Gündən-günə gözəlləşən şəhər

 

Sumqayıt Şəhər İcra Hakimiyyətində 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər toplantısı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsində əldə edilən nailiyyətlər barədə məlumat verdi. E.Əzizov bildirdi ki, bu gün qlobal böhranların iqtisadi məngənəsində boğulan dünyada Azərbaycanın inkişafının fenomenal və fərqli cəhətləri daha geniş rakursdan və dərindən öyrənilməkdədir. Əldə edilən tərəqqinin ən mühüm cəhətləri geosiyasi şərait, dünya iqtisadiyyatının inkişaf meyilləri və respublikanın mövcud potensial imkanları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycanın iqtisadi yüksəlişi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin gərgin əməyi sayəsində baş vermişdir. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının qarşıdakı dövr ərzində də Azərbaycana yeni möhtəşəm nailiyyətlər qazandıracağı şəksizdir.

E.Əzizov onu da vurğuladı ki, ölkəmizin iqtisadi qüdrətinin artması öz növbəsində bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, regionların hərtərəfli tərəqqisinə yol açmışdır. Sumqayıt şəhəri məhz ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində son dövrlər daha da sürətlə inkişaf edir, elmin, sənayenin bütün istiqamətlərində uğurlarını artırır. İnfrastruktur layihələrinin, abadlıq və quruculuq işlərinin həcmi genişləndirilir. Ölkə başçısının tapşırığı əsasında hazırlanmış layihələrin reallaşdırılması Sumqayıtın təkcə respublikamızın deyil, Avropanın müasir şəhərləri səviyyəsinə qalxmasına imkan yaradır.

Şəhərin Nəsimi adına mədəniyyət və istirahət parkında, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda, "Cümə" məscidində, "Kimyaçı" mədəniyyət sarayının qarşısında reallaşan yenidənqurma layihələri, Bayraq meydanı və Bələdiyyə parkında yaradılan şərait Sumqayıtın gələcək inkişafında uğurlu bir mərhələnin başlanğıcını qoymuşdur.

E.Əzizov gənclər şəhərinin əhalisinin daha da artdığını nəzərə çatdıraraq bildirdi ki, bu gün şəhərdə həyata keçirilən bütün layihələrin miqyası öncədən düşünülür, perspektivdə böyüməsi nəzərə alınır. Bakı standartlarına yaxınlaşan Sumqayıtın gələcəyi üçün inkişaf proqnozlarının bütün istiqamətlərdə işlənib həyata keçirilməsi zəruridir.

Daha sonra hesabat məruzəsilə çıxış edən icra aparatının məsul işçisi Sahib Quliyev 2012-ci ilin doqquz ayının Sumqayıt şəhəri üzrə uğurlu olduğunu diqqətə çatdırdı. Nailiyyətləri statistik rəqəmlərlə şərh edən S.Quliyev qeyd etdi ki, şəhər üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,8 faiz artmışdır. Elektroenergetika sahəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi davam etdirilir.

Hesabatda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, sahibkarlığa verilən geniş dəstəyin daha da artırılması, yeni təhsil müəssisələrinin yaradılması istiqamətində görülən işlərdən və digər məsələlərdən geniş söhbət açıldı.

Məruzə ətrafında çıxış edənlər vurğuladılar ki, ölkə başçısının tapşırıq və tövsiyələri tezliklə öz həllini tapacaq, Sumqayıt isə dünyanın müasir şəhərlərindən birinə çevriləcəkdir.

Tədbir zala toplaşanlarla geniş diskussiya şəklində davam etdirildi. Toplantı iştirakçıları qarşılaşdıqları problemlərə, onları narahat edən digər məsələlərə toxundular. Eldar Əzizov işıq, su, qaz təchizatı ilə bağlı müvafiq idarələrin rəhbərlərinə iradlarını bildirdi, nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq göstərişlər verdi.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2012.- 23 oktyabr.- S.4.