IDEA növbəti ölkə miqyaslı ekoloji maarifləndirmə layihəsini uğurla başa çatdırmışdır

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başlanmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA növbəti ölkə miqyaslı ekoloji maarifləndirmə layihəsini uğurla başa çatdırmışdır.

AzərTAc xəbər verir ki, "IDEA Yaşıl Azərbaycan naminə" layihəsinin yekunu ilə bağlı oktyabrın 24-də mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.

Cari il sentyabrın 24-də başlanmış "IDEA Yaşıl Azərbaycan naminə" layihəsi dörd həftə davam etmişdir. Əvvəlcədən nəzərdə tutulduğu kimi, dörd istiqamətə səfər edən yaşıl təlimçilər hər həftə beş rayonda təlim keçmişlər. Azərbaycanın 20 rayon və şəhərini əhatə edən layihə çərçivəsində ümumilikdə 40 məktəbdə seminarlar təşkil olunmuşdur.

IDEA kampaniyasının layihələr üzrə baş meneceri Raul Gülməmmədov layihə barədə ətraflı məlumat vermiş, bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. Layihələr üzrə menecer Ramiz Babayev isə kampaniyanın Azərbaycanda ekoloji sahədə ilk layihələr həyata keçirən bir təşkilat olduğunu qeyd etmişdir. IDEA tərəfindən ekoloji sahədə bir çox tədbirlərin həyata keçirildiyini deyən kampaniyanın nümayəndələri bildirmişlər ki,  "IDEA Yaşıl Azərbaycan naminə" layihəsinin məqsədi orta məktəb şagirdlərinin ekoloji biliklərə yiyələnməsidir.

Qeyd olunmuşdur ki, IDEA kampaniyası tərəfindən maarifləndirmə işlərinin geniş yayılması ilə bağlı mobil telefonlar üçün xüsusi proqram təminatı da hazırlanmışdır.

Layihənin əlaqələndiricisi Surxay Novruzov layihənin Şamaxı şəhərindəki orta məktəblərindən başlandığını və Şəkidə yekunlaşdığını demişdir. Bildirilmişdir ki, layihədə 7500-dən çox məktəbli iştirak etmişdir. Şagirdlərə interaktiv oyunlar və əyani vəsaitlər vasitəsilə ətraf mühit, meşə, su və digər mövzularla bağlı biliklərin daha da inkişaf etdirilməsi istiqamətində təlimlər keçirilmişdir.

S.Novruzov Azərbaycanın qərb, aran və cənub regionlarında olan IDEA kampaniyasının könüllülərinin bütün ərazilərdə müxtəlif maraqlı tədbirlər keçirdiyiniekoloji sahədə rayonun ictimai həyatında fəal rol oynayan gənclərlə yaxından tanış olduqlarını bildirmişdir.

Tədbirin sonunda "IDEA Yaşıl Azərbaycan naminə" layihəsinin fəallarına hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, hazırda IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyasının Moskva və Vilnüs şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir. Kampaniyanın İstanbulda da nümayəndəliyinin açılması nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.3.