Yeni sosial obyektlər istifadəyə verilmişdir

 

 Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində yeni kənd  mərkəzi istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleks quruculuq işlərindən sonra Çalxanqala kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə bağlı sakinləri təbrik edərək demişdir: "Bu gün istifadəyə verilən sosial obyektlərdən Çalxanqala kəndində yaşayan 2400-ə yaxın sakin istifadə edəcəkdir. İstifadəyə verilən avtomobil yolu, məktəb binası, musiqi məktəbi, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri Çalxanqala kəndinin timsalında ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın təzahürüdür".

Tikilənlərdən, qurulanlardan istifadə edən sakinlərin öz yaşayışlarını yüksək səviyyədə təmin edəcəklərini bildirən Ali Məclisin Sədri demişdir ki, istifadəyə verilən yeni kənd mərkəzində dövlət orqanları üçün yüksək şəraiti yaradılmışdır. Bu şərait sakinlərə lazımi səviyyədə xidmət göstərməyə, onların qayğı və problemlərinin vaxtlı-vaxtında həllinə stimul verəcəkdir. Kəndin icra nümayəndəliyi bu şəraitdən səmərəli istifadə etməli, müvafiq dövlət təşkilatlarının işinin səmərəli təşkilinə diqqəti artırmalı, nizam-intizam yüksəldilməli, əhaliyə nümunəvi xidmət göstərilməlidir.

Ali Məclisin Sədri demişdir: "Dövlətimizin kənd yaşayış məntəqələrinə qayğısı təkcə müasir infrastrukturun yaradılması ilə tamamlanmır. Dövlətimiz həm də əhalinin sosial rifah halının yüksəldilməsinə, onların məşğulluq təminatına xüsusi diqqət yetirir. Çalxanqala kəndində yaşayan əhalinin 511 nəfəri dövlət büdcəsindən əməkhaqqı, təqaüd və müavinət alır, sakinlərin bir qismi yeni açılan xidmət sahələrində və fərdi təsərrüfatlarda çalışır. Bütün bunlar dövlətimizin kəndlərin inkişafına, insanların rahatlığına göstərdiyi yüksək diqqət və qayğının nümunələridir. Kənd yaşayış yerlərində əkinçiliyin, bağçılığın, meyvəçiliyin, heyvandarlığın inkişaf etdirilməsi dövlətimizin həyata keçirdiyi aqrar-iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Ona görə də kəndlərimizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, güzəştli kreditlər ayrılır, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət maliyyə dəstəyi göstərilir. Bu tədbirlərin də hər biri, ilk növbədə, kəndlərimizin inkişafına, kənd və şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir".

Ali Məclisin Sədri Çalxanqalada görülən işləri yüksək qiymətləndirmiş, muxtar respublikanın kəndlərinin inkişafına bundan sonra da lazımi qayğının göstəriləcəyini qeyd etmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. İki mərtəbədən ibarət olan binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd bələdiyyəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq məntəqəsi, polis  sahə məntəqəsi, kənd mədəniyyət evi və 53 yerlik zal yerləşir. Binada təşkilatların fəaliyyəti üçün hər cür şərait yaradılmış, otaqları müasir mebel avadanlıqları ilə təmin  olunmuşdur.

Rabitə evi mərkəzin birinci mərtəbəsindədir. Burada quraşdırılan 384 nömrəlik elektron ATS Çalxanqala kəndində 311 abonentə xidmət göstərir. Rabitə evində poçt bölməsi üçün də nümunəvi şərait yaradılmış, internet və danışıq kartlarının, qəzetlərin satışı təmin olunmuşdur.

Kəndin ictimai-mədəni həyatında öz fəallığı ilə seçilən Yeni Azərbayan Partiyası Çalxanqala kənd ərazi ilk təşkilatının 151 üzvü vardır. Kənd mərkəzində ərazi ilk təşkilatı üçün ayrıca otaqları ayrılmışdır. Həmçinin kənd mərkəzində zəngin kitab fondu olan kitabxana yaradılmış, Çalxanqala, Təzəkənd və Xıncab kəndlərini əhatə edən baytarlıq məntəqəsində lazımi dərman vasitələri və soyuducu qoyulmuşdur.

Binanın həyətində abadlıq işləri aparılmış, ağacgül kolları əkilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 2 sentyabr tarixli sərəncamına əsasən, Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulmuşdur. Yeni avtomobil yolunun istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir.

Kəngərli rayonunun Çalxanqala kəndində tam orta, uşaq musiqi məktəblərinin yeni binaları, həkim ambulatoriyası da istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu obyektlərin də istifadəyə verilməsi münasibətilə keçirilən tədbirlərdə iştirak və çıxış etmişdir.

 

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.2.