Bozdağın qoynunda bir şəhər də salındı

 

 Mingəçevirdə tikilən doqquzmərtəbələrdən ibarət qəsəbə yaxın vaxtlarda sakinlərini qəbul edəcək

 

 Azərbaycanı nur selinə qərq edən, XX əsrin gənclik şəhəri Mingəçevirədir yolumuz. Bozdağın qoynuna sığınan, ana Kürün laylasında ildən-ilə boy atan, gözəlləşən qədim insan məskənlərindən biridir bu şəhər. Gözlərimiz qarşısında böyüyür, dövlətin qayğısı, sakinlərinin segvi dolu əmək və zəhmətləri ilə. Yovşan ətrinə bələnən bu yerlərin boz çöllərindəki ilğım kolları necə də etibarlıdır. Susuzluqdan bozarıb dağların toz-torpaqdan yaranan dumanına bürünsələr də, kökləri çox dərinliklərə işlədiyindən, qurumur, eləcə yırğalana-yırğalana gəlib-gedənlərin arxasınca boylana-boylana qalırlar.

Vaxtilə Mingəçevirin arxasındakı Bozdağın bağrını yarıb dəli Kürü ram edənlərin yerini bugünkü gənclik tutub. O zaman da beləcə, maşın-mexanizmin "səs-küyündən qulaq tutulub". Bu, əsl işgüzarlıqdır. Məcburu köçkünlər üçün salınan yeni qəsəbədə iş sanki bulaq kimi qaynayır. Burada çalışan usta-fəhlə və mühəndis-texniki heyət də təsdiqlədi ki, verilən vədin vaxtından əvvəl yerinə yetirilməsi üçün gecə gündüzə qatılıb.

Şəhərin girəcəyində məcburi köçkün ailələrİ üçün salınan qəsəbəni digər ərazilərdəki yeni yaşayış sahələrindən fərqləndirən cəhətlər çoxdur. İlk növbədə onu deyək ki, burada bütün infrastruktura malik çoxmərtəbəli yaşayış binalarından ibarət qəsəbə salınıb.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Mingəçevir şəhəri üzrə səlahiyyətli nümayəndəsi Rafiq Muxtarov bildirdi ki, haqqında söhbət açdığımız yeni qəsəbədə tikintinin gedişini nəzarətdə saxlayan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vaxtaşırı burada olur işlərin sürətli və keyfiyyətli görülməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarını çatdırır. Bu isə təbii ki, burada çalışan tikinti şirkətləri rəhbərləri ilə yanaşı, usta və fəhlələrdə də işə, onlara tapşırılan vəzifələrə daha məsuliyyətlə yanaşmaya səbəb olurdu.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının Mingəçevir şəhərindəki məcburi köçkünlər üzrə səlahiyyətli nümayəndəsi Fikrət Əlabbasov, Dövlətqaşqınkomun Mingəçevir şəhəri üzrə aparıcı məsləhətçisi Səbuhi Məmmədovla birlikdə yeni salınan qəsəbədə son tamamlama işlərinin aparıldığının əyani şahidinə çevrilirik. Qəsəbə 10 ədəd doqquzmərtəbəli (502 mənzil) yaşayış binasından ibarətdir. Mənzillərin 34-ü bir, 259-u iki, 182-si üç, 27-si isə dördotaqlıdır. Bütün infrastruktura malik, 10 hektar ərazidə salınan yeni yaşayış massivində 480 şagird yerlik üçmərtəbəli məktəb, 50 yerlik uşaq bağçası, 2 ədəd 630 kilovoltluq yarımstansiya, hər biri 500 kubmetr həcmli 2 su anbarı sakinlərin rahat, qayğısız və problemsiz yaşamaları üçün nəzərdə tutulub.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Mingəçevir şəhəri üzrə səlahiyyətli nümyəndəsi Rafiq Muxtarov dedi:

- Göründüyü kimi, qəsəbədə son tamamlama işləri görülür. Burada da tikinti-quraşdırma işləri tender qaydasında müxtəlif şirkətlər tərəfindən həyata keçirilir. Digər ərazilərdə olduğu kimi, bu yeni yaşayış məhəlləsi Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunur. Qəsəbənin tikintisi ilə "Hidromaşservis" QSC, "Akkord", "AS-inşaat", "Xumar-98", "Alıbəyli", "Şəms-95", "Proqress", "NUR-inşaat", ümumiyyətlə, 20-yə yaxın təşkilat və şirkət məşğuldur. Onlar indiyə kimi  məcburi köçkünlər üçün yeni yaşayış məntəqələrinin tikintisində təcrübəli hesab olunublar. Fəhlə və ustalar məcburi köçkünlərdən ibarətdir ki, bu da təbii ki, dövlət başçısının tövsiyə və tapşırıqlarına əsaslanır.

Qəsəbədaxili yolların asfaltlaşdırılması, səkilərin  və yaşıllıqların salınması göstərir ki, inşaatçılar verilən vaxt-vədəyə əməl edəcək, illərdən bəri yeni mənzillərə köçmək arzusunda olanları sevindirəcəklər.

...Yeni qəsəbədən ayrılıb üzü Bərdəyə tərəf yollanırıq. Arxada Bozdağ və ətəyində öz nuru ilə ölkəmizi çil-çırağa qərq edən Mingəçevir qalır. Bir zamanlar Kür çayının qarşısını kəsməyə cəsarət edənlərin övladları bu gün burada yeni bir şəhərin təməlini qoyublar. Onların da hər biri Sarvan kimi, bədii ədəbiyyatımızın parlaq obrazlarına çevrilməyə layiqdir. Axı onların da alın təri və əl qabarı ilə neçə-neçə məcburu köçkün ailəsinə yeni həyat bəxş edilir...

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 24 oktyabr.- S.5.