Bakıda «Azərbaycanda orta sinif: sosial,
iqtisadi, siyasi dinamika və perspektivlər» mövzusunda beynəlxalq
konfrans keçirilmişdir
Oktyabrın
24-də Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı
ilə "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika
və perspektivlər" mövzusunda beynəlxalq konfrans
keçirilmişdir.
AzərTAc xəbər verir ki,
konfransı açan SAM-ın direktoru Fərhad Məmmədov
tədbirin əhəmiyyətindən
danışmışdır. Qeyd olunmuşdur ki, SAM bu
mövzu ilə bağlı bir sıra tədbirlər
keçirmiş, araşdırmalar aparmışdır. Biz 20
ildir ki, bazar iqtisadiyyatı şəraitində
yaşayırıq və bu müddətdə müxtəlif
siniflər əmələ gəlmişdir.
Hazırda ölkəmizin dinamik
inkişaf etdiyini, uğurlu neft strategiyasının həyata
keçirildiyini, ümumi daxili məhsulun (ÜDM) iki dəfə
artdığını vurğulayan SAM-ın direktoru Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən yeni hədəflərin
müəyyənləşdirildiyini
vurğulamışdır. Dövlət
başçısı tərəfindən irəli
sürülmüş "Azərbaycan-2020: Gələcəyə
baxış" İnkişaf Konsepsiyasının qeyri-neft
sektorunun inkişafı, ölkəmizin gələcəkdə
dinamik tərəqqisi yolunda atılmış mühüm
addımlardan olduğunu deyən F.Məmmədov qeyd
etmişdir ki, digər hədəf isə regionların
sosial-iqtisadi inkişafı ilə bağlı növbəti
dövlət proqramlarının beşillik deyil, onillik
müddətə qəbul edilməsidir.
Sonra konfrans öz işini panel
iclasları üzrə davam etmişdir.
"Orta sinfin sosial-iqtisadi aspektləri:
gerçəklik və perspektivlər" mövzusunda
keçirilən panelin moderatoru Milli Məclisin İqtisadi
siyasət komitəsinin sədri Ziyad Səmədzadə
bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra ölkəmizin sosial-iqtisadi həyatının
bütün sahələrində bir sıra nailiyyətlər
əldə olunmuşdur. Azərbaycan artıq dünyada
nüfuzlu, söz sahibi olan ölkəyə
çevrilmişdir. Azərbaycanda qısa bir zamanda yeni iqtisadi
sistem formalaşmışdır. Əgər ÜDM-nin tərkibində
özəl sektor 80 faizdən çox təşkil edirsə,
bu, o deməkdir ki, Azərbaycanda azad bazar münasibətlərinə
əsaslanan cəmiyyət fəaliyyət göstərir.
Respublikamız 140-dan artıq ölkə ilə iqtisadi sahədə
əməkdaşlıq edir. Bu isə cəmiyyətimizin
iqtisadi əsaslarının dünyaya inteqrasiya etdiyinin bariz
nümunəsidir.
Azərbaycanın əldə etdiyi
uğurlardan danışan Z.Səmədzadə qeyd etmişdir
ki, 20 ildə heç bir dövlətdə orta sinif
formalaşmamışdır. Orta sinfin formalaşması
üçün on illər tələb olunur. Azərbaycanın
gələcəyi şübhəsiz ki, orta sinfin
formalaşması ilə bilavasitə əlaqəlidir.
Paneldə İqtisadi İnkişaf
Nazirliyinin sahibkarlığın inkişafı siyasəti
şöbəsinin müdiri Zaur Qasımovun "Azərbaycanda
sahibkarlığın inkişafı və orta sinfin
inkişafı", SAM-ın şöbə müdiri
Vüsal Qasımlının "Azərbaycanda orta sinfin
inkişafı", Dünya Bankının aparıcı
iqtisadçısı və ölkə üzrə sektor əlaqələndiricisi
xanım Raşmi Şankarın "Orta sinif və iqtisadi
inkişaf", Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd
Musayevin "Orta sinif və biznes" mövzularında məruzələri
dinlənilmişdir.
Azərbaycan Dövlət İqtisad
Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat
İnstitutunun professoru Rasim Həsənovun moderatorluğu ilə
"Orta sinif: siyasi sabitliyin əsası" mövzusunda
keçirilən növbəti paneldə isə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova
"Orta sinif və gender", SAM-ın şöbə
müdiri Tahirə Allahyarova "Azərbaycanda orta sinfin
inkişafının siyasi aspektləri", Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının sədri Şahin Seyidzadə isə "Gənclərin
orta sinfin formalaşmasında rolu" mövzularında məruzələr
ilə çıxış etmişlər.
Sonda mövzu ilə bağlı
geniş fikir mübadiləsi aparılmış, təkliflər
irəli sürülmüşdür.
Azərbaycan.-2012.-
25 oktyabr.- S.2.