Azərbaycan teatrının gec tapıb, tez itirdiyi sənətkar

 

 Azərbaycan səhnə sənətinin özünəməxsus dəst-xətti ilə seçilən fədailərindən biri  məşhur "YUĞ" teatrının yaradıcısı rejissor Vaqif İbrahimoğlu idi. Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsində mərhum  aktyor, rejissor, teatrşünas, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş", "Humay", "Zirvə"  mükafatları laureatı Vaqif İbrahimoğlunun anım günü ilə əlaqədar tədbir keçirildi.

Tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azərpaşa Nemətov açaraq mərhum sənətkarın həyat və yaradıcılığından bəzi incə və maraqlı məqamlara toxundu. Sənətşünaslıq doktoru Məryəm Əlizadə ölməz sənətkarı Azərbaycan teatrının gec tapıb, tez itirdiyi, lakin potensialından  yetərincə bəhrələndiyi bir səhnə fədaisi kimi təqdim etdi. O, qeyd etdi ki, Vaqifin sənət dünyasının kəhkəşanında çoxlu ulduzlar parlayacaqdı, təəssüf ki, onun ömrü qısa olduğundan, yaratmaq istədikləri yarımçıq qaldı. Lakin Vaqif İbrahimoğlu teatrda qarşısına qoyduğu məqsədə çatdı: "Bu gün Vaqif İbrahimoğlu haqqında danışarkən nikbin olmamağa haqqımız çatmır. O,  qısa ömründə, demək olar ki, nəyi edə biləcəkdisə, onu yaratdı. Ondan yadigar qalan "YUĞ" teatrı da söylədiklərimi təsdiq edən faktlardandır".

Tədbirdə Vaqif İbrahimoğlunun keçdiyi şərəfli ömür yoluna dostları, tərəf-müqabilləri, tələbələri, davamçıları və başqaları çıxış edərək bildirdilər ki, 18 oktyabr 1949-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olan Vaqif İbrahimoğlu 1967-1972-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda teatr sənətinə yiyələndikdən sonra bu sahədə öz yolu olduğunu göstərməyə başladı. Teatr aləmində öz məktəbini yaratmaq üçün orijinal forma axtaran Vaqif  İbrahimoğlu çətinliklərlə üzləşsə də, buna nail oldu.

Türkiyənin Ankara, Bursa  Estoniyanın Uqala teatrlarında tamaşalar hazırlayan Vaqif İbrahimoğlunun yaradıcılıq bioqrafiyası çox zəngin olub. 1989-cu ildən o, "YUĞ" teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 1992-ci ildə bu teatr-studiya dövlət statusu alıb. Ömrünün sonlarına kimi yaratdığı teatrın formalaşmasına çalışan və müəyyən mənada məqsədinə çatan rejissor 90-a yaxın tamaşaya quruluş verib.

Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adını alan Vaqif İbrahimoğlunun rejissorluğu qeyri-adiliyi ilə seçilib, yadda qalıb. 2006-cı ildə o,  Prezident mükafatçısı kimi şərəfə layiq görülüb.

Ötən il mayın 12-də vəfat edən Vaqif İbrahimoğlunun kino sahəsində də uğurları az olmayıb. "Məhəbbətdən də artıq", "Dantenin yubileyi", "Bağlı qapı", "Əlavə iz", "Qəm pəncərəsi", "Qurama", "Otel otağı", "Pəri qala" və "Sahə" filmləri  isə onun yaradıcılıq bioqrafiyasına yazılanlardandır.

Mərhumun həyat yoldaşı Neyla Qasımova teatr tarixinə adını silinməz hərflərlə həkk edən Vaqif İbrahimoğlunun yaradıcılığına və şəxsiyyətinə daim qayğı ilə yanaşan sənət dostlarına, xüsusən də Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivinə  təşəkkürünü bildirdi.

Tədbirin sonunda "Savalan" qrupunun üzvlərindən Novruz Novruzov, Həlimət Sultan, Şəhriyar İmanov və İffət Əsgərovun ifasında  Aşıq Veysəldən həzin, kövrək türkülər təqdim edildi.

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 24 oktyabr.- S.7.