Bakıda görkəmli şairdramaturq Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilmişdir

 

 Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli şair və dramaturq, ictimai xadim Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 16 fevral tarixli sərəncamına uyğun olaraq keçirilən yubiley tədbirində dövlət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri "Heydər Əliyev və Hüseyn Cavid" vidofilmini böyük maraqla izləmişlər.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək Hüseyn Cavidin məşəqqətli ömür yolundan və bütün zamanlar üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, eləcə də ona göstərilən dövlət qayğısından və xalq sevgisindən söhbət açmışlar.

 Bildirilmişdir ki, dərin fəlsəfi məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyan sənətkarın lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.

 Azərbaycanda teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyasının mühüm rol oynadığı da diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycanda mənzum dram janrının əsasını qoymuş görkəmli ədibi teatrsevərlər "Azərbaycanın Şekspiri" adlandırmışlar. O, dramaturgiya sahəsində özündən sonra ədəbi məktəb yaradan sənətkarlardandır.

Qeyd edilmişdir ki, ilham qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixidünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur. Azərbaycanda mütərəqqi romantizm onun adı ilə bağlıdır.  Milli bədii düşüncə tarixini mövzu baxımından və bir-birindən parlaq xarakterlərlə zənginləşdirən Hüseyn Cavid keçmiş SSRİ dövründə "sosializm realizmi" yaradıcılıq metodu ilə yazmadığı və bu quruluşu vəsf etmədiyi üçün Sibirin qarlı-şaxtalı çöllərində faciəli şəkildə həlak olmuşdur.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə 1937-ci il repressiyasının qurbanı olan, ağır sürgün həyatı yaşayan Hüseyn Cavidin nəşi uzaq Sibirdən Azərbaycana gətirilmiş, doğulduğu Naxçıvan torpağında dəfn olunmuş, məzarı üzərində möhtəşəm məqbərə ucaldılmışdır.

Yubileydə dahi sənətkarın fəlsəfi məzmuna malik olan və insanlığın mahiyyətini açıb göstərən "İblis" faciəsindən Arifin monoloqunu xalq artisti Ramiz Məlik, qəzəllərini isə xalq artisti İlham Əsgərov ifa etmişlər. Eyni zamanda, ADAMDT-nin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən böyük dramaturqun "Afət" pyesindən, "Şeyx Sənan" faciəsindən,  eləcə də Yusif Səmədoğlunun "Qətl günü" romanından parçalar nümayiş etdirilmişdir.

Tədbir iştirakçıları şairin oğlu, nakam taleli bəstəkar Ərtoğrul Cavidin musiqi fəaliyyətindən bəhs edən kinokadrlara maraqla baxmışlar. 

Yenilikçi ruhu ilə bərabər, yaradıcılığında həmişə klassik ənənələrə geniş yer verən dahi söz ustadının qəzəlləri xalq artisti Mənsum İbrahimovun ifasında gecəyə xoş ovqat qatmışdır.

 Böyük dramaturqun  bəşəri ideyaları özündə ehtiva edən "Şeyx Sənan" faciəsindən böyük bəstəkar Fikrət Əmirovun "Kor ərəbin mahnısı" xalq artisti Alim Qasımovun ifasında təqdim olunmuşdur.

Yubiley gecəsində Azərbaycanın ictimai fikir tarixində xüsusi yeri olan qüdrətli söz sahibi, özünü "səma şairi" adlandıran Hüseyn Cavidin ölməz əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya da göstərilmişdir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin, Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin də iştirak etdikləri yubiley tədbiri gözəl əhval-ruhiyyə ilə başa çatmışdır.

 

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.2.