«Əminəm ki, növbəti ilin sonuna qədər... bütün infrastruktur sosial məsələlərin həllinə nail olacağıq»

 

 Bu sözləri dövlət başçısı Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr olunan son iclasındakı nitqində demişdir

 

 Ölkədə tikinti-quruculuq işləri ildən-ilə geniş vüsət alır. Çoxlu yeni müəssisə tikilib istifadəyə verilir. Bununla yanaşı, fəaliyyəti çoxdan dayandırılan müəssisələr müasir avadanlıqlarla təchiz edilərək yenidən işə salınır. Paytaxtdan başlanan geniş tikinti-quruculuq işləri hazırda bütün bölgələri əhatə edir. İndi ölkəmizin elə bir rayonu yoxdur ki, orada yeni müəssisələr yaradılmasın. Bölgələrdə təkcə istehsal sahələri deyil, sosial obyektlər də tikilir. Son bir neçə ildə yüzlərlə təhsil, səhiyyə, idman və s. sosial obyektlər tikilərək istifadəyə verilib.

Azərbaycanın inkişafında önəmli rol oynayan infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində də nəhəng işlər görülüb. Hazırda belə layihələrin reallaşması sürətlə davam etdirilir. Təqdirəlayiq haldır ki, infrastruktur layihələri ölkənin paytaxtı ilə yanaşı, kənd rayonlarında da həyata keçirilir. Bunun nəticəsində bölgələrimizin yolları abadlaşıb, enerji və qazla təminatı yaxşılaşıb, uşaqlar müasir tipli məktəblərdə təhsil alırlar. Bölgələrdə yaradılan yeni diaqnostika-müalicə mərkəzlərində yüksək səviyyəli cərrahi əməliyyatlar aparılır. Əvvəllər belə əməliyyatların keçirilməsi üçün Azərbaycan vətəndaşları çoxlu vəsait xərcləyərək xarici ölkələrə üz tuturdular.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə gedən quruculuq-abadlıq işləri barədə demişdir: "Bakı şəhəri və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Çox ciddi, konkret proqramdır. Vaxt baxımından çox qısamüddətli proqramdır. Yəni iki ilə biz Bakı qəsəbələrinin bütün problemlərini, sosial-iqtisadi infrastruktur problemlərini həll etməli idik. Biz buna yaxınıq. Hələ bir il vaxt vardır. Əminəm ki, növbəti ilin sonuna qədər bu proqram tam şəkildə yekunlaşacaq və Bakı qəsəbələrində bütün infrastruktur və sosial məsələlərin həllinə nail olacağıq. Artıq verilən tapşırıqlar bunu göstərir. Bütün qəsəbələrdə quruculuq işləri aparılır. İlk növbədə su-kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə başlanacaqdır. Paralel olaraq qazlaşdırma, məktəblərin, xəstəxanaların, poliklinikaların tikintisi, yeni iş yerlərinin yaradılması prosesi gedir".

Statistik rəqəmlər də ölkədə həyata keçirilən nəhəng tikinti-quruculuq işlərini əyani sübut edir. Cari ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin 60,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Qeyd etdiyimiz kimi, abadlıq işlərinə qoyulan vəsait ildən-ilə artır. Bu il ötən ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,4, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi isə 27,3 faiz artmışdır. Kapital qoyuluşunda dövlət müəssisələri üstünlük təşkil edir. İqtisadiyyatı inkişaf etdirmək üçün kapital qoyuluşuna xüsusi önəm verilir. Elə bu sahədə əldə edilən bütün uğurların kökündə də dövlət tərəfindən verilən dəstək dayanır.

Dövlət kapital qoyuluşunu təmin edərkən ölkə üçün prioritet sahələrə üstünlük verir. Yəni ilk növbədə ölkənin iqtisadi inkişafına təkan verən sahələrə kapital qoyuluşu stimullaşdırılır. Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 36,6 faizi sənaye sahələrinin inkişafına yönəldilib. Bu da dediklərimizə sübutdur. Çünki sənaye sahələri artdıqca ölkənin iqtisadi inkişafı yüksəlir, yeni iş yerləri yaradılır.

Ölkədə iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Qeyri-neft sənayesinin inkişafı çoxlu kapital qoyuluşu tələb edir. Ona görə ki, mövcud olan köhnə müəssisələr müasir dövrün tələbinə uyğun məhsul istehsal etmək iqtidarında deyil. Onların bir hissəsi isə ümumiyyətlə yararsız hala düşüb. Buna görə də köhnə müəssisələr təmir edilərək yenidən qurulmalı və müasir texnologiyalarla təchiz edilməlidir. Başqa sözlə, indiki dövrə uyğun məhsul istehsal etmək üçün yeni müəssisələrin yaradılması zamanın tələbidir. Bu sahəni dirçəltmək üçün çoxlu kapital qoyuluşuna ehtiyac var. Dövlət xeyli müddətdir neft gəlirlərindən əldə etdiyi vəsaitdən qeyri-neft sektorunun inkişafı üçün kapital qoyuluşuna start verib. Bu rəqəmlər ildən-ilə yüksələn xətlə davam edir. Cari ilin doqquz ayında əsas kapitala yönəldilmiş vəsaitin 74 faizinin qeyri-neft sektoruna qoyulması dediklərimizi sübut edir.

Qeyd edildiyi kimi, hər il ölkədə yüzlərlə müxtəlif təyinatlı sosial-iqtisadi obyektlər tikilib istifadəyə verilir. Bu ilin doqquz ayında Bakı şəhərində metal konstruksiyalar zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron", "Four Seasons" hotelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, 8-ci Kilometr stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, istixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istismara verilib. Yeni tikililər sırasında  Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıtda "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Ağsu rayonunda Ağsu çayı üzərində körpü, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəçimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Cəlilabad rayonunda Olimpiya İdman Kompleksi, un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi də var. Əgər bu siyahını uzatmalı olsaq, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Mərkəzi, Qazax rayonunda konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Şəki rayonunda "Shaki Palace" hoteli, taxıl anbarı və dəyirman kompleksi, Tovuz rayonunda "Ayan Palace" hoteli və digər obyektlərin də adlarını çəkməli olarıq. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1197,8 min kvadratmetr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 831 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 24972 şagird yerlik ümumtəhsil məktəbi, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi, 140 yerlik klub istifadəyə verilib.

Ölkəmizə xarici investisiyaları cəlb etmək üçün lazım olan qanunlar qəbul edilərək mükəmməl hüquqi baza yaradılıb. Buna görə də Azərbaycan xarici sərmayədarlar üçün cəlbedicidir. Cari ilin yanvar-sentyabr aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 11,9 faiz artmışdır. Bu sahədə Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya Respublikası və Fransa investorları daha fəaldırlar.

Həyata keçirilən tikinti-quruculuq işləri eyni zamanda yeni iş yerləri deməkdir. Tikinti-abadlıq işlərinin miqyası artdıqca bu sahədə çalışanların sayı da çoxalır. Hazırda Azərbaycanın tikinti sektorunda geniş imkanlara malik yerli və xarici şirkətlər fəaliyyət göstərir. Onlar tikinti sektorunda çalışanlara yüksək əməkhaqqı vermək imkanına malikdirlər. Bu ilin 8 ayında inşaat bölməsində çalışan 83,3 min nəfərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 561,7 manat təşkil etmişdir. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı daha yüksək - 588,4 manat olmuşdur. Rəqəmlərdən göründüyü kimi, tikinti sektorunun artması ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm rol oynayır.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan .- 2012.- 24 oktyabr.- S.5.