«Doing Business-2013» hesabatı açıqlanıb

 

 Hesabatda Azərbaycan 67-ci yerdə qərarlaşıb

 

 Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business-2013" hesabatı açıqlanmışdır. Hesabatda 185 ölkə arasında 67-ci yerdə qərarlaşmış Azərbaycan bir sıra göstəricilər üzrə yenə qabaqcıl ölkələr sırasındadır. Belə ki, keçənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117 iqtisadiyyatını geridə qoyurdursa, builki hesabatda belə ölkələrin sayı 118-dir.

Builki hesabatda "Müəssisənin yaradılması" göstəricisi üzrə Azərbaycan 18-ci, "Əmlakın qeydiyyatı" üzrə 9-cu yerdə qərarlaşmışdır. Hesabatda "Əmlakın qeydiyyatı" göstərici üzrə Azərbaycan ilk onluğa daxil edilmiş bu sahədə Böyük Britaniya, Malayziya Yeni Zelandiya kimi qabaqcıl ölkələrlə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd edilmişdir. "İnvestorların maraqlarının qorunması" göstəricisi üzrə 25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi tarixdən bu göstərici üzrə öz mövqeyini köklü surətdə yaxşılaşdırmış bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olmuşdur. "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan kommersiya mübahisələrinə baxılma müddətinə görə Sinqapur, Yeni Zelandiya Koreya ilə yanaşı, dünyada 7-ci iqtisadiyyat kimi göstərilmişdir. "Vergilərin ödənişi" göstəricisi üzrə Azərbaycan öz mövqeyini köklü surətdə yaxşılaşdıraraq uğurlu islahatlar aparan ilk 5 ölkə sırasına daxil edilmişdir.

"Doing Business-2013" hesabatında biznes mühitin yaxşılaşdırılması sahəsində 2005-ci ildən etibarən Azərbaycanın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş, ölkəmiz bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə sırasına daxil olaraq bir çox ölkələri geridə qoymuşdur.

Görülən işlər və həyata keçirilməkdə olan tədbirlər ölkəmizin Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" hesabatında, eləcə də digər nüfuzlu təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmağa, investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına imkan yaradacaq. Bütün bunlar isə Azərbaycanın dünyada nüfuzunun artmasının, ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin təzahürüdür.

 

 

Azərbaycan.-2012.- 24 oktyabr.- S.1.