi vəziyyəti daha da ağırlaşdırırdı. Lakin 1993-cü ildə hakimiyyətə xalqın tələbi ilə müdrik rəhbər Heydər Əliyev gəldi və bundan sonra problemlər bir-bir çözüldü. O zamandan 20 ildən çox vaxt keçir. İndi azərbaycanlı qaçqın və məcburi köçkünlər hər şəraiti olan mənzillərlə təmin olunub, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, onlar üçün infrastruktur yaradılıb.      

Oktyabrın 1-də Cenevrədə keçirilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında çıxış edən ali komissar Antonio Quterreş Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirmiş, dövlətimizi bu taleyi yaşayan başqa ölkələrə nümunə çəkmişdir: "Dünyada elə ölkələr var ki, qaçqın və məcburi köçkünlərə yardım etmir, yalnız onların acınacaqlı vəziyyətini dünyaya nümayiş etdirməklə siyasi məqsədlərinə nail olmağa çalışırlar. Bundan fərqli olaraq Azərbaycan hökuməti məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün nümunəvi tədbirlər həyata keçirir. BMT QAK bunu alqışlayır və münaqişə həll olunduqdan sonra könüllü qayıdışın mümkün olduğunu ifadə edir". 2006-cı və 2011-ci illərdə Azərbaycanda olarkən Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan ali komissar ölkəmizdə olduğu müddətdə həm də çadır şəhərciklərində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdıqları yerlərdə onlarla keçirdiyi görüşlərdən danışdı: "Azərbaycan hökumətinin bu sahədə  təqdirəlayiq nailiyyətləri göz önündədir. Bu dövlətin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımları oxşar problemlər yaşayan ölkələrə nümunə göstərmək olar. Mən Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin necə dəyişdiyini öz gözlərimlə gördüm".

Toplantıda azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının zəruriliyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, bir sıra beynəlxalq təşkilatların sənədlərində qeyd olunduğu göstərildi. Vurğulandı ki, beynəlxalq birliyin bu tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün də olduqca vacibdir. Məlumdur ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, digər nüfuzlu beynəlxalq qurumlar təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi barədə qərar və qətnamələr qəbul etmişlər. Rəsmi Bakı münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır və bu siyasətini dəyişməz olaraq saxlayır. Lakin terroru dəstəkləyən dövlət olan Ermənistan işğalçılıq siyasətindən əl çəkmir, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur. 

63-cü sessiyanın toplantısında Azərbaycan nümayəndə heyətinin başçısı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdi ki, dövlətimiz hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, həmçinin bu münaqişənin ən ağır fəsadları olan qaçqın, məcburi köçkün problemini ən nüfuzlu beynəlxalq qurumlar qarşısında qaldırır, dünyanı bu ədalətsizliyə son qoymağa çağırır. BMT QAK rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını vurğulayan komitə sədri Əli Həsənov İtaliyanın ENİ şirkəti tərəfindən qrant şəklində ayrılmış 2,2 milyon ABŞ dolları məbləğində vəsait hesabına BMT QAK-ın köməyi ilə məcburi köçkünlər üçün Göygöl və Beyləqan rayonlarında ilk sığınacaqların, sosial obyektlərin inşa edildiyini və Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında 13 kilometr uzunluğunda su xəttinin çəkildiyini bildirmiş və ölkəmizin müstəqillik illərinin əvvəllərində iqtisadi cəhətdən zəif olduğu dövrdə həyata keçirilən bu vacib humanitar aksiyaların yaddan çıxmayacağını vurğulamışdır.   

BMT Baş Assambleyasının 67-ci sessiyasında Türkiyəni təmsil edən xarici işlər naziri Əhməd Davudoğlu da kəskin çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb: "Hər dəfə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolunun tapılmasına ehtiyac olduğu barədə danışırıq. Lakin son 20 il ərzində bu istiqamətdə hər hansı bir konkret addım atılmayıb".    

Avqustun 31-də Avropa Parlamentinin nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində olarkən bu görüşlərin və müzakirə olunan məsələlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, ümumilikdə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına müsbət təsir göstərəcəyinə əmin olduqlarını bildirmişdilər. Komitə sədri Əli Həsənov müstəqillik illərinin əvvəllərində Azərbaycanın qarşılaşdığı problemlərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər, tarixi kökləri, nəticələri, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdı.

Görüşün sonunda Quterreşə ingilis dilində xüsusi hazırlanmış "Vətən həsrəti... sönməyən ümidlər" sənədli filmi, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və məşğulluğunun artırılması ilə bağlı həyata keçirilmiş tədbirlərə həsr olunmuş məlumat kitabçaları təqdim olunmuşdur. Azərbaycan hökuməti hesab edir ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində indiyədək beynəlxalq qurumlarla apardığı səmərəli əməkdaşlıq öz bəhrəsini vermişdir. Xalqımız inanır ki, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və başqa beynəlxalq nüfuzlu qurumlar Azərbaycanın haqq işi uğrunda apardığı mübarizədə ona dəstək olacaq, yurd-yuvasından didərgin salınmış insanların öz yerlərinə qaytarılmasında əlindən gələni edəcək, bu sahədə antihumanist addımlara yol verilməyəcək, insanların öz vətənlərində yaşamaq haqqı bərpa olunacaqdır.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2012.- 23 oktyabr.- S.2.