«Əl işdən soyumur, ürək arzudan»
Ölkə
başçısının bölgələrə hər işgüzar səfəri əsl bayrama çevrilir.
Neçə-neçə istehsal müəssisəsinin,
sosial obyektin təməli
qoyulur, yeniləri istifadəyə verilir. Hər təzə tikili şəhərlərimizi, qəsəbə
və kəndlərimizi gözəlləşdirməklə
yanaşı, yeni iş
yerlərinin açılmasına, insanların məşğulluğunun
artmasına, sosial həyat tərzinin,
yaşayış səviyyəsinin yüksəlməsinə
şərait yaradır.
Prezident rayonlara səfər
edəndə əhali ilə görüşüb
səmimi söhbətlər aparır, onları
düşündürən məsələlərlə
maraqlanır. Belə iş metodunun üstünlüyü
çoxdur. Ölkə
başçısı bölgələrdəki real vəziyyəti yerində öyrənir, verdiyi tövsiyə və
tapşırıqların icra vəziyyəti
ilə tanış olur. Bu
da hamını daha
yaxşı işləməyə, qurub-yaratmağa
ruhlandırır.
Prezident İlham Əliyev
bu il iyul
ayının 31-də Lənkəranda oldu.
Sayca 8-ci olan bu səfərin də əhəmiyyəti
"Cənub mirvarisi" sayılan qədim,
zəngin tarixə, mədəniyyətə, adət-ənənələrə,
gözəl təbiətə malik olan diyar üçün
ölçüyəgəlməzdir. Prezident yenidən qurulan Heydər Əliyev Mərkəzi,
Dövlət Sərhəd Xidmətinin əsaslı təmir edilən Lənkəran
Sərhəd Dəstəsi Qarnizonu, Bayraq meydanı ilə tanış oldu, Gənclər Mərkəzinin, hotel kompleksinin təməlqoyma
mərasimində iştirak etdi. Heydər Əliyev Mərkəzi
qarşısında ictimaiyyətin nümayəndələri
ilə görüşü zamanı dedi: "Çox şadam ki, Lənkəranda
işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir,
abadlaşır, gözəl binalar
ucaldılır... Ona görə mən əminəm
ki, Lənkəranda hələ
görüşlərimiz, açılışlar, tədbirlər
çox olacaqdır..."
Lənkəranlılar
adından çıxış edən Mənsur Ağayev isə öz
ürək sözlərini belə ifadə eidi:
"Cənab Prezident, biz
bilirik ki, Sizin əsas məqsədiniz hər bir azərbaycanlı ailəsinin firavan yaşamasıdır. Siz
əhalinin bütün zümrələrinə
eyni məhəbbətlə, eyni həssaslıqla
yanaşırsınız. Sovet
dövründən qalan əmanətlərin
əhaliyə verilməsi buna daha bir bariz
nümunədir. Sizin diqqət və
qayğınız sayəsində Lənkəran
abadlaşır, gözəlləşir, Azərbaycanın
dilbər guşələrindən birinə çevrilir.
Bütün bunlara
görə lənkəranlılar Sizə minnətdardırlar".
Ölkə rəhbərinin
səfərindən keçən 3 aya
yaxın dövr ərzində Lənkəranda
çox işlər görülüb.
Tikinti-abadlıq işləri davam edir. Küçələr təmir olunur, çoxmərtəbəli
yaşayış evləri, hasarlar gülbax lay daşı ilə
üzlənir, park və xiyabanlar
abadlaşdırılır, şəhərin mərkəzindəki
Heydər Əliyev parkı yenidən qurulur.
Lənkəranlılar
cari ili uğurla başa vurmağa hazırlaşırlar. Bunu Nazirlər
Kabinetinin 2012-ci ilin 9
ayının yekunlarına həsr olunmuş
iclasındakı Prezidentin nitqindən irəli
gələn vəzifələrlə əlaqədar Lənkəranda
keçirilən tədbir bir daha göstərdi. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun məruzəsində
ötən vaxt ərzində görülmüş işlər,
qarşıda duran vəzifələr ətraflı
təhlil edildi. Qeyd olundu ki, 9 ay
ərzində rayon üzrə ümumi məhsul istehsalı 4,2 faiz artaraq 225 milyon manat təşkil etmişdir. Sənayedə 17,1 milyon
manatlıq və ya ötən ilin müvafiq
dövrünə nisbətən 5,9 faiz çox məhsul istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda
sənaye istehsalının həcmi 3,1 faiz
artmış və ümumi həcmdə onun xüsusi çəkisi
77,7 faizə çatmışdır. Müasir
standartlara cavab verən
"Nur-Süd" MMC-də "Pal-Süd" markası ilə 12
çeşiddə yüksək keyfiyyətli süd
və süd məhsulları istehsal edilir. Onlar daxili bazarda
satılmaqla yanaşı, xarici ölkələrə
də ixrac olunur. 9 ayda müəssisədə 5,1 milyon
litr süd və süd məhsulları istehsal
edilmişdir. Bunlardan əlavə,
Lənkəranın sənaye müəssisələrində
15 min ton dondurulmuş balıq, 184 ton
quru çay, 2,6 min kubmetr tikinti
kərpici buraxılmışdır.
Dövlət
başçısının aqrar sahəyə
diqqət və qayğısı sayəsində kənd təsərrüfatı
məhsulları istehsalına maraq
artmışdır. İstifadəyə verilmiş
"Gilan-Lənkəran" konserv zavodu, çay fabriki, "Lənkəran konserv"
ASC və hazır məhsulların saxlanma
kamerası aqrar sahənin inkişafını sürətləndirmişdir.
Sahələrdən nəzərdə tutulduğundan çox
taxıl, kartof, tərəvəz və
digər kənd təsərrüfatı məhsulları
yığılmışdır. 220 hektar
sahədə yeni çay
plantasiyası salınmış və daha
100 hektarda əkin işləri davam etdirilir. Hesabatdan o da məlum oldu ki, keçən ilin 9 ayı ilə müqayisədə
mal-qaranın sayı 7,4, diri çəkidə
ət istehsalı 5, süd istehsalı 4,2
və yumurta istehsalı 0,2 faiz artmış, iqtisadiyyatın və sosial sferanın inkişafına 45,5 milyon manat investisiya
yönəldilmişdir. İlin əvvəlindən
ötən 9 ayda əhalinin məşğulluğunun
təmin edilməsi üçün 1245 yeni iş yeri
açılmışdır. Ümumilikdə 2003-cü ildən
indiyədək rayonda 29 mindən çox yeni iş yeri
yaradılmışdır ki, onun da 16 min
683-ü daimidir. Bunlardan
əlavə, əhaliyə göstərilən ticarət, nəqliyyat,
poçt, rabitə xidmətlərinin
keyfiyyəti və həcmi xeyli genişləndirilmiş,
əhalinin pul gəlirləri
artmışdır.
Son məlumata görə,
sahibkarlığın inkişafı nəticəsində rayonda istehsal həcminin sənayedə
77,7, aqrar bölmədə 99,9, pullu xidmətdə isə 79,6 faizi
özəl sektorun payına düşür. Bu
yüksək göstəricinin əsas səbəbi dövlətin
ölkədə sahibkarlığın inkişafına
göstərdiyi qayğıdan irəli gəlir. Məsələn,
9 ayda lənkəranlı sahibkarlara
və iş adamlarına kredit
təşkilatları tərəfindən 43,6 milyon
manat kredit verilmişdir.
Hesabat dövründə əhaliyə göstərilən kommunal xidmətlərin
yaxşılaşdırılması, rayonun
normal elektrik enerjisi və təbii qazla
təchiz olunması, Lənkəran şəhərində
içməli su və kanalizasiya
sisteminin yenidən qurulması istiqamətində
də tədbirlər həyata keçirilmişdir. Lənkəran Elektrik Şəbəkəsi tərəfindən
11,5 kilometr hava xətti
yenidən qurulmuş, 1,7 kilometr
yeni xətt, 48,5 kilometr
SİP kabel çəkilmiş, SMART kart tipli sayğacların
sayı 14,3 minə çatdırılmış, 3 yeni transformator
yarımstansiyası quraşdırılmışdır.
Rayon qaz istismarı
sahəsi əhalinin və müəssisələrin təbii qazla təmin olunması üçün
bir sıra işlər həyata keçirmişdir. Hazırda Lənkəran
şəhərinin 75 faizi, Liman şəhəri və rayonun
digər 8 yaşayış məntəqəsi təbii qazla təmin edilir. İlin sonunadək daha 2 min abonenti olan
34 yaşayış məntəqəsinə "mavi yanacaq" verilməsi
proqnozlaşdırılır. Bu da rayonun 80 faizinin
qazlaşdırılması deməkdir.
Bunlardan əlavə, Lənkəran şəhərindəki
bir sıra yaşayış
binalarının içməli su və kanalizasiya xətləri qaydaya
salınmış, nasos stansiyalarındakı
elektrik nasosları və mühərriklər
təmir olunmuşdur. Yeri
gəlmişkən, Lənkəran şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması ikinci
regional inkişaf
Dövlət Proqramına daxil edilmişdir.
Məruzədə
rayon ərazisinin yol təsərrüfatında
görülən tədbirlərdən də geniş
bəhs olundu. Bildirildi ki,
42 saylı Yol İstismar
İdarəsi tərəfindən 9 ay ərzində
Ələt-Astara, Lənkəran-Lerik, Lənkəran-Zövlə
avtomobil yolunda cari təmir işləri görülmüş,
şəhərin küçələrinə təzə asfalt döşənmiş, 40 min
nəfər əhalisi olan 20
yaşayış məntəqəsini birləşdirən Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun 16,5 kilometrlik hissəsi genişləndirilmiş və
çətin təbii şəraitdə çəkilən bu yolun üzərində yeni avtomobil körpüsü
və suötürücü qurğular tikilmiş, eləcə
də 28 min əhalinin yaşadığı
və 16 yaşayış məntəqəsi arasında əlaqə
yaradan yolun yenidən
qurulmasına başlanmışdır.
Təhsil sahəsində
də müəyyən işlər görülmüş,
onun maddi-texniki
bazası xeyli
yaxşılaşdırılmışdır. Şilavar kəndində 220, Hirkan
qəsəbəsində 480, Xarxatan kəndində
360 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.
Hazırda Vilvan kəndində 640 yerlik yeni orta
məktəb binası tikilir. Eyni zamanda, ötən dövr Mərkəzi Rayon
Xəstəxanası (MRX) və digər səhiyyə
ocaqlarında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması
üçün bir
sıra tədbirlər görülmüşdür.
Prezidentin sərəncamı ilə MRX-nin əsaslı təmiri üçün
ayrılan 3 milyon manat
vəsait hesabına hazırda burada təmir
işləri aparılır.
Məlum olduğu kimi, dövlət
başçısının sərəncamı ilə 2012-ci
il ölkəmizdə "İdman
ili" elan edilib. Bununla bağlı Lənkəran
Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə boks, şahmat, ağır
atletika və futbol
üzrə rayon birinciliyi
keçirilib. Şahmat
üzrə Bakı şəhərində gənclər
arasında ölkə birinciliyində rayonun
bir şahmatçısı 3-cü yeri tutub. Futbol
üzrə yeniyetmələrin 8-ci respublika
turnirində də Lənkəran idmançıları fəxri
yer tutaraq finala vəsiqə qazanmışlar. Onu da qeyd
edək ki, lənkəranlı Ramin Əzizov taekvondo idman növü üzrə
2012-ci il London Yay Olimpiya
Oyunlarının iştirakçısı olmuşdur.
Onu da vurğulayaq
ki, Lənkəran 2 böyük
beynəlxalq çempionata ev
sahibliyi etmişdir. May ayında veteran
ağır atletlər arasında Avropa
çempionatı, sentyabr ayında 17
yaşadək qızlar arasında futbol
üzrə dünya
çempionatının 3 oyunu Lənkəranda
keçirilmişdir.
Dünya miqyaslı tədbirlərin Lənkəranda
yüksək səviyyədə keçirilməsi bir daha onu
göstərir ki, buradakı sosial-iqtisadi inkişaf, həyata
keçirilən iri həcmli infrastruktur layihələri şəhərin
şöhrətini beynəlxalq əlaqələr səviyyəsinə
yüksəltmişdir.
Uğurlarla yanaşı, rayonda həllini
gözləyən bir çox məsələlər də
var. Məruzəçi qeyd etdi ki, onların aradan
qaldırılması üçün şəhər, qəsəbə
və kəndlərin inkişafı ilə bağlı yeni
infrastruktur layihələri həyata keçiriləcək,
su-kanalizasiya sistemi yenidən qurulacaq, elektrik təsərrüfatının
yaxşılaşdırılması və qazlaşdırma
işləri davam etdiriləcək. Aqrar sahədə işlərin
sürətləndirilməsi,
çayçılığın inkişafına diqqətin
artırılması, sahibkarlığın daha da inkişaf
etdirilməsi, yeni iş yerlərinin yaradılması da
ardıcıl tədbirlər görülməsini tələb
edən məsələlərdir. Gələcəkdə yeni
məktəblər, uşaq bağçaları, səhiyyə,
mədəniyyət ocaqları tikilməli, bir sıra kənd
yolları yenidən qurulmalıdır. Bu arzu-niyyətlə Lənkəranda
hər sahədə dirçəliş, inkişaf var və
bu işlər getdikcə daha geniş vüsət alır.
Seyran CAVADOV
Azərbaycan.-2012.-
23 oktyabr.- S.5.