Ötən 9 ayda Mingəçevir böyük uğurlar qazanmışdır

 

 Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın "2012-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş iclası keçirilmişdir.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov toplantıda çıxış edərək Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələrdən danışmışdır. O xatırlatmışdır ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatında 9 ay ərzində qazanılan urğularından söz açmış, son illərdə əldə olunmuş nailiyyətləri təhlil edərək demişdir ki, Azərbayca iqtisadiyyatı sürətlə inkişafı edir.

2012-ci ilin 9 ayı ərzində Mingəçevirdə də aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52,9 faiz artaraq 252,4 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 43,6 faiz artaraq 130,6 milyon manata çatdırılmışdır. Ötən 9 ayda sənaye məhsulu istehsalı sahəsində işləyənlərin orta aylıq əməkhaqqı 314 manat təşkil etmişdir. Tikinti sektorunda əsas kapitala yönələn investisiya 72,1 milyon manat olmuşdur. Şəhərdə aparılan tikinti-quraşdırma işlərinə 70,2 milyon manat vəsait xərclənmişdir. 9 ayda nəqliyyat sahəsində daşınmaların həcmi 7,1 faiz artaraq 2,6 milyon manat, rabitə sahəsində göstərilən xidmətlər 5,1 faiz artaraq 852 min manat təşkil etmişdir. İstehlak bazarında əhaliyə 176 milyon manatlıq məhsul satılmış və müxtəlif xidmətlər göstərilmişdir.

Hesabat dövründə şəhər ərazisində aparılan abadlıq və quruculuq işləri öz ahəngində davam etdirilmişdir. Şəhərin "Sahil" parkı əsaslı şəkildə yenidən qurulmuş və hazırda tamamlama işləri görülür. Şərq giriş hissəsində "Bayraq meydanı" inşa olunur. Avtomobil yolları genişləndirilir, yeni səkilər salınır. İşıqlandırma sistemi yenidən qurulur. Ötən 9 ayda şəhərin küçə və meydanlarında 100 min kvadratmetrdən çox asfalt örtük salınmış, 12 min kvadratmetr mozaik plitə düzülmüş, 500 ədəd yeni müasir işıqlanma dirəyi gətirilmiş, 6 min kvadratmetr damörtüyü əsaslı təmir olunmuş, ümumilikdə 44 min kvadratmetr fasad hissə rənglənmişdir.

Cari ilin 9 ayı ərzində şəhərin əhalisi, idarə və müəssisələr elektrik enerjisi, təbii qaz və su ilə fasiləsiz təmin olunmuşlar.

Şəhər icra hakimiyyəti cari ilin müvafiq dövründə digər sahələrlə yanaşı, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafını, maddi-texniki bazasının gücləndirilməsini diqqət mərkəzində saxlamışdır.

Cari ilin 9 ayının yekunları  göstərir ki, Mingəçevir şəhərində aparılan abadlıq-quruculuq və təmir-tikinti işləri, sahibkarlığın genişləndirilməsi, turizmin inkişafına lazımi şəraitin yaradılması və digər sahələrdə aparılan işlər uğurla davam etdirilir.                                                                                                                               

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.6.