Elmi-praktiki seminar dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan
olmasının 870 illiyinə həsr edilmişdir
Azərbaycan
Universitetində (AU) Azərbaycan filologiyası və
jurnalistika kafedrasının təşkilatçılığı
ilə elmi-praktiki seminar keçirilmişdir. AU-dan
bildirmişlər ki, professor-müəllim heyəti və tələbələrin
iştirak etdikləri seminar dahi Azərbaycan şairi Nizami Gəncəvinin
anadan olmasının 870 illiyinə həsr edilmişdir.
Seminarda dosent Ülviyyə Rəhimova
çıxış edərək rəhbərlik etdiyi Azərbaycan
filologiyası və jurnalistika kafedrasında Azərbaycan ədəbiyyatı
tarixində layiqli yer tutmuş, ədəbi irsimizin zənginləşməsinə,
dövrünün ədəbi mühitinə təsir göstərmiş
ustad sənətkarların yaradıcılığına həsr
olunmuş tədbirlərin keçirilməsinin artıq ənənəyə
çevrildiyini bildirmişdir.
Diqqətə
çatdırılmışdır ki, dahi söz ustadı təkcə
Azərbaycan xalqının deyil, eyni zamanda, dünya mədəniyyət
xəzinəsinin də nadir inciləri sırasına daxil
edilmişdir. Nizami yaradıcılığının qüdrəti
həm də ondadır ki, o, özünün
türkçülük ideyalarının yad dildə vəsfinə
nail olmuşdur.
Tədbirdə professor Kamran Əliyev
dahi sənətkarların ədəbi
yaradıcılıqlarında bir qayda olaraq folklordan məharətlə
istifadə etdiklərini bildirmiş, Nizami Gəncəvinin də
daim ənənəvi şifahi xalq
yaradıcılığından bəhrələndiyini diqqətə
çatdırmışdır. Qeyd etmişdir ki, dahi şair əsərlərində
Azərbaycan folklorunun müxtəlif nümunələrindən
yüksək səviyyədə istifadə edərək onun
inkişafına böyük təsir göstərmişdir. Azərbaycan
folklorundakı şah, hökmdar obrazları, ülvi məhəbbət
mövzusu Nizaminin təsiri ilə daha da
formalaşmışdır.
AzərTA
Azərbaycan.-2012.-
24 oktyabr.- S.7.