Yeni Azərbaycan
Partiyasının rəhbərliyi Bilgəhdəki müharibə və əmək əlilləri
üçün pansionatda olmuşdur
Oktyabrın
24-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov,
icra katibinin müavinləri, idarə heyətinin üzvləri,
Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və
partiyanın rayon təşkilatının təmsilçiləri
Bilgəhdəki müharibə və əmək əlilləri
üçün pansionatda olmuşlar.
AzərTAc xəbər verir ki,
görüşdə Əli Əhmədov Qurban bayramı
münasibətilə YAP-ın sədri, ölkə Prezidenti
İlham Əliyevin adından əlilləri, ahılları təbrik
etmiş, dövlət başçısının
ehtiyacı olan şəxslərə, xüsusən ahıl və
əlillərə daim diqqət və qayğı göstərdiyini
bildirmişdir. Qeyd edilmişdir ki, onların rahat
yaşaması, ehtiyaclarının ödənməsi
üçün dövlətimiz tərəfindən
bütün lazımi addımlar atılır.
Azərbaycanın son illər
qazandığı genişmiqyaslı uğurlardan
danışan Əli Əhmədov qeyd etmişdir ki, YAP əhalinin
müxtəlif təbəqələrinin nümayəndələri
ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində
yaşayanlarla mütəmadi görüşlər
keçirir, onların problemləri ilə maraqlanır, imkan
daxilində onlara kömək göstərilir.
Əli Əhmədov
vurğulamışdır ki, hazırda ahıl və əlil,
kimsəsiz insanlar üçün yeni bina tikilir. Yeni bina
istifadəyə veriləndən sonra bu qəbildən olan
insanların həyat şəraiti daha da
yaxşılaşacaqdır.
Ə.Əhmədov məmnunluq hissi ilə
qeyd etmişdir ki, burada yaşayan insanların
gümrahlığı, əhval-ruhiyyəsinin yaxşı
olması YAP üzvlərinin hamısını sevindirir. Bu
cür yüksək şərait hökumətin həyata
keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən,
insanlara qayğısından xəbər verir. Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas
qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi
imkanlarından hər bir vətəndaşın həyatının
yaxşılaşdırılması üçün istifadə
edilsin, o cümlədən də qocalar evləri diqqət mərkəzindən
kənarda qalmasın.
Pansionat sakinləri ömürlərinin
ahıl vaxtlarında respublika rəhbərliyinin onlara
yaratdığı şəraitə, göstərilən diqqət
və qayğıya görə
minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər
ki, bu gün ölkədə aparılan geniş quruculuq
işləri onları da sevindirir.
Sonda pansionat sakinlərinə
bayram sovqatı verilmişdir.
Azərbaycan.-2012.- 25 oktyabr.- S.2.