Xarici şirkətlər fəaliyyətində Azərbaycanın dövlət və milli maraqlarını hökmən nəzərə almalıdırlar

 

 Dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində karbohidrogen ehtiyatları əsas yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının yüksəlməsinin təmin edilməsinə yönəlib.

Xəzər regionunda neft istehsalı sənayesinin inkişafında dünyada neft ölkəsi kimi tanınan Azərbaycan həmişə aparıcı rol oynayıb. Lakin müstəqilliyin ilk illərində yaşanan böhran ölkəmizin neft sənayesində də tənəzzülə yol açmışdı. Neft və qaz hasilatının iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasında ən əsas vasitə olmasına baxmayaraq, Azərbaycanda hakimiyyətdə olan iqtidarların 1993-cü ilə qədər xarici neft şirkətləri ilə apardığı danışıqlarda dövlətin və xalqın milli maraqları nəzərə alınmır, üstəlik, ölkənin qiymətli təbii sərvəti talan edilərək iqtisadiyyata böyük ziyan vurulurdu.

Yalnız xalqın iradəsi, təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə də yenidən başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı, yeni neft sazişlərinin imzalanması üçün geniş imkanlar yaratdı.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasının əsas məqsədini neft ehtiyatlarından ölkənin inkişafı və xalqın rifahı naminə səmərəli istifadə edilməsi təşkil edir. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası müasir Azərbaycanın inkişafında əvəzsiz rol oynayır. Artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranmışdır. İlk növbədə sosial sahədə, aztəminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü işlər, eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlər bəhrəsini verməkdədir. Ən əsası, neft gəlirləri bu gün Azərbaycanda "insan kapitalı"na çevrilir, qeyri-neft sektorunun inkişafına xidmət edir. Yeni neft strategiyasının reallaşması sayəsində Azərbaycanın enerji təhlükəsizliyi, dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi qəbul olunması təmin edilib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz neft strategiyamızla fəxr edirik: "Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan, bəzi başqa ölkələrdən fərqli olaraq, səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək".

"Əsrin müqaviləsi" ilə Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin özünə məxsus olan sektoruna xarici investorları dəvət etdi. Bundan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdi. Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əməliyyatçısı olan "BP Azərbaycan" tərəfindən işlənir.

Lakin son illərdə "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşüb. Xatırladaq ki, xarici investorlar sərmayə yatırdıqları üçün bu yataqlar üzrə ilkin mərhələlərdə pay bölgüsündə üstünlüyə malik olublar. Neftin hasil olunmasından və satışından sonra xarici şirkətlər yatırdıqları sərmayəni artıqlaması ilə götürüblər. Müqavilə şərtlərinə əsasən pay bölgüsü dəyişib və 2008-ci ilin ortalarından çıxarılan neftin 75 faizi Azərbaycana çatır.

Ümumilikdə Azərbaycanda neft-qaz sektoruna 28,7 milyard dollar vəsait yatıran konsorsium 73 milyard dollar qazanc götürüb. Amma BP-nin operatoru olduğu konsorsium bundan sonra yataqların işlənməsinə əlavə sərmayə yatırmayıb və nəticə etibarilə hasilat aşağı düşdüyü üçün Azərbaycan dövlətinə 8,1 milyard dollar ziyan dəyib. Necə oldu ki, Azərbaycanın payı 75 faizə çatdıqda hasilat birdən-birə aşağı düşdü? Deməli, əlavə investisiya qoymağa maraq olmayıb. Proqnozların yerinə yetirilməməsi və nəhayət, Azərbaycana dəyən ziyan "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində baş verib.

Nazirlər Kabinetinin iclasında bu məsələ barədə söz açan Prezident İlham Əliyev belə səhvlərin qəbuledilməz olduğunu deyib: "Biz BP şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə  dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur".

Təəssüflə qeyd etməliyik ki, bəzi yerli və xarici mətbuat orqanları yerində səslənən iradları siyasiləşdirməyə cəhd göstərirlər. BP şirkətinin ünvanına səslənən tənqidlər yalnız Azərbaycanın maraqlarının qorunmasıyla bağlıdır. Öz növbəsində BP şirkəti Prezident İlham Əliyevin haqlı iradlarından nəticə çıxararaq səhvlərini tez bir zamanda düzəltməlidir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 23 oktyabr.- S.3.