Sürətli inkişafın beynəlxalq
miqyasda növbəti təsdiqi
Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının nüfuzlu "Doing Business-2013" hesabatına əsasən
Azərbaycan inkişaf göstəriciləri üzrə
qabaqcıl ölkələr sırasındadır
Bir neçə il əvvəl iqtisadi sahədə
keçid dövrünü başa vuran Azərbaycanda sərbəst
bazar münasibətlərinə və inkişaf qabiliyyətinə
malik, sosialyönümlü və diversifikasiya olunmuş
iqtisadiyyat formalaşıb, dünya təsərrüfat
sisteminə inteqrasiya tam təmin olunub. Bütün bunlar
göstərir ki, respublikamızda sosial-iqtisadi modernləşməyə
əsaslanmaqla yüksək əzmkarlıqla və
yaradıcılıqla həyata keçirilən inkişaf
strategiyası uğurlu nəticəsini verir. Özünün
uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini
müəyyən edən Azərbaycan dünya miqyasında
iqtisadi artım sürətinə görə ön
sıralarda gedərək islahatçı ölkə kimi
tanınır.
Xatırladaq ki, 2012-ci ilin geridə qalan
dövründə dünyada iqtisadi artım zəifləmiş,
avrozonada sənaye istehsalı son 3 ilin ən aşağı həddinə
çatmışdır. Qlobal artımın səngiməsi əsasən
avrozonada iqtisadi problemlərin dərinləşməsi səbəbindən
baş verib. Böhran meyillərinin güclənməsi biznes
mühitinin pisləşməsinə, investisiya fəaliyyətinin
aşağı düşməsinə səbəb olub,
iş yerlərinin sayı azalıb. Avrozonada borc
böhranının davam etməsi bütün dünya, o
cümlədən Amerika Birləşmiş Ştatları və
Çin Xalq Respublikasının iqtisadiyyatına öz təsirini
göstərib. Həmçinin cari ilin birinci
rübünün sonunda daha kəskin şəkildə hiss
olunan neft qiymətindəki dəyişmələr Amerika Birləşmiş
Ştatlarının neftdən asılı sənaye sahələrində
istehsalın azalmasına səbəb olub.
Fərəhlə
qeyd etməliyik ki,
davamlı və dinamik inkişafa
əsaslanan iqtisadi siyasətin həyata
keçirilməsi nəticəsində 2012-ci ildə əvvəllər
qazanılmış uğurlar daha da möhkəmləndirilib,
qeyri-neft sahələrinin, regionların
inkişafı sürətlənib, əhalinin sosial
rifahı daha da
yaxşılaşıb. Əksər inkişaf etmiş
dövlətlərdə, eləcə də avrozonada
iqtisadi böhranın müşahidə
olunmasına və dünya bazarında neftin qiymətindəki qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz sabitliyini qoruyub və ölkə iqtisadiyyatında inkişaf davam edib. Xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq,
ölkədə inflyasiya birrəqəmli
səviyyədə saxlanılmaqla makroiqtisadi
sabitlik qorunur.
Azərbaycanda
müşahidə olunan davamlı iqtisadi inkişaf beynəlxalq
qurumların hesabatlarında da öz əksini tapmaqdadır. Belə
ki, Dünya İqtisadi Forumunun
hazırladığı "2012-2013-cü illərdə Qlobal Rəqabətqabiliyyətlilik
hesabatı"nda Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətinə görə əvvəlki hesabatdakı mövqe ilə müqayisədə daha 9 pillə irəliləyərək dünya sıralamasında 144 ölkə
arasında 46-cı yerdə qərarlaşıb və
Müstəqil Dövlətlər Birliyi
ölkələri arasında öz liderliyini daha da möhkəmləndirib. Son
hesabatda Azərbaycan makroiqtisadi
vəziyyət meyarı üzrə daha
yüksək mövqeyə (18-ci yer) layiq görülüb.
Cari ildə "Moody's" Beynəlxalq
Reytinq Agentliyi Azərbaycan
Respublikasının uzunmüddətli yerli
və xarici valyutada reytinqini investisiya səviyyəsinə
yüksəldib, "Fitch" Beynəlxalq
Reytinq Agentliyi isə
Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini
"BBB-" investisiya səviyyəsində
bir daha təsdiqləyib. Beləliklə, dünyanın nüfuzlu reytinq agentlikləri
tərəfindən Azərbaycan Respublikasının kredit reytinqi investisya səviyyəsinədək
qaldırılıb. Belə ki, "Fitch" Beynəlxalq Reytinq
Agentliyi 2010-cu ildə, "Standard & Poor's" Beynəlxalq
Reytinq Agentliyi 2011-ci
ildə və nəhayət,
"Moody's" Beynəlxalq Reytinq
Agentliyi isə cari ilin aprel ayında Azərbaycan
Respublikasının reytinqini investisiya səviyyəsinə
yüksəldib.
Azərbaycanın reytinqinin investisya səviyyəsinə
qaldırılması ölkənin son illərdə neftdən
daxil olan gəlirlər hesabına maliyyə gücünün
əhəmiyyətli dərəcədə artmasını,
qeyri-neft sektorunda gedən sürətli inkişafı və
ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə
dayanıqlılığını əks etdirir. Əvvəlki
illərdə aparılan uğurlu siyasətin davamı olaraq
2013-cü ildə də əsas iqtisadi məqsəd milli
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi,
qeyri-neft sektorunun sürətli inkişafı, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, ölkə iqtisadiyyatının
diversifikaiyası və əhalinin həyat səviyyəsinin
yüksəldilməsi kimi mühüm məsələləri təmin etməkdən ibarətdir.
Bu günlərdə isə Dünya
Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən
nüfuzlu "Doing Business-2013" hesabatı
açıqlanıb. Hesabatda 185 ölkə arasında 67-ci
yerdə qərarlaşmış Azərbaycan bir sıra
göstəricilər üzrə yenə də qabaqcıl
ölkələr sırasındadır. Belə ki, keçənilki
hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 117
iqtisadiyyatını geridə qoyurdursa, builki hesabatda belə
ölkələrin sayı 118-dir.
Builki hesabatda
"Müəssisənin yaradılması" göstəricisi
üzrə Azərbaycan 18-ci, "Əmlakın
qeydiyyatı" üzrə 9-cu yerdə qərarlaşıb.
Hesabatda
"Əmlakın qeydiyyatı" göstəricisi üzrə
Azərbaycan ilk onluğa
daxil edilib və bu sahədə Böyük
Britaniya, Malayziya və
Yeni Zelandiya kimi qabaqcıl ölkələrlə
yanaşı, dünyada ən
yaxşı təcrübəyə malik
ölkə kimi qeyd edilib. "İnvestorların
maraqlarının qorunması" göstəricisi üzrə
25-ci pillədə olan Azərbaycan
hesabatın dərc edildiyi tarixdən bu göstərici üzrə öz
mövqeyini köklü
surətdə yaxşılaşdırıb və bu sahədə islahatlar aparan ölkə kimi ilk onluğa daxil olub. "Müqavilələrin
icrasının təmin edilməsi" göstəricisi
üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan kommersiya mübahisələrinə baxılma
müddətinə görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə yanaşı, dünyada
7-ci iqtisadiyyat kimi
göstərilib. "Vergilərin ödənişi"
göstəricisi üzrə də Azərbaycan öz mövqeyini köklü surətdə
yaxşılaşdıraraq uğurlu islahatlar aparan ilk 5 ölkə sırasına daxil
edilib.
"Doing Business-2013" hesabatında biznes mühitin
yaxşılaşdırılması sahəsində 2005-ci ildən
etibarən Azərbaycanın əldə etdiyi
nailiyyətlər yüksək qiymətləndirilib, ölkəmiz
bu sahədə məqsədyönlü islahatlar həyata keçirən 15 ölkə
sırasına daxil olaraq
bir çox ölkələri geridə qoyub.
Görülən işlər və həyata
keçirilməkdə olan tədbirlər ölkəmizin
Dünya Bankının və Beynəlxalq Maliyyə
Korporasiyasının "Doing Business" hesabatında, eləcə
də digər nüfuzlu təşkilatların
hesabatlarında yerini daha da yaxşılaşdırmağa,
investorların Azərbaycan iqtisadiyyatına
marağının daha da artmasına imkan yaradacaq. Bütün
bunlar isə Azərbaycanın dünyada nüfuzunun
artmasının, ölkədə biznes və investisiya
mühitinin əlverişliliyinin təzahürüdür.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
25 oktyabr.- S.1.