Saatlıda
tarix-diyarşünaslıq muzeyi və rəsm
qalereyasının yeni binasının
açılışı olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də
Saatlıda tarix-diyarşünaslıq muzeyi və rəsm
qalereyasının yeni binasının
açılışında iştirak etmişdir.
Məlumat verildi ki, ölkəmizin qədim
və zəngin maddi-mədəniyyət abidələrinin
qorunub saxlanması və gələcək nəsillərə
ötürülməsi mühüm əhəmiyyət kəsb
edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin
fəaliyyəti xüsusi məna daşıyır. Saatlı
Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət
abidələrinin qorunmasına xidmət edir.
Dövlətimizin
başçısı binanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Heydər Əliyev
parkının ərazisində tikilən, ümumi sahəsi
917 kvadratmetr olan bina xüsusi dizaynla inşa olunmuşdur.
Binanın həyətində qədim dövrdə Saatlı ərazisində
yaşamış insanların məişət əşyalarından
və əmək fəaliyyətindən bəhs edən
guşələr qurulmuşdur. İkimərtəbəli
binanın digər xüsusiyyəti isə burada rəsm
qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki
qalereya bütün lazımi avadanlıqla təchiz
olunmuşdur.
Diqqətə çatdırıldı
ki, yeni bina bütün lazımi kommunikasiya xətləri və
müvafiq avadanlıqla təchiz olunmuşdur. Binanın
foyesində ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin rayona səfərlərindən bəhs edən
fotoguşələr yaradılmışdır.
Birinci mərtəbədə yerləşən
tarix-diyarşünaslıq muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət,
ideoloji və təsviri sənət bölmələrindən
ibarətdir. Arxeologiya bölməsində Saatlı ərazisində
tapılan və eramızdan əvvəl III minilliyə aid
müxtəlif məişət əşyaları
nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən
başlayaraq orta əsrlər dövrünədək istifadə
olunan məişət əşyaları da sərgilənir.
Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən
istifadə edilən pullardan ibarət numizmatika guşəsi də
böyük maraq doğurur.
Muzeyin etnoqrafiya bölməsi ilə
tanış olan Prezident İlham Əliyevə məlumat
verildi ki, burada XIX-XX əsrlərdə saatlılıların
həyat tərzini və məişətini əks etdirən
eksponatlar yer almışdır. Dəmirçi və
dulusçu emalatxanalarının, evlərin kiçik maketləri
əhalinin qədim dövrlərdə yaşayış tərzini
əks etdirir. Mədəniyyət bölməsində müxtəlif
sənət əsərləri, xüsusilə də,
xalçaçılığa aid nümunələr, bəzək
əşyaları sərgilənir. İdeoloji bölmədə
isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər
və dövlətçiliyimizə həsr olunan filmlər
nümayiş olunur. Muzeydə eksponatların bərpası və
qorunması məqsədi ilə ayrıca fond-bərpa otaqları
da yaradılmışdır.
Binanın ikinci mərtəbəsində
yerləşən rəsm qalereyasına baxan dövlət
başçısının diqqətinə
çatdırıldı ki, burada geniş məkanda müxtəlif
janrlarda çəkilmiş rəsm əsərləri
nümayiş etdirilir. Əsasən yerli rəssamların əsərlərinin
sərgiləndiyi rəsm qalereyasında heykəltəraşlıq
nümunələri də yer almışdır. Qalereyada
ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da
vardır.
Yaradılan şəraitlə
tanış olan Prezident İlham Əliyev müvafiq
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.2.