Bir gözəl oxuyardı

 

 Böyük bir sənət yolunun yolçusu idi Şövkət xanım. Ömrünün son illərinə qədər o, yorulmadan, həvəslə, dayanmadan yeni-yeni zirvələr fəth edirdi və bircə an da nəfəs dərmək üçün belə o, bu yolda dayanmadı. Sənətin yeni üfüqləri onu daim cəzb edirdio, sənət yolunun adi yolçusu deyildi. O bu yolları çox vaxt özü salırdı. Muğamatı gözəl bildiyindən o, adi xanəndə də deyildi - öz dəst-xətti olan bir müğənni idi. Onun Azərbaycan mahnısının inkişafında oynadığı rol haqqında kitablarelmi əsərlər yazılacaq. Şövkət xanım, sadəcə, mahnı oxumurdu ki?! O, bizimkönül çırpıntılarımızı öz incə qəlbinin duyğu və hisslərinə qataraq bizləri xüsusi bir sehrə salırdı, ovsunlayaraq tərbiyə edirdi.

Yadımdadır ki, xarici ölkələrin birində idik. Sürücü maşındakı maqnitofonda müxtəlif mahnılar səsləndirirdi. Qəfildən "Füzuli" kantatasının üsyankar musiqisi avtobusun salonuna yayıldı. Sonra da Şövkət xanımın həzin notlara bələnmiş səsi eşidildi:

 

 Oyadar xəlqi əfğanım,

Qara bəxtim oyanmazmı?

 

 Azərbaycandan olanların, demək olar ki, hamısı ağladı. Dünyanın bəlkə ən dərin, ən əzablı sevgisi haqqında ən gözəl mahnısı uzaq sərhədlərin, ayrılıqların buz soyuqluğundan - ümmanlardan, dərələrdən, təpələrdən keçərək hər birimizə Vətəni gətirmişdi. Bizi bu uzaq yad ölkədə - okeanın o tayında kövrəldən təkcə eşqin kədəri deyildi. Vətənin, ana yurdun nəfəsi idi. Bizi tilsimə salan böyük Füzulinin, ölməz Cahangirin nəhayət, Şövkət xanımın duyğularından süzülərək iliyimizə qədər işləyən doğmalıq idi.

Şövkət Ələkbərova 1922-ci ilin oktyabrında Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra ömrünü musiqiyə bağlayaraq mahnı ifaçılığı sahəsində misilsiz xidmət göstərmişdir.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının solisti olub. İkinci Dünya müharibəsi illərində sənət dostları ilə birlikdə əsgərlər qarşısında çıxış edərək onları döyüşə ruhlandırmışdır. Onu təkcə doğma Vətənində sevmirdilər. Pərəstişkarlarının coğrafiyası genişdir. Keçmiş SSRİ-nin bütün respublikalarında Şövkət Ələkbərovanı yaxşı tanıyır mahnılarını bəyənirdilər. Azərbaycanlı müğənninin səsi Fransa, İsveç, Şri-Lanka, Əfqanıstan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa kimi ölkələrdə eşidilirdi.

1959-cu ildən xalq artisti adına layiq görülən Şövkət Ələkbərovanın yaradıcılığı Azərbaycan mahnı sənətinin 50 illik salnaməsidir. Onun ustalıqla ifa etdiyi "Dərələr", " çiçək", "Dağlar", "Sənsən ürəyim", "Ayrılıq", "Bir könül sındırmışam"... kimi mahnılarını bu gün kimsə oxumağa ürək eləmir, çünki o ifa, o təsir alınmır. Bu bir faktdır ki, bir çox mahnılara Şövkət Ələkbərova məhz öz möhürünü vurub.

İllərin küləkləri, qəfil qadaları, övlad itkisi bu böyük sənətkarımızın gəncliyini, şuxluğunu son illərdə sağlamlığını əlindən alsa da, bir səsinə toxuna bilməmişdi, bir heyrətedici səhnə mədəniyyətinə. Şövkət xanım səhnəyə gəldiyi gündən son nəfəsinədək bunun hər ikisinə vəfalı çıxdı. Elə bu böyüklüyünə görə o, professional ifaçılıq yüksək səhnə mədəniyyəti məktəbinin həqiqi yaradıcısı idi. İndi səhnəmizdə yarımçılpaq vəziyyətdə atılıb düşən bəzi müğənniləri görəndə şair Bəxtiyar Vahabzadənin haqlı sözləri yadıma düşür: "Müasirlik lüt gəzmək deyil. Bu bizim mentalitetimizə milli qürurumuza çox yaddır. Rəhmətlik Şövkəti yadınıza salın. O, səhnədə bir abır, həya mücəssəməsi idi".

Məlumdur ki, xalq artisti rəhmətlik Rübabə Muradova "Leyli Məcnun" operasında Leyli rolunu yaratmış aktrisaların, demək olar ki, çoxunu bəyənməmişdi. Səhnəmizin Leylisi əslində can verdiyi bu obrazı özü, öz nakam taleyli "məni" kimi sevdiyinə görə, bu əziz doğma rolu hamıya qısqanarmış. Bu məhəbbətin dərinliyindən bütün "Leyli"ləri ironiya ilə qarşılayarmış. Qəribədir ki, Rübabə xanım yeganə olaraq Şövkət Ələkbərovanı bəyənirmiş: "Bu rolu bircə Şövkətə güzəştə gedərəm. O, mənim böyük müğənnimdir". Maraqlısı da odur ki, Şövkət Ələkbərova ona olan təklifləri qəbul etməyərək  heç vaxt opera teatrında çalışmağa razılıq verməmişdir. Bunun əsl səbəbi necə izah olunur, bilmirəm. Hər iki xalq artisti haqqında apardığım araşdırmalardan, eşitdiyim söhbətlərdən bu nəticəyə gəlirəm ki, böyük ürəkli Şövkət Ələkbərova əslində dost istəyindən keçə bilməmiş, Rübabə Muradovanın duyğularındakı Leyli sevgisinə toxunmağa qıymamışdı. Üstündən illər ötəndən sonra hər iki sənətkarın yoxluğu bir daha sübut etdi ki, onlar ruhən, qəlbən bir-birilərinə necə yaxın, əziz doğma imişlər.

 

Ulduzlar da bu axşam səndən danışdı,

Ay da pəncərəmizdə yandı, alışdı...

 

 Şövkət xanımın böyük məharətlə möhür vurduğu bu nəğməni hər dəfə eşidəndə kim bilir ürəyimizdən nələr keçir. Az qala bütün varlığınla gələn günlərini tutub saxlamaq, ötən günlərinə yetmək istəyirsən. Çünki ötən günlərdə o qədər doğma əzizlərimiz var ki... Amma neyləyəsən ki, dünəndən qalan xatirələrdir, sabaha qanadlanansa təzə arzular. yaxşı ki, bizimlə yol gedənlərdən biri   həmişəyaşar sənətçimiz Şövkət Ələkbərovadır. Payız fəslində dünyaya gəlib Şövkət xanım. Sevgi ehtiramla onun xatirəsini anmaq da bir şərafət verdi bizlərə. "Gözlərim görməsə, Göygölü verin, mən onun gözüylə cahana baxım" oxuyan Şövkət Ələkbərova öz səsiylə, nəğməsiylə Azərbaycanı ev-ev gəzərək qəlblərdə əbədi yaşarlıq tapıb.

Bəzən dərin xiffətlə deyirik ki, bir gözəl oxuyardı! Bu gözəlin adı Şövkət, soyadı Ələkbərova idi. Deyilənə görə, böyük şairimiz Səməd Vurğunla bəstəkar Səid Rüstəmov bənzərsiz müğənnimizin ifasından vəcdə gələrək məhz belə bir məşhur mahnıya həyat veriblər:

 

Oxu, gözəl, oxu, gözəl, qoy səsin,

Ürəyimdə kaman kimi titrəsin.

 

 Ölümün amansızlığı bizi onsuz qoysa da, ilahi ifasını, bənzərsiz mahnılarını həmişə eşidirik. Şövkət xanımın tələbələri bu böyük ustadın üslubunda oxuyanlar indi var, amma... Açıq danışmaq lazımdır. Heç biri Şövkət Ələkbərova deyildir. Bu gün estradamızda, səhnəmizdə baş alıb gedən qatmaqarışıq səslərin içində bir unudulmaz sənətkarın, məhz Şövkət Ələkbərovanın yeri apaydın görünür. Hələ bəlkə dəqiq açıqlasaq, göynəyir.

...Bir vaxt konsert salonlarında, yubiley axşamlarında, ekran efirdə bir gözəl oxuyardı. Yaxşı ki, bu gözəl indi oxuyur. Həqiqətən gedən nəfəs, qalan səsdi...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2012.- 23 oktyabr.- S.7.