Böyüklüyün,
ucalığın, əbədiyaşarlığın
ünvanı
Sələf və xələflərinə
bənzəməyən Hüseyn Cavid öz dəst-xətti
ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin,
eləcə də mənzum dramın əsasını qoyan,
ömrü boyu qəlbinin dediklərini yazan, həqiqət əsiri
olan, ancaq gözəlliyə tapınan bir mütəfəkkir
idi. Cavidin söykəndiyi həqiqətin bircə mənası
olub: xalqını, millətini azad, xoşbəxt, vətənini
isə sivil dövlətlərin sırasında görmək!
Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid
dövrünün sərt qadağaları, sədləri ilə
üzbəüz dayanıb. Onun bədii düşüncəsi,
yazıları sənət tariximizin əvəzsiz nümunələrindən
biridir. Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun
yaradıcılığını çox yüksək dəyərləndirərək
demişdir: "Hüseyn Cavidi Şərqin Şekspiri
adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə
müqayisə etmək düzgün olardı. Əsərlərindəki
fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid
Şekspirdən də yüksək səviyyəyə
qalxmış adamdır. EXalqımız, tariximiz nə qədər
yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər
yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan
xalqının milli sərvətidir". Məhz bu
dürüst qiymətin nəticəsidir ki, dövlət
başçısı İlham Əliyevin
imzaladığı sərəncama əsasən Hüseyn
Cavidin anadan olmasının 130 illiyi ölkəmizdə
müxtəlif tədbirlərlə qeyd edilir.
Yaradıcılığa
şeirlə başlayan Cavid ilk pyesi "Ana"nı 1910-cu
ildə yazmışdı. 1937-ci ilə kimi bir-birinin
ardınca 20-dən çox pyes yazan qüdrətli sənətkarımız
Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını
qoydu. "Maral", "Şeyx Sənan",
"Uçurum", "Şeyda", İblis". "Afət",
"Peyğəmbər", "Topal Teymur",
"Knyaz", "Səyavuş", "Xəyyam",
"İblisin intiqamı", "Atilla",
"Koroğlu" ssenarisi, yarımçıq "Azər"
poeması və başqa əsərlər ədəbiyyatımızın
inciləri sayılır.
Tarixi
mövzularda möhtəşəm əsərlər yaradan
Hüseyn Cavid əsrlərin ən dərin qatlarına dövrünün
gözü ilə baxaraq işlədiyi mövzunu elə
qüdrətlə mənalandırırdı ki, ədib
bütün ədəbi döyüşlərdən qalib
çıxırdı. Bu səbəbdən də onun əsərlərində
yalnız Azərbaycan deyil, bütün bəşəriyyəti
düşündürən problemlərə, məsələlərə
işıq saçılırdı. Cavidin axtardığı
həqiqətin bir mənası vardı: milləti azad,
xoşbəxt və birlikdə görmək! Gənclik illərində
dostlarına yazdığı məktubların birində
oxuyuruq: "...Əsl məqsəd vətənə xidmət,
həm də layiqincə xidmət etməkdir".
Cavid yaradıcılığına həmişə
diqqət və həssaslıqla yanaşan unudulmaz Heydər Əliyevin
başqa bir fikri də bu dahi sənətkarın bir şəxsiyyət
kimi məziyyətlərini açıqlayır:
"Hüseyn Cavid həmişə öz iradəsi ilə
yaşamış, öz iradəsinə, millətinə sadiq
olmuşdur, millətini, xalqını həqiqətən
canından artıq sevmişdir". Əsərlərində
nəyi tərənnüm etmiş, hansı arzuların
qanadında səmalara uçmuş olduğunu böyük
ustadımız vaxtilə belə
cavablandırmışdır: "Əsiri olduğum bir
şey varsa, o da həqiqət və yenə həqiqətdir!"
O, bu həqiqəti tapmaq üçün elə ağır
bir yolun yolçuluğunu üzərinə götürdü
ki, üzləşdiyi çətinliklər, ziddiyyətlər,
təzyiqlər, uçurumlar və nəhayət, repressiyalar
ömrünə, həyatına qənim kəsildi. Dəhşətlisi
odur ki, Cavid kimi coşqun arzulu, vətəndaş mövqeli,
milli qürurlu, torpaq sevgili şairimizin taleyinə
sürgünün ən ağır nəticəsi olan
qürbət iztirabları yazıldı.
Nə eşq olaydı, nə aşiq, nə
nazlı afət olaydı,
Nə xəlq, nə Xaliq, nə əski-həsrət
olaydı.
Nə dərd olaydı, nə dərman,
nə şur olaydı,
nə matəm,
Nə aşiyaneyi-vüslət, nə
bari-firqət olaydı...
Bu zahiri inkarın daxilində qəribə
bir istək duyulmaqdadır. Bəs nə olaydı? Cavid nə
arzulayırdı? Nə istəyirdi? Yalnız ədalət!
Bütün həyatı boyu yazdıqlarında ancaq bu diləklə
çırpınmışdı böyük Əfəndimiz!
O, məfkurə davasını insanların beyninə, milli zehniyyətinə
aşılamaq istəyirdi:
Turana
qılıncdan daha kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!..
Böyük Cavidin amallarını
"uf" demədən doğrayan 1937-ci ilin qəzəbli
qılıncı o dövrün bir çox
aydınlarının həyatını puç edərək
işıqlı arzularına son qoydu, xanimanlarını
dağıtdı, ailə üzvlərini isti ocaqlarından
didərgin saldı. Kimi sinəsinə tuşlanmış
güllədən, kimi qəfil başlayan qəzadan, kimi də
sonrakı vahiməli illərin sarsıntısından
dünyasını vaxtsız dəyişdi. Bu ədalətsiz
hökmlərin, əmrlərin, tuthatutların, qovhaqovların
ən ağır zərbəsi isə millətin
köksünə dəydi. "Ayaq altında pamal
olmuş" vətənin dərdləri Cavidin qələmində
əvvəlcədən fəryad qoparırdı:
Daha məhv
etdi artıq istibad,
Yaxdı zülm atəşinə
canımızı!
Olub hər bir hüququmuz bərbad,
Dinləməz kimsə əlamanımızı!
Rəzalətlərin
hökm sürdüyü o dövrdə ümidsizlik, bədbinlik
öz qəzəbli hökmlərini elə bir həddə
çatdırmışdı ki, hər axşamın
toranlığı evlərə bir vahimə gətirirdi:
"Görən, bu gecə kimin qapısı döyüləcək?",
"Bu gecə kimi tutacaqlar?". O qorxulu gecələrin birində
isə qara qüvvələr məhz Cavid əfəndini
apardılar. Deyilənə görə, əzrayıllı gecələrə
dönən həmin günlərin bir axşamında teatrda
böyük dramaturqun "İblis" əsəri göstərilirmiş.
Sonralar 37-ci ilin qəzəbinə tuş gələn Abbas Mirzə
Şərifzadə həmin tamaşada Cavidin üsyankar səsini,
etiraz və fəryadını özünəməxsus kinayələrlə,
acı gülüşlərlə, öldürücü ahənglə
salona iynələyirmiş:
Sellər kimi axmaqda qızıl qan,
Canlar yaxar, evlər yıxar insan...
Bu qorxunc qəhqəhələrin
atmacaları dövrün əks-sədası idi:
İblis nədir?
- Cümlə-xəyanətlərə
bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis!
İnsandakı bu xislətə, vəhşətə,
sonu nifrətə dönən yalançı şəfqətə,
lənətə uzanan rəhmətə meydan oxuyan Cavidlərin,
Abbas Mirzə Şərifzadələrin, Müşfiqlərin,
Əhməd Cavadların... haqq səslərini məhz o gecələr
döyülən qapı səsləri batırmaq istəyirdi.
Şərə, zülmə yol verən fitnələr öz
işini görsə də, o şəxslərin ruhunu
öldürmək mümkün olmadı. Çünki Cavidlərin
gözəllik, sevgi tanrısına tapınan ömürləri
eləcə nura qənşər bir yolun əbədi
yolçusuna dönmüşdü.
...Payızda dünyaya gəlmişdi
böyük və unudulmaz ustad. Adətən oktyabra "Cavidlər
ayı" deyirlər. Maraqlıdır ki, ailənin
bütün üzvləri məhz bu ayda doğulublar.
Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si
oğlu Ərtoğrolun, 24-ü isə Cavid əfəndinin
özünün doğum günləridir.
Hüseyn Cavid ilk dərslərini
atasından, eləcə də dövrünün
tanınmış ziyalısı, böyük qardaşı Məhəmməd
Rəsizadədən alıb. Əvvəlcə mollaxanada, daha
sonra isə Məhəmməd Tağı Sidqinin məktəbində
oxuyub. Sonralar isə İstanbulda Darülfünunun ədəbiyyat
şöbəsini bitirib. Həbs olunana qədər (1937-ci il)
Bakıda yaşayan Hüseyn Cavid əvvəlcə orta məktəbdə,
sonra teatr texnikumunda və Bakı Darülmüəllimində
ədəbiyyat dərsi deyib.
Millətini, xalqını canından
artıq sevən bu böyük mütəfəkkir 1937-ci ilin
qəzəbli möhürünə - "vətən
xaini" kimi iyrənc ifadəyə məruz qaldı.
Özünü həmişə "hüsni-Xuda
şairi" sayan, xəyalı səmalara qanadlanan Cavid dillər
əzbəri olan "Mənim tanrım" adlı şeirində
deyirdi:
Hər gülün cahanda bir pənahı
var,
Hər əhli-halın bir qibləgahı
var.
Hər kəsin bir eşqi, bir Allahı
var,
Mənim tanrım gözəllikdir,
sevgidir!
Hüseyn
Cavid haqqında sağlığında da, ölümündən
və bəraətindən sonra da xeyli xatirə və məqalələr
yazılıb. Dəhşətlisi odur ki, dövrün qəzəbli
diktələri bəzən Cavidin müasirlərini can
qorxusuna salaraq yalan, riya yazmağa məcbur edib. O illərin
"Ədəbiyyat qəzeti"ni vərəqləyəndə,
Cavidin ünvanına tuşlanmış şeirləri oxuyanda
inanmağın gəlmir ki, belə bir qüdrətli dramaturqa
"Sən şahların sinisini yaladın", "Sənin
yazdıqların özündən qabaq öldü" demək
mümkün imiş. Yaxşı ki, dünyanın dəyişən
vaxtı gəldi. Yaxşı ki, Cavidin məhəbbəti
susmuş ürəkləri dilə gətirdi. Bütün bu
yazılanların, deyilənlərin arasında iki şəxsin
münasibəti daha səmimi, daha təsirli, doğrudur.
Böyük şairin ömür-gün dostu Mişkinaz
xanımın "Cavidi xatırlayarkən" adlı xatirəsini
oxuduqda ustadın canlı portreti göz önündə
dayanır. Bu yazıdan sonra sanki başqa bir məqaləni,
xatirəni oxumağa ehtiyac duyulmur. Çünki Cavid necə
varsa, geyimindən, yerişindən, vərdişlərindən,
ta yazı-pozusuna, dost-tanışına münasibətinə
qədər Mişkinaz xanımın xatirələrində
öz əksini tapıb. Cavidin həyatında,
yaradıcılığında, daha doğrusu, onun
xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında
önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz
bu böyük insanın qayğısı və diqqəti nəticəsində
Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə
ilə keçirildi. Heydər Əliyevin böyük səyləri
və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi
1982-ci ildə Azərbaycana gətirilərək
doğulduğu Naxçıvan torpağında dəfn olundu.
Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü
və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi
tikildi, Bakıda Hüseyn Cavidin ev-muzeyi açıldı. 120
illik yubileyinin təntənəli keçirilməsi də
Hüseyn Cavidin adı ilə bağlanan
üçüncü böyük sevinc idi ki, məhz dövlət
müstəqilliyimizi qazandıqdan sonra baş tutdu.
Qızı Turan Cavid isə ömrü
boyu atası ilə bağlı xatirələrin,
yazıların, əlyazmaların başına pərvanə
kimi fırlandı. Bəzən də düçar olduğu
atəşlərdən içi min əzab çəkdi,
yandı, qovruldu, amma zərif çiyinlərini elə bir
yükün altına vermişdi ki, o, adicə övlad deyildi.
Köksündə anasının, atasının,
qardaşının ürəkləri
döyünürdü. Dağılmış inciləri bir
yerə yığmaq missiyası onun taleyinə
yazılmışdı. Qapı-qapı, el-el, oba-oba gəzərək
atasının əsərlərini axtardı, topladı,
çap etdirdi. Bəzən də üzləşdiyi məqamlarda
son qəpiyini də xərcləməyi bacardı.
Atasının əlyazmalarını müxtəlif şəhərlərdən,
müxtəlif insanlardan öz halal pulu ilə aldı.
Qandan-gendən gələn bir toxluq ömrü boyu Turan
xanımın varlığında qərar tutdu. Onu
maraqlandıran yalnız Hüseyn Cavid irsinin bir yerə
toplanması və yenidən çapı idi. Turan
xanımı narahat edən, daim düşündürən, nəhayət,
çatdığı arzulardan biri də Hüseyn Cavid əsərlərinin
ilkin variantında işıq üzü görməsi oldu.
Doğrudur, böyük dramaturqumuz bəraət aldıqdan
sonra kitabları çap edilirdi. Təəssüf ki,
dövrün tələbindən, quruluşun hökmündən
irəli gələn diktələrə məruz qalaraq... Məhz
Turan xanımın fədakarlığı nəticəsində
Hüseyn Cavidin əsərləri yazıldığı kimi
pərəstişkarlarına çatdırıldı.
Hüseyn Cavid elə bir həqiqətin əsiri
idi ki, o, altun saraylara, daş zindanlara, vəhşi pəncələrə,
tikanlı məftillərə, dəmir qəfəslərə
meydan oxuyurdu. Cavid elə bir həqiqətin aşiqi idi ki,
qumral gözəllərə, sevdalı könüllərə,
parlaq sevgilərə, gülümsəyən günəşə
öz misraları ilə ağ yelkənlər kimi qanad
açırdı. Bu gün ləngərli söz sahibimizin,
qüdrətli şairimizin, böyük dramaturqumuzun doğum
günüdür! Bu gün Cavid həqiqətinin gül
açdığı gündür! Görün azadlıq
yolunda vuruşun ləzzətini Cavid necə dəyərləndirirdi:
Şər olmadıqca xeyrə
qovuşmaq mahal olur,
Qəsvətli, sisli hər gecədən
bir, günəş doğar.
Hürriyyət öylə nazlı bir afət
ki , tək vüqar,
Qan axmadıqca kimsəyə gülməz o işvəkar.
Unudulmaz xalq şairi Rəsul Rza Cavidlə
bağlı maraqlı bir fikrin müəllifidir: "Onun
romantik qanadlı şeiri yüksək sənətkarlıq
nümunəsi idi. Bu gün də öz təsir
gücünü itirməmişdi. Cavidin şeir dilinin mürəkkəbliyi
və bugünkü dilimizə görə bəzən çətin
anlaşılması haqqındakı fikirlər yalnız qismən
qəbul oluna bilər. Dilimizin inkişaf yolunu izləyənlər
bilirlər ki, Cavidin yazıb-yaratdığı illərdə
Azərbaycan dilinə yad olan sözlər, tərkiblər həm
ədəbi dilimizdə, həm də mətbuatda bol-bol
işlənirdi". Bu fikri xatırlatmaqda məqsədimiz
odur ki, Cavidin özü kimi, yazıları da, əsərləri
də heç bir zamanın, dövrün diktəsinə
baş əyməyib. Bu məziyyətlər onun bənzərsizliyini,
orijinallığını şərtləndirən əsas cəhətlərdəndir.
Təəssüf ki, dərsliklərdə bu gün Caviddən
gələn "yavrum", "quzum" sözlərini
"tərcümə" edərək "balam",
"qızım" yazanlar ömürləri boyu Cavid
adlı möhtəşəm dağın ətəklərinə
yaxın düşə bilməzlər. Cavid elə bir sərvətdir
ki, ona toxunmaq özü günahdır. Onun əsərlərini
yalnız olduğu kimi oxumaq, sevmək və qorumaq
lazımdır.
...Şərqin qapısı sayılan
Naxçıvanda bu gün ağ işıq kimi ətrafa nur
səpən bir məqbərə var - Cavidlər məqbərəsi!
Bu müqəddəs torpağın sakinləri də, oraya gələn
qonaqlar da həmişə üç ünvanı ziyarət
etməyi mənəvi borc bilirlər: Əshabi-Kəhf, Mömünəxatın
türbəsi və Cavidlər məqbərəsi! Sovet
quruluşunun həyata keçirdiyi repressiyalar nəticəsində
bir-birindən ayrı düşən, fələyin
yazdığı ağrı-acıya tuş gələn, uzun
illər həsrət içində çırpınan Cavidlər
məhz bu məqbərədə bir-birinə qovuşaraq
rahatlıq tapdılar.
"Həqiqət istərəm,
yalnız həqiqət", - deyə bütün ömrü
boyu çarpışan, yazıbyaradan Hüseyn Cavidin əsərləri
elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və
mənalı səslənir. Doğum günün mübarək,
böyük ustad! Gələcəyə doğru mətin bir
yürüşlə elə zirvədəsən ki, sənə
nə əl çatar, nə söz yetər! Qəribədir
ki, həm də hər kəsin - səni sevənlərin də
qəlbində varsan! Böyüklük,
ucalıq, əbədiyaşarlıq budur!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
24 oktyabr.- S.7.