Saatlıda şahmat məktəbi istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri

 

Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlıda qahmat məktəbinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, hazırda ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən yeni şahmat məktəbləri tikilib istifadəyə verilir. Bunlardan biri də Saatlı rayonunda inşa olunan şahmat məktəbidir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunmuşdur. Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmışdır.

Bildirildi ki, şahmat məktəbi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılmış vəsait hesabına inşa olunmuşdur. Saatlı şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda inşa olunan ikimərtəbəli binanın birinci mərtəbəsindəki foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idman ictimaiyyətinin nümayəndələri və Saatlı rayon sakinləri ilə görüşlərini əks etdirən fotoguşə, iki sinif otağı, yardımçı otaqlar, konfrans zalı yerləşir. Binanın ikinci mərtəbəsində şahmat yarışı zalı, müəllimlər və hakimlər otağı vardır. Yarış otağında eyni vaxtda 50 idmançı mübarizə apara bilər. Burada sensor monitorlar vasitəsilə beynəlxalq əhəmiyyətli yarışların gedişini izləmək və dərs proqramlarını öyrənmək mümkündür.

Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıqlarını verdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 30 oktyabr.- S.2.