«Qadın hüquqları üzrə
bələdçi» kitabının təqdimatı
Oktyabrın 23-də Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti (GİZ) ilə birlikdə "Qadın
hüquqları üzrə bələdçi"
kitabının təqdimatını keçirmişdir.
Geniş oxucu
kütləsinə ünvanlanan bu nəşr həm hüquqi
yardıma ehtiyacı olan qadınlar, həm də gənc
hüquq müdafiəçiləri üçün nəzərdə
tutulmuşdur. Səkkiz bölmədən ibarət kitabda ailə
münasibətlərində qadın hüquqları,
qadınların əmək hüquqları, məişət
zorakılığı və digər mühüm məsələlər
işıqlandırılmışdır.
Oxuculara
qadınların ailədə, işdə, cəmiyyətdə
üzləşə biləcəkləri müxtəlif
situasiyalarda necə hərəkət etməli olduqları izah
edilir, qanunvericilikdə nəzərdə tutulmuş
hüquqları haqqında onlara hərtərəfli bilgilər
verilir.
Azərbaycanda
gender bərabərliyi, qadın hüquqlarının
müdafiəsi sahəsində görülən işlər
barədə məlumat verən AQUPDK-nın sədri Hicran
Hüseynova bildirmişdir ki, ölkə həyatında elə
bir sahə yoxdur ki, qadınlar orada təmsil olunmasınlar. Son
illər qadınların qərar qəbulu səviyyəsində
təmsilçiliyi daha da genişlənir, ölkədə
sahibkarlıqla məşğul olan qadınların da sayı
artır. Həyata keçirilən dövlət
proqramlarının tərkibində gender məsələləri
mühüm yer tutur.
Komitə sədri
qeyd etmişdir ki, qadın hüquqlarının qorunmasında
və cəmiyyətə bərabərhüquqlu üzvlər
kimi inteqrasiyası sahəsində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
mühüm işlər görür. Onun təşəbbüsü
ilə qadın hüquqları, gender bərabərliyi
haqqında qanunlar qəbul olunmuşdur.
Təqdim olunan
kitab haqqında danışan H.Hüseynova demişdir ki, bu nəşr
qadınların hüquqi maarifləndirilməsi işinə
gözəl töhfədir. Burada ailə münasibətlərində
qadın hüquqları, pensiya və sosial münasibətlər,
vərəsəlik hüququ, qadınların əmək
hüquqları, sahibkarlıq fəaliyyəti, məişət
zorakılığı haqqında ətraflı məlumat
verilmişdir. Kitabda Azərbaycanda insan hüquqlarını
müdafiə edən milli mexanizmlər, qadın
hüquqları üzrə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları haqqında materiallar
da yer almışdır.
GİZ-in "Cənubi
Qafqazda hüquq və məhkəmə islahatlarına dəstək
proqramı"nın qrup rəhbəri Şalva Papuaşvili
"Qadın hüquqları üzrə bələdçi"
kitabının Azərbaycan cəmiyyəti tərəfindən
böyük maraqla qarşılanacağına ümidvar
olduğunu bildirmişdir. O qeyd etmişdir ki, sadə,
oxunaqlı dildə yazılmış kitabda həyati nümunələr
verilmişdir. Yeni nəşr əhalinin hüquqi cəhətdən
maariflənməsinə köməklik göstərəcəkdir.
GİZ Azərbaycanda hüquqi islahatları dəstəkləyir
və gələcəkdə də
hüquqi mövzulara aid kitabların nəşrinə və
hüquqi maarifləndirmə tədbirlərinə dəstək
göstəriləcəkdir.
Dövlət qurumlarının və
qeyri-hökumət nümayəndələrinin iştirakı
ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən
danışılmışdır. Bildirilmişdir ki, qadının öz hüququnu bilməsi
onun potensialını reallaşdırmaq imkanını
genişləndirir, cəmiyyətə inteqrasiyasını
sürətləndirir. "Qadın hüquqları üzrə
bələdçi" yaşından asılı olmayaraq, hər
bir qadının gündəlik müraciət etdiyi vəsait
olacaqdır.
AzərTAc
Azərbaycan.-2012.-
24 oktyabr.- S.4.