«Xəzərdə dünya səviyyəli biznes həyata keçirmək öhdəliyimizə sadiqik»

 

 BP Azərbaycan şirkəti "Qərbi Çıraq" platformasının dayaq blokunun tikintisinin uğurla başa çatdığını bildirərkən belə bəyan edib

 

 "Qərbi Çıraq" platformasının dayaq blokunun tikintisi başa çatıb. Yeni  qurğu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjına yüklənib.

Bu barədə "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin əməliyyatçısı olan BP şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, dayaq bloku ilin sonunadək barjın üzərində qalacaq. Bu da "Dədə Qorqud" qazma qurğusuna 2010-cu ildən "Qərbi Çıraq" yatağında başladığı öncəqazma işlərini yekunlaşdırmağa imkan verəcək. Blokun dənizdə, öz daimi yerində quraşdırılmaq üçün yola salınması 2013-cü ilin əvvəllərinə planlaşdırılır.

Xatırladaq ki, "Qərbi Çıraq" platforması dəyəri 6 milyard dollar olan "Çıraq Neft Layihəsi"nin (ÇNL) bir hissəsidir. Onun tikintisi başa çatmış dayaq bloku isə indiyədək Xəzərdə quraşdırılmış ən ağır blok olacaq. Bu qurğunun tikintisinin müvəffəqiyyətlə başa çatması ÇNL çərçivəsində ilk neftin nəzərdə tutulduğu vaxt - gələn ilin dördüncü rübündə əldə olunmasına inam yaradır. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir deyir: "Bu nailiyyətin əldə olunması açıqca göstərir ki, biz Azərbaycanda layihə istehsal xəttini yaradıb saxlamaq öhdəliyimizə sadiqik. İnanırıq ki, ÇNL AÇG tərəfdaşlarının yeni iri bir sərmayəsi kimi bizə "Dərinsulu Günəşli" ilə mövcud "Çıraq" platforması arasındakı sahədən neftverməni maksimuma çatdırmaq imkanı yaradacıq. ÇNL-dən əvvəl biz AÇG-də altı dünya səviyyəli platforma tikmiş və indiyədək onları Azərbaycan xalqının və tərəfdaşlarımızın mənfəəti üçün təhlükəsiz və səmərəli şəkildə istismar etmişik. Mən bu imkandan istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, biz Xəzərdə dünya səviyyəli bir biznes həyata keçirmək öhdəliyimizə sadiqik".

"Qərbi Çıraq" platformasının dayaq blokunun tikintisi 2010-cu ildə başlanıb və qrafikə uyğun olaraq, bu yaxınlarda sona çatıb. İndiyədək tikinti işlərinə 2000 əməkçi, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunub. İşçi qüvvəsinin təxminən 96 faizini Azərbaycan vətəndaşları təşkil edib. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus "BOS Şelf" inşa edib. Bütün işlər BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə həyata keçirilib.

BP-nin iri layihələr üzrə vitse-prezidenti Brus Lyuberski deyir: "ÇNL layihəsi BP-yə Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq öhdəliyinə sadiq qalmaq üçün daha bir imkandır. Layihənin tikinti dövründə 20 milyondan artıq  adam-iş saatı sərf olunacağı gözlənilir. Bunun da 90 faizi Azərbaycanda yerinə yetirilir, eyni zamanda, işlərin 90 faizindən çoxunu ölkənin yerli işçi qüvvəsi həyata keçirir. Bundan əlavə, podratçı şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunub və bunun nəticəsində ÇNL üzrə ümumi xərclərin 30 faizindən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir. Bu imkandan istifadə edərək mən "BOS Şelf" şirkətinə BP-nin standartlarına davamlı şəkildə əməl etdiklərinə görə təşəkkürümü bildirir, həmçinin ARDNŞ-ni ona məxsus bir yerli şirkətin ilk iri nailiyyətinə görə təbrik edirəm".

Qeyd edək ki, "Qərbi Çıraq"ın dayaq blokunun ümumi çəkisi 18 min 200  ton, hündürlüyü  təxminən 185 metrdir. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılacaq.

 

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.6.