Ədəbiyyat nəhəngi
Dünyada böyük ədəbiyyatların
geniş şöhrət qazanmış nəhəng
yaradıcıları vardır. Görkəmli
yazıçı və ictimai xadim Məmməd Səid
Ordubadi də çoxəsrlik tarixi və davamlı ənənələri
olan Azərbaycan ədəbiyyatının nəhəng ədəbi
simalarından biridir.
Keçmiş
Sovetlər İttifaqının dövründə Azərbaycanın
görkəmli yazıçıları ilə dünyanın
digər ölkələrinin böyük ədibləri
arasında müqayisələr aparılarkən ədəbi
meyarlardan daha çox ideoloji tələblər yada
düşürdü. "Azərbaycan ədəbiyyatının
Şekspiri", "Azərbaycan ədəbiyyatının
Qoqolu", "Azərbaycan ədəbiyyatşünaslığının
Belinskisi" kimi ifadələr işlədilən zaman bənzədilən
yazıçının, yaxud alimin sənətinin və ya
elminin böyüklüyü, qüdrəti deyil, Qərb,
yaxud rus ədəbiyyatının adı çəkilən
görkəmli nümayəndəsindən Azərbaycan ədibinin
geniş ölçüdə təsirlənməsi,
faydalanması yada salınırdı. Halbuki həmin məqamlarda
təsirlənmək, öyrənmək məsələnin
çox az bir qismini təşkil edirdi və ya əslində,
əksər təsadüfi məqamlarda səslənmə
üst-üstə düşürdü. Beləliklə,
ölkəmizin adlı-sanlı, orijinal
yaradıcılığa malik olan elm və ədəbiyyat
xadimlərinin böyük xidmətlərinin müqabilində
onların təsirləndikləri (əgər təsirləniblərsə
- İ.H.) amil ictimai mühitin diqqət mərkəzində
dayanırdı. Bu isə öz növbəsində Azərbaycan
yazıçıları və alimlərinin
yaradıcılıq özünəməxsusluğunun, bənzərsiz
sənət aləminin arxa plana keçirilməsi, bəzən
hətta kölgədə saxlanılması ilə nəticələnirdi.
Halbuki elm və sənət adamlarının bir-birlərindən
öyrənmələri, birinin digərinə istinad etməsi,
qarşılıqlı təsir məsələləri
konkret epoxanın ədəbi mühitinin təbii bir prosesi
sayılmalıdır. Keçmiş sovet ideologiyası
dövründə bu müqayisə birtərəfli qaydada
aparıldığı və hakim ideologiyanı təmsil edən
tərəfin təsir imkanları qat-qat şişirdildiyi
üçün elmi əsaslardan məhrum idi və ona görə
də sovet hökuməti hələ
dağılmamışdan bu tip müqayisələr demək
olar ki, elmi dövriyyədən
çıxarılmışdı.
İndi müstəqillik
dövründə həmin qəbildən olan müqayisələrə
ehtiyac qalmamışdır. Hazırda belə müqayisələr
aparılarsa, müəyyən elmi əsaslara malik olmalı,
heç cür ideoloji mahiyyət daşımamalıdır.
Bu baxımdan biz elm yönlü daha bir müqayisə tipli təqdimata
ehtiyac duyuruq. Fikrimizcə, bir çox cəhətdən
görkəmli Azərbaycan yazıçısı Məmməd
Səid Ordubadini bəzi cəhətlərinə görə
dahi rus ədibi Lev Nikolayeviç Tolstoyla müqayisə etmək
olar. Bizə görə Məmməd Səid Ordubadi Azərbaycan
ədəbiyyatının Tolstoyudur. Biz bu müqayisə və
ya bənzətmə ilə nələri nəzərdə
tuturuq?
Məlumdur ki,
ötən yüz il ərzində Məmməd Səid
Ordubadini rus ədəbiyyatının dünya mədəniyyətinə
və ictimai fikrinə bəxş etdiyi Lev Nikolayeviç
Tolstoyla müqayisəsi hadisəsinə təsadüf etməmişik.
Lev Tolstoyla (1828 -1910) Məmməd Səid Ordubadinin (1872-1950)
yaşayıb-yaratdıqları dövrlər də tam olaraq
üst-üstə düşmür. Dahi Tolstoy
dünyasını dəyişəndə Məmməd Səid
Ordubadi hələ əsasən şeirlər yazır, satirik
publisistika ilə məşğul olurdu. Məmməd Səid
Ordubadinin "Dumanlı Təbriz", "Qılınc və
qələm" romanları yazılanda Lev Tolstoyun məşhur
əsərlərini, xüsusən, "Anna Karenina" və
"Hərb və sülh" romanlarını Azərbaycan
dilində oxumamışdı. Məmməd Səid Ordubadinin
Lev Tolstoyla müqayisəsində istinad etmək, təsirlənmək
motivləri nəzərə çarpmır. Biz bu müqayisədə
aşağıdakıları nəzərdə tuturuq:
Böyük Lev
Tolstoy rus ədəbiyyatının tarixində malik olduğu
səviyyə etibarilə hansı yeri tutursa, Məmməd Səid
Ordubadi də Azərbaycan ədəbiyyatında həmin
mövqeyə sahibdir. Məmməd Səid Ordubadinin məşhur
tarixi romanları, xüsusən, "Dumanlı Təbriz",
"Qılınc və qələm" özünün
monumentallığına, əzəmətinə görə,
epoxanın eposunu yaratmaq xüsusiyyətlərinə görə
Lev Tolstoyun "Hərb və sülh" romanı ilə
müqayisə oluna bilər. Fikrimizcə, bu məqamda şərtilik
mənası ifadə edən "müqayisə oluna bilər"
ifadəsini işlətmək yerinə düşür.
Doğrudur, ayrı-ayrılıqda "Dumanlı Təbriz"
romanı ilə, yaxud da "Qılınc və qələm"lə
Lev Tolstoyun "Hərb və sülh" romanı
yanaşı qoyulduqda Tolstoyun əsəri daha üstün
görünür. Bütün reallıqlarla bərabər,
bu, həm də ona görədir ki, bizlərin təsəvvürlərində
gerçək bir Lev Tolstoy ucalığı, əlçatmazlığı
mövcuddur. Məmməd Səid Ordubadi özü də hələ
1908-ci ildə "Molla Nəsrəddin" jurnalında
çap etdirdiyi bir məqaləsində etiraf etmişdi ki,
"...yer üzündə indiyədək heç bir kəs
yazıçılıqda qraf Tolstoy kimi hörmət və
şöhrət qazanmayıb". Həmin möhtəşəmliyi
ilk növbədə ədəbiyyat sahəsindəki qeyri-adi
böyük xidmətləri ilə Lev Tolstoy özü parlaq,
ölməz əsərləri ilə qazanmışdır.
Bundan başqa,
Lev Tolstoyun böyük ədəbi şöhrətində
onun çoxmilyonlu rus xalqının qüdrətli təmsilçisi
olması amili də mühüm yer tutur. Bununla belə, Lev
Nikolayeviç Tolstoyun dünya şöhrəti
qazanmasında rus elminin də danılmaz xidmətləri vardır. Lev
Tolstoyun həyatı və yaradıcılığı
haqqında Rusiyada və dünya ölkələrində
yazılmış elmi əsərlərdən geniş bir
kitabxana yaratmaq mümkündür. Tolstoyşünaslıq
artıq təkcə rus ədəbiyyatşünaslığının
deyil, dünya elminin əsas tədqiqat obyektlərindən
birinə çevrilmişdir. Bundan başqa, Rusiyada Lev Tolstoyun
əsərlərinin dünyanın aparıcı
xalqlarının dillərinə tərcümə olunması
sahəsində də bir əsrdən çoxdur ki,
ardıcıl və səmərəli iş aparılır.
Rus dili özü də beynəlxalq dil statusunda olduğu
üçün Lev Tolstoyun əsərlərinin Yer kürəsinin
müxtəlif qütblərində orijinaldan oxunub qiymətləndirilməsinə
şərait yaradır. Heç şübhəsiz ki, bu
müqayisəyə Lev Tolstoyun əsərləri əsasında
çəkilmiş filmləri, hazırlanmış səhnə
əsərlərini də cəlb etsək, bizim bir çox
qüdrətli sənətkarlarımıza, o cümlədən
Məmməd Səid Ordubadiyə nə qədər borclu
olduğumuz ciddi fərqlə nəzərə çarpar.
Məmməd Səid
Ordubadiyə münasibətdə isə tamamilə fərqli mənzərənin
şahidi oluruq. Əvvəla, Məmməd Səid Ordubadinin
tam külliyyatı hələ ki çap edilib xalqa
çatdırılmamışdır. Böyük ədibin
1964-1967-ci illərdə kiril əlifbası ilə nəşr
olunan səkkizcildliyi yazıçının əsas əsərlərini
əhatə etsə də, onun arxivlərdə saxlanılan və
ya XX əsrin birinci yarısının dövri mətbuatında
çap olunmuş əsərlərinin çox hissəsi hələ
ki kitablara çevrilməmişdir. Apardığımız
müşahidələrə əsasən deyə bilərik
ki, XX əsrin əvvəllərinin dövri mətbuatında
Məmməd Səid Ordubadinin az qala hər gün, hətta bəzən
bir gündə bir neçə məqaləsi, şeiri,
felyetonu çap olunmuşdur. Böyük ədibin publisistikası
bir neçə cild kitab üçün material verə bilər.
Bundan başqa, Məmməd Səid Ordubadinin Azərbaycan Milli
Elmlər Akademiyasındakı Əlyazmaları İnstitutunun
fondundakı şəxsi arxivində onun çap
olunmamış saysız-hesabsız əlyazmaları
mövcuddur. Ümumiyyətlə, Məmməd Səid
Ordubadinin dram əsərləri, çoxsaylı
publisistikası, memuarları, şeirlərinin əksəriyyəti,
ədəbi-tənqidi məqalələrinin böyük bir
qismi, hətta bəzi yeni üzə
çıxarılmış nəsr əsərləri kitab
halında nəşrini gözləyir.
Fikrimizcə, məktubları da daxil olmaqla
Məmməd Səid Ordubadinin tam külliyyatının 15
cilddə nəşrinə ehtiyac vardır. Reallıq belə
olduğu halda, indiki vəziyyətdə Məmməd Səid
Ordubadinin latın qrafikası ilə yalnız
"Qılınc və qələm", "Qanlı sənələr"
əsərlərinin çap edilib oxuculara
çatdırılması ilə böyük ədibi nəinki
dünya miqyasına çıxarmaq, heç Azərbaycanda da
layiq olduğu səviyyədə tanıtmaq mümkün
deyildir. Azərbaycanda ilk dəfə olaraq milli tarixi roman məktəbi
yaratmış Məmməd Səid Ordubadi oçerkinin də
on illər bundan əvvəl orta məktəb dərsliklərindən
çıxarılması yeni nəslin bu görkəmli
yazıçıdan az qala xəbərsiz olmasına gətirib
çıxaracaqdır. Ədibin əsərlərindən
yalnız bəzi örnəklərin rus və fars dillərinə
tərcüməsindən başqa dünya dillərinə tərcümə
baxımından əlimizdə heç bir fakt yoxdur. Məmməd
Səid Ordubadinin zəngin və çoxcəhətli irsi ilə
müqayisədə ədəbiyyatşünaslıq sahəsində
aparılan tədqiqatlar da yetərincə deyildir.
Son yüz ildə Azərbaycan
ordubadşünaslığı əsasən
tanınmış ədəbiyyatşünaslardan Yavuz Axundlu,
Fəridə Vəzirova, Tofiq Rüstəmov, Əkbər Məftun,
Bəxtiyar Əsgərov, Nuridə Bağırovanın və
başqalarının tədqiqatlarından ibarətdir. Həmin
araşdırmaların əksəriyyəti isə kiril əlifbası
ilə kitab halında nəşr olunduğundan və
keçmiş sovet ideologiyası dövrünə təsadüf
etdiyindən demək olar ki, hazırda elmi dövriyyədən
kənarda qalmışdır. Artıq iyirmi ilə
yaxındır ki, Azərbaycan
ordubadşünaslığını Prezident təqaüdçüsü,
əməkdar müəllim, filologiya elmləri doktoru, professor
Yavuz Axundlu təmsil edir. Professor Yavuz Axundlu Azərbaycan ədəbiyyatşünaslığında
tarixi romanın elmini yaratmış görkəmli tədqiqatçıdır.
Azərbaycanda tarixi roman janrının inkişaf yolunun sistemli
şəkildə öyrənilməsi və elmi-nəzəri
tədqiqi Yavuz Axundlunun adı ilə bağlıdır. Tarixi
romanlara həsr etdiyi tədqiqatları ilə o, bu janrın
elmi epopeyasını yaratmışdır. Yavuz müəllimin
tarixi romanlara həsr olunmuş tədqiqatlarında Məmməd
Səid Ordubadinin həmin janrda yazılmış sanballı əsərlərinə
də geniş yer ayrılmış, obyektiv elmi qiymət
verilmişdir. Bundan başqa, professor Yavuz Axundlu 2007-ci ildə
Bakıda nəşr etdirdiyi "Məmməd Səid
Ordubadi" monoqrafiyası ilə böyük ədib
haqqında ədəbiyyatşünaslıq elmində
mövcud olan boşluğun qismən də olsa aradan
qaldırılmasına imkan yaratmışdır. Yavuz
Axundlunun 2012-ci ildə Bakıda "Elm və təhsil" nəşriyyatında
təkmilləşdirildikdən sonra yenidən nəşr
olunmuş "Məmməd Səid Ordubadi" monoqrafiyası
müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq
elmində Məmməd Səid Ordubadiyə həsr olunmuş
yeganə sanballı monoqrafik tədqiqat kimi mühüm əhəmiyyətə
malikdir. Təqdim olunan monoqrafiya Azərbaycan cəmiyyətində,
xüsusən, yeni nəsillər arasında Məmməd Səid
Ordubadi haqqında əhatəli elmi fikrin yenidən formalaşdırılmasına,
mövcud təsəvvürlərin daha da dərinləşdirilməsinə
və genişləndirilməsinə uğurla xidmət edir.
Professor Yavuz Axundlunun "Məmməd Səid Ordubadi"
monoqrafiyasında tədqiqatçılıqla,
araşdırma ilə elmi təhlilin sintezi bu monoqrafik əsərin
qiymətli ədəbiyyatşünaslıq nümunəsinə
çevrilməsini səciyyələndirir. Bu, yaşı
doxsana doğru gedən professor Yavuz Axundlunun həyat
eşqinin, axtarış ruhunun, yorulmaz elmi fəaliyyətinin,
fədakarlıq nümunəsi olan zəhmətkeşliyinin də
sanballı bir göstəricisidir.
Bir daha yazımızın əvvəlindəki
Məmməd Səid Ordubadinin böyük sənət
dühası Lev Tolstoyla müqayisəsi məsələsinə
qayıdırıq. Heç şübhəsiz, belə bir
müqayisə yalnız şərti mənada başa
düşülməlidir. Lev Nikolayeviç Tolstoy hələ
sağlığında ikən dünya ədəbiyyatının
qüdrətli təmsilçilərindən biri kimi qəbul
olunmuşdu. Məmməd Səid Ordubadinin isə Azərbaycanda
unudulmaması üçün, dünyaya tanıtmaqdan
ötrü hələ çox iş görməliyik. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Görkəmli Azərbaycan yazıçısı Məmməd
Səid Ordubadinin anadan olmasının 140 illiyi
haqqında"kı 10 aprel 2012-ci il tarixli sərəncamı
qüdrətli sənətkarın milli ədəbi-ictimai
fikirdə yüksək xidmətləri səviyyəsində
mövqeyini daha da möhkəmləndirmək və bu ədəbiyyat
nəhəngini yaxın və uzaq xaricə təqdim etmək
baxımından geniş meydan açır.
Məlum olduğu kimi, Məmməd Səid
Ordubadi bədii yaradıcılığa hələ XIX əsrin
axırlarında əsasən şeirlə
başlamışdır. Onun böyük ədibimiz Cəlil
Məmmədquluzadənin yaratdığı Tiflisdəki
"Qeyrət" nəşriyyatında çap etdirdiyi
"Qəflət" (1906) və "Vətən və
hürriyyət" (1907) kitabları klassik şeir
formasında olsa da, yeni ideyaların sintezindən
yoğrulmuş bədii nümunələrdən ibarətdir.
XX əsrin əvvəllərində böyük demokrat Cəlil
Məmədquluzadənin "İranda hürriyyət"
(1906) hekayəsindən sonra hürriyyət, azadlıq
sözü Məmməd Səid Ordubadinin "Vətən və
hürriyyət" kitabında sərlövhəyə,
manşetə çıxarılmışdı. Bu
kitabdakı vətənpərvərlik ruhunda milli
düşüncə ilə yazılmış şeirlər
yeni şeirin ibtidası kimi səsələnirdi:
Dur, ey qafil
yatan könlüm, oyan bu xabi-qəflətdən,
Sənə yoxdur səmər hərgiz bica
bu istirahətdən.
...Gözün var isə hürriyyət
ziyasından götür hissə,
Yaşa insanca, insanlartək azad ol əsarətdən.
Təlaş əyyamı, hürriyyət
zamanı, iş məqamıdır,
Mənə söylə görüm kim
müstərih olmuş səfalətdən?
Nə yatdın, ey müsafir? Sübh
açıldı, karvan köçdü,
Özüntək pürxətər mənzil,
səmər yoxdur bu rahətdən.
... Gəl, qardaş, ataq qəfləti bilmərrə
kənarə,
Bir az da qəflət qala, olmaz dəxi
çarə...
Hər bir işimiz getdi, qalıb qəlbdə
həsrət,
Avarə qoyan bizləri qəflətdi, bu qəflət.
Məşhur
"Molla Nəsrədin" jurnalı "Vətən və
hürriyyət"in müəllifinin dadi-qəflət
haqqında şikayətlərdən ictimai satiraya keçidi
üçün mühüm sənət körpüsünə
çevrilmişdir. Ədib əsasən "Molla Nəsrəddin"
jurnalında və XX əsrin əvvəllərində
çap olunan digər mətbuat orqanlarında təxminən
dörd mindən çox şeir və felyeton çap
etdirmişdir. O, böyük demokrat yazıçı Cəlil
Məmmədquluzadənin başçılıq etdiyi
"Molla Nəsrəddin" ədəbi məktəbinin, sənət
cəbhəsinin ən görkəmli və fəal üzvlərindən
biri idi. Həyatının müəyyən dövründə
Cəlil Məmmədquluzadə ilə aralarında müəyyən
fikir ayrılığının olmasına baxmayaraq, Məmməd
Səid Ordubadi ardıcıl olaraq, axıradək "Molla Nəsrəddin"
jurnalında yaxından iştirak etmiş, mollanəsrəddinçi
realist-satirik ədəbiyyatın sənətdə tənqidi-realist
düşüncənin inkişafı sahəsində
böyük xidmətlər göstərmişdir. "Biz ona
xatircəm idik və bilirdik ki, bu məcmuə
yaşayacaqdır" deyən Məmməd Səid Ordubadi
"Molla Nəsrəddin" məktəbi zəminində
yetişib formalaşmış, lakin Azərbaycan
romançılığı sahəsindəki xidmətləri
ilə böyük şöhrət qazanmışdır.
Məmməd Səid Ordubadi XX əsr Azərbaycan
realist nəsrinin qüvvətli yaradıcılarından
biridir. "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab"
(1914) keçən əsrin əvvəllərində meydana
çıxmış "kiçik roman"
formatındakı Azərbaycan romanının böyük
nümunəsidir. Bu əsər Azərbaycan ədəbiyyatında
artıq Şərq tipli gedişatın
mümkünsüzlüyünü, qərbləşmə
meyillərinin çətinliklərini, bütövlükdə
yeniləşmə proseslərinin zəruriliyini meydana qoyan ilk
romandır. Mirzə Fətəli Axundovun "Kəmalüddövlə
məktubları"nda və "Aldanmış kəvakib"
əsərində zamanına görə dərin qatlarda ifadə
olunan məntiqi gerçəklik XX əsrin əvvəllərində
zəmanənin yaratdığı şəraitə əsasən
Məmməd Səid Ordubadinin "Bədbəxt
milyonçu" romanında xeyli dərəcədə
açıq şəkildə ifadə olunmuşdur. Fikrimizcə,
romandakı Rzaquluxan-Balacaxanım xətti əsərə real
həyat materialının gətirilməsi ilə
yanaşı, müəllifin izlədiyi əsas siyasi qayənin
məişət motivi fonunda zahirən arxa plana keçirilməsi
məqsədinə də xidmət edir. "Bədbəxt
milyonçu" əsərində yazıçının
mövqeyi heç də firəngiməablığın birmənalı
şəkildə müdafiə olunmasından və ya tənqid
edilməsindən ibarət olmayıb, Azərbaycan mühitinin
Qərb meyilli inkişafının real gerçəkliyi, milli
psixologiyanı, təkamül proseslərini nəzərə
almadan mümkün olmamasını önə çəkməsi
ilə bağlıdır. Bu isə öz növbəsində
həm milli ədəbiyyatda, bundan qabaq isə həm də
bütövlükdə Azərbaycan ictimai mühitində yeni
inkişaf mərhələsinin başlanmasının ifadəsi
demək idi.
Görkəmli yazıçı Məmməd
Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisidir.
Məmməd Səid Ordubadinin tarixi romanları ilə Azərbaycanda
milli tarixi romançılıq ənənəsinin əsas
prinsipləri də formalaşmışdır. Böyük
tarixi romançı Məmməd Səid Ordubadinin
romanlarından hər biri əhatə etdiyi epoxanın kamil sənət
güzgüsüdür. "Qılınc və qələm"
tarixi romanı (1946) Azərbaycan tarixinin Nizami
dövrünün ədəbi salnaməsidir.
"Qılınc və qələm" tarixi romanında Məmməd
Səid Ordubadi qılıncın məsuliyyətini və
şərəfini qələminin qüdrəti ilə isbat
etmişdir. Böyük sənətkarlıqla
yazılmış bu möhtəşəm bədii əsər
Azərbaycan ədəbiyyatında tarixi roman janrının
zirvəsində dayanır. Əsərdəki obrazlar tarixiliklə
bədii təfəkkürün vəhdətindən
yoğrulmuş parlaq, bənzərsiz surətlər kimi Azərbaycan
ədəbiyyatını zənginləşdirir.
"Qılınc və qələm" tarixi romanı XII əsr
tarixinin də misilsiz zəngin mənbəyi sayılmağa
layiqdir. "Qılınc və qələm" tarixi
romanı ədəbiyyatşünaslar üçün
olduğu qədər tarixçilərdən ötrü də
əhəmiyyətli qaynaqdır. "Qılınc və qələm"
Nizami Gəncəvinin və müasirlərinin romanı, Nizami
epoxasının ədəbiyyat üslubunda yazılmış
tarixidir. Məmməd Səid Ordubadi hələ keçən
əsrin 30-40-cı illərində keçmiş sovet
ideologiyasının xalqa soykökünü, tarixini unutdurmaq,
manqurtlaşdırmaq vəzifələrini dövlət səviyyəsində
həyata keçirdiyi bir zamanda "Qılınc və qələm"
tarixi romanını yazmaqla Azərbaycanda milli-mənəvi
özünüdərk proseslərinin
tarazlığını qoruyub saxlamağa, dərinləşdirməyə
şərəflə xidmət göstərmişdir.
"Dumanlı Təbriz" tarixi
romanı (1933-1938) Azərbaycanda milli azadlıq hərəkatının
tarixini və ideallarını əks etdirən və
yaşadan böyük ədəbi hadisədir. Məşrutə
hərəkatı dövrünün tarixi də, ədəbiyyatı
da son yüz ildə özünün ən parlaq əksini
"Dumanlı Təbriz" əsərində
tapmışdır. Məmməd Səid Ordubadi sadəcə
Səttarxan hərəkatına rəğbət bəsləməklə
qalmamış, həmin hərəkatın fəal
iştirakçısı, bir çox hallarda görkəmli sərkərdənin
silahdaşı olmuşdu. "Dumanlı Təbriz" şəxsi
həyatı fərqli ideoloji hədəflərə yönəlik
mübarizələrin içərisində keçən Məmməd
Səid Ordubadinin özünün də keşməkeşli
taleyinin romanıdır. Məmməd Səid Ordubadinin təsvirində
Səttarxan hərəkatının açılmamış
mərmilərinin də səsi eşidilməkdədir.
Sözün böyük mənasında, bu qiymətli roman Azərbaycan
ədəbiyyatında Məşrutə hərəkatına həsr
olunmuş möhtəşəm əsərdir. Səttarxan
obrazı özünün bütün əzəməti ilə
ilk dəfə "Dumanlı Təbriz" romanında
canlandırılmışdır. Azərbaycanda bir neçə
nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə
kimi tarixdən çox "Dumanlı Təbriz"dən
tanımışdır. Eyni zamanda, Məmməd Səid
Ordubadinin "Döyüşən şəhər" (1938)
və "Gizli Bakı" (1940) əsərləri də Azərbaycan
tarixi romanının yaddaqalan nümunələridir.
Yazıldığı dövrün sərt
ideoloji tələbləri, yazıçının cəmiyyətdə
tutduğu mövqe Məmməd Səid Ordubadiyə bu
romanlarında qələmə alınan dövrün - XX əsrin
əvvəllərinin gerçək ictimai-siyasi mühitini tam
əks etdirməyə şərait yaratmasa da, müəllif
imkan daxilində birtərəfli şəkildə olsa da, əhatə
etdiyi epoxanın ana xətlərini təqdim edə
bilmişdir. Xüsusən, bu əsərlər həyat materialının
zənginliyi ilə bir sıra tarixi proseslərə
işıq salmaq baxımından da əhəmiyyətlidir.
Bütövlükdə Məmməd Səid Ordubadi Azərbaycan
ədəbiyyatında tarixi roman ənənəsini
formalaşdırmış, özünün həmin janrda
yazılmış monumental əsərləri ilə milli
tarixi roman məktəbi yaratmağa müəvəffəq
olmuş qüdrətli sənətkardır. Artıq yarım
əsrdən çoxdur ki, Azərbaycan tarixi romanı Məmməd
Səid Ordubadi ənənəsinin işığında ədəbiyyatdakı
yolunu uğurla davam etdirməkdədir. Lakin etiraf edilməlidir
ki, sonrakı mərhələlərdə yeni, maraqlı, əhəmiyyətli,
cəlbedici tarixi romanlar yaranmışdır, ancaq bu janrda Məmməd
Səid Ordubadi zirvəsindən sonrakı axırıncı
aşırım hələ ki, keçilmiş yolun davamı
olaraq qalır.
Qüdrətli romançı Məmməd
Səid Ordubadinin tarixi romanları dünya tarixi
romanının da qiymətli nümunələri
sayılmağa layiqdir. Heç şübhəsiz,
"Dumanlı Təbriz", "Qılınc və qələm"
tarixi romanları mükəmməl tərcümə edilərək
dünya dillərində nəşr olunarsa, Şərq səviyyəsində
də, Qərb miqyasında da həm öz müəllifinə,
həm də ümumən Azərbaycan ədəbiyyatına
böyük şöhrət qazandıra bilər.
Məmməd Səid Ordubadinin nəsr əsərlərində
tarixiliklə bədiiliyin və müasirliyin ahəngdar əlaqəsi
səciyyəvi cəhət olaraq diqqəti cəlb edir. Ədib
müasirlik amilini həmişə vətəndaşlıq
andı ilə üzvi əlaqədə təqdim edir. Tarixilik
və müasirlik paralelləri Məmməd Səid Ordubadinin
bədii nəsrində publisistikanın da mətndaxili
iştirakını şərtləndirir. Məmməd Səid
Ordubadi "Molla Nəsrəddin" ədəbi məktəbində
mükəmməl bədii publisistika məşqləri
keçdiyindən onun nəsr əsərlərindəki
publisistika əlamətləri bədiiliklə
qaynayıb-qarışır. Beləliklə, Məmməd Səid
Ordubadi nəsrdə publisistikadan və ya tərsinə,
publisistikada bədiilikdən istifadə etməyin qiymətli
örnəklərini göstərmişdir. Ədibin
"Qanlı sənələr" əsəri (1911) publisistikanın
"dili" vasitəsilə tarixi prosesləri roman təfəkkürü
səviyyəsində əks etdirməyin nümunəsidir.
"Qanlı sənələr" Azərbaycan ədəbiyyatında
ilk və mükəmməl publisist romandır. Məmməl Səid
Ordubadinin "1905-1906-cı illərdə Qafqazda baş verən
erməni-müsəlman davasının tarixi" kimi təqdim
etdiyi "Qanlı sənələr" əsəri
yazıçının gələcək tarixi
romanlarının ciddi publisistik məşqidir.
Çoxsaylı dövri mətbuat materiallarından, 245 məktubdan,
400-dən çox məlumatdan istifadə əsasında
yazılmış "Qanlı sənələr" sənətkarın
hadisələri "zərif duyğularla", habelə
"düzgün və qərəzsiz" şəkildə əks
etdirməsi yolu ilə formalaşdırılmış "vətən
fəryadnaməsi"dir.
Üslub etibarilə "Qanlı sənələr"lə
səsləşən "Həyatım və mühitim"
əsəri də publisistik təsvirin
aparıcılığı ilə qələmə
alınmış nəsr nümunəsidir. "Həyatım
və mühitim" əhatə dairəsi etibarilə konkret
tarixi dövrün - 1872-1920-ci illərin memuarıdır. Bu əsərdə
yarım əsrlik bir epoxanın geniş və gerçək
tarixi və ictimai-siyasi mənzərəsi salnamə ciddiliyi
ilə əks etdirilmişdir. "Həyatım və
mühitim" Məmməd Səid Ordubadinin tərcümeyi-halının
memuarı, mühitinin romanıdır. Bu, Azərbaycanda
orijinal bir memuar ədəbiyyatı nümunəsi olmaqdan
başqa, həm də mükəmməl tərcümeyi-hal
romanı olaraq da dəyərlidir. "Familiyamız"
adlı müqəddimə ilə başlayan "Həyatım
və mühitim"dən Məmməd Səid Ordubadi nəslinin
dəqiq şəcərənaməsini öyrənmək
mümkündür: "Atam Hacağa Məhəmməd
oğlu yeddi arxa keçdikdən sonra Şah Abbasın
yanında böyük mərtəbə qazanmış məşhur
şair Mirzə Hətəm Ordubadinin nəvəsidir. Mirzə
Hətəmdən atam Hacağaya qədər familiyamızda
şairliklə məşğul olan yalnız ikinci Mircə
Ağacan olmuşdur. Atam Hacağanın təxəllüsü
"Fəqir"dir. Onun böyük divanı vardır.
Anam İranın Qaradağ tərəflərindən
- Dizmar mahalındandır. Üştibin kəndindən Pənah
adlı bağbanın qızıdır. O, Tovuz xanım vasitəsilə
məşhur Üştibin şairi Nəbatiyə mənsubdur.
Anam öz ailələri ilə bərabər, Həsənabad
xanlarının qarət və qırğınlarından
qurtulub qaçmışdı. Atamın böylə
mühitdə yaşadığı və şair olduğu
üçün təxəllüsünü "Fəqir"
qoymuşdu. Mən 1872-ci ildə doğulduğum vaxt
Ordubadın mühiti daha bərbad hala
düşmüşdü".
"Həyatım və mühitim"
memuarı tərcümeyi-hal göstəricilərindən
başqa, "Rus məktəbi və rus idarəsi"ni,
İranın Xoy şəhərini, Tiflis həbsxana həyatını,
Həştərxan-Teymurxanşura sürgün mühitini əks
etdirməklə böyük bir cöğrafiyanın
tarixi-siyasi gedişatına işıq salır. XIX əsrin
sonunda və XX əsrin əvvəllərində Azərbaycanda,
Rusiyada, Qafqazda ictimai-siyasi mühitin dərk olunmuş
gerçək mahiyyətini dərindən öyrənmək
baxımından "Həyatım və mühitim" ibrətamiz
bir həyat dərsliyidir. Bədii əsərlərində
ictimai motivlərə, tarixi proseslərin təsvirinə
xüsusi diqqət yetirməsi ilə fərqlənən Məmməd
Səid Ordubadi "Həyatım və mühitim"də
yetkin bir siyasi xadim kimi diqqəti cəlb edir. "Həyatım
və mühitim" memuarı nəzərə alınmadan Məmməd
Səid Ordubadinin dünyabaxışına,
yaradıcılıq özünəməxsusluğuna qyimət
vermək çətindir. "Həyatım və
mühitim" Ordubadi dünyasına girişin
açarıdır. Zəngin tarixi məlumatlarla, mürəkkəb
siyasi proseslərin təsviri ilə "Həyatım və
mühitim" əks edildiyi dövrün də açarı
sayıla bilər.
Məmməd Səid Ordubadinin "İki
cocuğun Avropaya səyahəti" romanında da (1907) bədii
düşüncə ilə publisist notlar bir-birini
tamamlayır. İranlı iki tələbənin Avropaya səfəri
zamanı yazdıqları məktubları Ordubaddan alıb cəmiyyətə
təqdim etmək priyomu üzərində qurulmuş bu roman-səyahətnamədə
Şərq-Qərb müqayisəsi vasitəsilə milli
oyanışa və dirçəlişə
çağırış motivləri öz əksini
tapmışdır. "İki cocuğun Avropaya səyahəti"
ədəbiyyatımıza Avrasiya düşüncəsi gətirən
ilk geniş həcmli bədii əsərdir. Bu, ədəbiyyatda
Şərq-Qərb müqayisəsinin ordubadinaməsidir.
"İki cocuğun Avropaya səyahəti" əsəri
"Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab"
romanının müqəddiməsi təsiri
bağışlayır. Bu əsər bütövlükdə
Məmməd Səid Ordubadi
romançılığının mənalı bir proloqudur.
İlk dəfə 1908-ci ildə "Tazə həyat" qəzetində
hissə-hissə çap olunan "İki cocuğun Avropaya səyahəti"
əsəri nəhayət, indi oxuculara
çatdırılmaqla ünvanına yetişmək
baxımından səyahətnaməsini tamamlayır.
Böyük ədibimiz özünün
çoxcəhətli istedadını incəsənət sahəsində
də isbat etmişdir. Məmməd Səid Ordubadinin dahi
Üzeyir Hacıbəyovun məşhur "Koroğlu"
operasına yazdığı libretto sənətkarın
tarixi-qəhrəmanlıq mövzusunu şeirlə mənalandırmaq
və musiqi ilə uzlaşdırmağı bacarmaq
istedadının göstəricisidir. Bundan başqa,
"Nizami", "Nərgiz", "Şəfa",
"Dəmirçi Gavə" operalarına
yazdığı libretto mətnləri onun ədəbiyyat və
sənət qavrayışının
bütövlüyünü nümayiş etdirir. Həmçinin
"Beş manatlıq gəlin" və "Ürəkçalanlar"
musiqili komediyalarının libretto mətnlərinin müəllifi
kimi də o, ədəbiyyatın, səhnənin və
musiqinin harmoniyasını ifadə etmək
dünyagörüşünə malik geniş
masştablı bir sənətkar kimi görünür. Eyni
zamanda, Məmməd Səid Ordubadi "Bağı-şah,
yaxud Tehran faciəsi", "Əndəlisin son günləri,
yaxud Qrenadanın təslimi", "Teymurləng və
İldırım Bəyazid" və sair tarixi faciələrin
də müəllifidir. Bədii nəsrində olduğu kimi,
Məmməd Səid Ordubadi dramlarında da tarixilik və
müasirlik prinsiplərinə üstünlük vermiş, həmişə
bədiilik amilini böyük ədəbiyyatda xüsusi bir
tarazlıqda saxlamağı bacarmışdır.
Ümumiyyətlə, Məmməd Səid
Ordubadinin əsərləri mənsub olduğu xalqın milli-mənəvi
bütövlüyünün, birliyinin, mübarizə ruhunun,
oyanış və azadlığının böyük ədəbiyyat
səviyyəsində dolğun əks-sədasıdır.
Ayrı-ayrı xalqların qüdrətli
yazıçıları ümummilli vəzifələrin həyata
keçirilməsinin təkamül proseslərini, keçid
dövrlərini, dəyişmə və dönüş məqamlarını
ədəbiyyatda canlandırmaqla tarixi epoxalar və nəsillər
arasında varisliyin qorunub saxlanılmasına, gələcəyə
əmanət edilməsinə xidmət etmişlər. Belə
məsuliyyətli və şərəfli tarixi missiyanı
Rusiya üçün Lev Tolstoy rus ədəbiyyatında
böyük dahiyanəliklə yerinə yetirmişdir. Məmməd
Səid Ordubadinin tarixi romanları da, ümumiyyətlə,
müxtəlif janrlarda yazılmış qiymətli əsərləri
də Azərbaycan xalqının çoxəsrlik tarixinin və
keşməkeşli taleyinin ədəbiyyatı olaraq
ümummilli mənafelərin ədəbi yaddaşda həkk
olunması ilə yanaşı, həm də gələcəyə
işıq salmaq missiyasına xidmətin ifadəsidir.
Yəni, Lev Nikolayeviç Tolstoyun öz
xalqı üçün gördüyü işi Azərbaycanda
XX əsrdə bir neçə görkəmli sənətkarlarla
birlikdə həm də Məmməd Səid Ordubadi gerçəkləşdirməyi
bacarmışdır. Görüntüdə keçmiş
sovet rejiminin Azərbaycandakı rəhbərləri ilə
münasibətləri haqqında əfsanələr
yaşayan Məmməd Səid Ordubadi idealının ədəbiyyatdakı
ifadəsi milli-mənəvi bütövlüyə, tarixi
yaddaşın yaşadılmasına xidmətin nümunəsi
kimi ədəbiyyatı tarixi əhəmiyyətli işə
çevirməyin gerçəkliyini canlı və real şəkildə
əks etdirir. Bu gün böyük ədəbiyyat nəhəngi
Məmməd Səid Ordubadini öyrənməyin və
öyrətməyin zəruriliyi həmişə olduğundan
daha aktualdır.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan
Dövlət Universitetinin rektoru,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.-2012.-
23 oktyabr.- S.6.