Hüseyn Cavidin abidəsi önündə «Cavid poeziya günü» keçirilmişdir

 

 Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyininYasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairdramaturq Hüseyn Cavidin abidəsi önündə ədibin anadan olmasının 130 illiyinə həsr edilmiş "Cavid poeziya günü" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbiri AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutu direktorunun əvəzi Teymur Kərimli açaraq böyük şairin yaradıcılığından, zəngin ədəbi irsindən, bəşəri ideyalarından danışmışdır. Azərbaycan ədəbiyyatı tarixində, dramaturgiyamızın inkişafında ölməz sənətkarın xidmətlərindən bəhs edən T.Kərimli illər keçdikcə Cavidin bizim müasirimizə çevrildiyini bildirmiş, şairə olan xalq sevgisindən söhbət açmışdır. O, artıq "Cavidlər ayı" kimi tanınmış oktyabr ayında Turan Cavidin,  Ərtoğrol Cavidin və nəhayət, Hüseyn Cavidin doğum günlərinin qeyd olunmasını xalqın bu böyük şəxsiyyətlərə ehtiramı kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, Sibirdən Hüseyn Cavidin nəşinin gətirilməsi, Naxçıvanda məqbərəsinin tikilməsi, Bakıda adının əbədiləşdirilməsi, heykəlinin ucaldılması, ev-muzeyinin açılması, külliyyatının nəşri və s. ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, cavidşünas alim, ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Odri Altstadt, Almaniyadakı "Muğam" Mədəniyyət Mərkəzinin direktoru Əbdülqədir İnaltəkin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin dosenti Gülbaxor Aşurova, xalq artisti Ramiz Məlik, Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı və başqaları unudulmaz sənətkarın irsinə tükənməz xalq məhəbbətindən söhbət açmışlar.

Hüseyn Cavidin dünya əhəmiyyətli səhnə əsərlərinin Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açdığı, milli teatr mədəniyyətinin inkişafına böyük təsir göstərdiyi vurğulanmışdır. Natiqlər amansız repressiya qurbanı olan Cavidlər ailəsinin haqqının özünə qaytarılmasında böyük əməyi və səyi olan ulu öndər Heydər Əliyevin köməyindən, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin Cavid irsinin təbliğ olunmasında xidmətlərindən danışmışlar.

Aktyorlar və məktəblilər sənətkarın şeirlərindən parçalar söyləmiş, incəsənət ustaları Hüseyn Cavidin sözlərinə bəstələnmiş əsərləri ifa etmişlər.

 

 

Azərbaycan.-2012.- 25 oktyabr.- S.7.