Bakıda «İnnovasiya texnologiyalarının transferi: marketinq müqavilələrin bağlanması»     mövzusunda beynəlxalq seminar işə başlamışdır

 

 Oktyabrın 23-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi, Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin təşkilatçılığı ilə "İnnovasiya texnologiyalarının transferi" mövzusunda beynəlxalq seminar işə başlamışdır.

AzərTAc xəbər verir ki,  tədbirdə layihənin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti elmi-təşkilat şöbəsinin rəisi, Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri Əminağa Sadıqov seminarın məqsəd və əhəmiyyətindən, müasir dövrdə belə tədbirlərin aktuallığından danışmışdır. Bildirmişdir ki, seminarın məqsədi yeni texnologiyaların transferi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, marketinqin həyata keçirilməsi, müqavilələrin bağlanması, elmi nəticələrin və yeni texnologiyaların kommersiyalaşdırılması yolu ilə Azərbaycanda innovasiya fəaliyyətini iqtisadiyyatın inkişafında əsas amillərdən  birinə çevirməkdir. İki gün davam edəcək tədbirdə Azərbaycan, ABŞ, Kanada, İsrail, Rusiya, Bolqarıstan, Ukrayna və Belarusdan olan alim və mütəxəssislərin məruzələri dinləniləcək, müzakirələr aparılacaqdır.

Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev bildirmişdir ki, qurum yarandığı gündən bəri xüsusi layihələr yolu ilə ölkədə elmin inkişafını dəstəkləyir. Bugünkü seminar həmin  layihələr çərçivəsində keçirilən tədbirlərin məntiqi davamıdır. Bu layihələrin keçirilməsində məqsəd  dünyanın müxtəlif ölkələrində çalışan alim və mütəxəssisləri Azərbaycana dəvət etmək, onların yerli alim və mütəxəssislərlə birgə tədbirlərini təşkil etməkdir.  Bu cür  elmi tədbirlərin   məqsədi yeni biliklərin qazanılması, təcrübə mübadiləsinin aparılması, müxtəlif ölkələrdən olan alimlər arasında yeni əlaqələrin qurulması və  eyni zamanda, Azərbaycanda əldə olunmuş elmi nəticələrin digər ölkələrin alimlərinə tanıdılması, təqdim edilməsidir.  

E.Babayev demişdir ki,  hazırkı dövr üçün aktual mövzulardan birinə - innovasiya texnologiyalarının transferinə  həsr olunmuş seminarda  əcnəbi mütəxəssislərin məruzələri və təmsil etdikləri ölkələrin təcrübələri bizim üçün çox  faydalı olacaqdır. Azərbaycanın elmi-tədqiqat müəssisələrində  və universitetlərində elmi yeniliklərin kommersiyalaşdırılmasında  mühüm rolu olan şəxslərin də   seminarda iştirak etməsi  bu beynəlxalq tədbirin daha səmərəli keçməsinə zəmin yaradır.

Digər çıxış edənlər də seminarın əhəmiyyətindən, ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə islahatların aparılmasından danışmış, yaxın gələcəkdə Azərbaycanın elmi  məhsulların istehsalında  aparıcı yerlərdən birini tutacağına əminliklərini bildirmişlər.

Seminarda ABŞ-ın Massaçusets Universitetinin professoru Vilyam Rozenberqin "Universitet texnologiyalarının ilkin mərhələdə kommersiyalaşdırılması",  İsrail Açıq Universitetinin professoru Hagit Messerin "Texnologiyaların transferi və əqli mülkiyyətin rolu", Ukrayna Milli Elmlər Akademiyasının əməkdaşı, professor Vyaçeslav Solovyovun "Keçid iqtisadiyyatı ölkələrində texnologiyaların beynəlxalq transferinin səmərəli milli siyasətinin formalaşdırılması problemləri",  Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Mixail Uqryumovun "Rusiya Elmlər Akademiyasında elm və texnologiyaların rəqabətliyi: problemlər və perspektivlər" və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilmişdir.

Seminar oktyabrın 24-də  işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.-2012.- 24 oktyabr.- S.4.