Qurban bayramı münasibətilə
Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi - Azərbaycan Respublikası vətəndaşlarını
və xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi
birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban
bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və
diləklərimi
yetirirəm.
Qurban bayramı islamın bir din kimi
tamamlandığı və insanlar üçün hidayət yolu
olaraq seçildiyi
mübarək günün təcəssümüdür.
Əksər müsəlmanlar bu əlamətdar
gündə uca Yaradanın adına kəsilən
qurbanlarla Allaha
yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah
amallar uğrunda hər
cür fədakarlığa hazır
olduqlarını nümayiş etdirirlər.
Qurban bayramı həm də
xeyirxahlıq, şəfqət və mərhəmət
bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban
mərasimləri insanları sülh və
əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi
həmrəyliyin, humanizm və
qardaşlığın təntənəsinə çevrilir. Bu günlər
ölkəmizdə geniş xeyriyyəçilik
tədbirləri həyata keçirilir,
imkanı çatan hər bir
müsəlman ehtiyacı olanlara könül xoşluğu ilə yardım göstərir.
Əziz həmvətənlər,
hörmətli soydaşlar!
Mübarək Qurban bayramı günündə
hamınıza Tanrıdan möhkəm
cansağlığı, ailələrinizə xoşbəxtlik,
süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Bayramınız
mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
20 oktyabr.- S.1.