Mixail Uqryumov: Azərbaycan Prezidenti ölkənin maraqları naminə müdrik və uzaqgörən siyasət həyata keçirir

 

 Azərbaycanda ölkənin maraqları üçün müdrik və uzaqgörən siyasət həyata keçirilir. Bu sözləri oktyabrın 23-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi, "Əqli Mülkiyyət və İnnovasiya" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "İnnovasiya texnologiyalarının transferi: marketinq və müqavilələrin bağlanması" mövzusunda beynəlxalq seminarda iştirak edən Rusiya Elmlər Akademiyasının akademiki Mixail Uqryumov AzərTAc-a müsahibəsində demişdir.

Seminarın əhəmiyyətindən danışan akademik bildirmişdir ki, bütün dünyada elm və texnologiya sahələri kommersiyalaşdırılır və elmi tədqiqatların nəticəsi kimi yeni avadanlıq və texnologiyaların  sənayedə tətbiq olunması bu sahənin inkişafına gətirib çıxara bilər.

Azərbaycanlı alimlərinin tədqiqatları ilə tanış olduğunu qeyd edən M.Uqryumov, elm sahəsində iki əsas elementin vacibliyini diqqətə çatdırmışdır. Bunlardan birincisi Elmlər Akademiyasının, ikincisi isə elmi-tədqiqat fondunun olmasıdır. Akademik elmi tədqiqatların cəmiyyətin inkişafında, rifahında və iqtisadi artımında açar rolunu oynamasında bu iki amilin vəhdətdə olmasının vacibliyini vurğulamışdır.

Bakıya birinci dəfə gəldiyini bildirən M.Uqryumov Azərbaycan haqqında ətraflı məlumatının olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycan Prezidenti ölkənin maraqları naminə müdrik və uzaqgörən siyasət həyata keçirir. Azərbaycan neft, kənd təsərrüfatı və digər iqtisadi sahələrdəki inkişafı ilə dünyada öz layiqli yerini tutmuşdur.

M.Uqryumov ölkəmizin böyük gələcəyi olduğunu söyləmişdir.

 

 

Azərbaycan.-2012.- 24 oktyabr.- S.1.