Əsaslı şəkildə yenidən
qurulan Saatlı Rayon Mərkəzi Xəstəxanası ilə
tanışlıq
Azərbaycan
Prezidenti İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfəri
Oktyabrın 27-də Prezident İlham Əliyev
əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi
Rayon Xəstəxanası ilə tanış olmuşdur.
Səhiyyə naziri Oqtay Şirəliyev
dövlətimizin başçısına məlumat verdi ki,
Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı
təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi sərəncamla
ayrılmış vəsait hesabına
aparılmışdır. Xəstəxana üç korpusdan
ibarətdir. Tibb müəssisəsinin əsas binası,
poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni
zamanda, mətbəxi və camaşırxanası tamamilə
yenidən qurulmuş, istilik, su və kommunikasiya sistemləri
müasir tələblər səviyyəsinə
çatdırılmışdır. Binanı daimi elektrik
enerjisi ilə təmin etmək üçün generator
qoyulmuşdur.
Xəstəxananın həyətində
də geniş abadlıq işləri görülmüş,
yaşıllıq zolaqları yaradılmışdır.
Xəstəxanada yaradılan şəraitlə
tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, 126 çarpayılıq səhiyyə
ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı
təmir işləri aparılmışdır. Xəstəxana
yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin
edilmişdir. Burada poliklinika, cərrahiyyə, doğum,
pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım,
infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada
58 həkim və 125 orta tibb işçisi sakinlərin
sağlamlığının keşiyində durur. Xəstəxanada
fəaliyyət göstərən ekspress və klinik
laboratoriyalar ən müasir avadanlıqla təchiz
edilmişdir.
Bildirildi ki, burada yaradılan şərait
nəinki Saatlı sakinləri, eləcə də digər
rayonların əhalisinə ən yüksək səviyyədə
tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın
bütün şöbələri tibb sahəsində məşhur
şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə
əsaslanan və dünyanın aparıcı ölkələrində
istifadə edilən avadanlıqla təchiz olunmuşdur. Hər
bir şöbənin ayrıca intensiv palatası vardır.
Qeyd olundu ki, xəstəxananın
poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir.
Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq,
elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə,
kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim
otaqları vardır.
Səhiyyə ocağı ilə
tanışlıqdan sonra Prezident İlham Əliyev burada xəstəxananın
kollektivi və rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Mərasim
iştirakçılarını salamlayan dövlət
başçısı İlham ƏLİYEV dedi:
- Mən sizi ürəkdən təbrik
edirəm. Biz bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının
əsaslı təmirdən sonra
açılışını qeyd edirik. Gözəl, əlamətdar
hadisədir. İndi mən xəstəxana ilə tanış
olarkən bir daha gördüm ki, doğrudan da, bütün
işlər yüksək səviyyədə
görülmüşdür.
İki il bundan əvvəl mənim sərəncamımla
xəstəxananın təmir işləri
başlamışdır. Buna böyük ehtiyac var idi.
Çünki siz yaxşı bilirsiniz ki, burada vəziyyət
o qədər də yaxşı deyildi. Şadam ki, qısa
müddət ərzində yüksək səviyyəli təmir
işləri aparılmışdır. Hazırda bütün
lazımi avadanlıqlar var, şərait gözəldir.
İndi bu xəstəxana ən yüksək standartlara cavab
verir. Bu da təbiidir, çünki Azərbaycanda görülən
bütün işlər yüksək standartlara cavab verməlidir.
Biz səhiyyə sisteminin təkmilləşdirilməsi
işində bu məsələyə xüsusi önəm
veririk. Burada cərrahiyyə, doğum, terapiya, reanimasiya
şöbələri - yəni, bütün lazımi şərait
vardır. Həkimlər üçün də gözəl
iş şəraiti yaradılıbdır. Əlbəttə,
xəstələrə yaxşı tibbi xidmət göstərilməlidir.
Bütövlükdə Azərbaycanda səhiyyə
sistemində köklü dəyişikliklər, islahatlar
aparılır. Bu islahatlar faktiki olaraq yeni vəziyyətə
gətirib çıxarmışdır. Çünki həm
Bakıda, həm bölgələrdə yeni, müasir tibb
ocaqları yaradılır. Əvvəlki illərdə
tikilmiş xəstəxanalar əsaslı şəkildə təmir
edilir və yeni xəstəxanalar tikilməkdədir.
Demək olar ki, son iki il ərzində mənim
bölgələrə səfərlərim çərçivəsində
biz mütləq xəstəxana
açılışını da qeyd edirik. Artıq əksər
rayon mərkəzlərində müasir səviyyəyə
cavab verən xəstəxanalar vardır. Əminəm ki,
bir-iki il ərzində qalan yerlərdə də təmir-tikinti
işləri tamamlanacaq və beləliklə, hər bir rayon mərkəzində
ən yüksək standartlara cavab verən xəstəxanalar
yaranacaqdır. Bu, bizim siyasətimizdir.
Bizim siyasətimiz sosialyönümlü
siyasətdir. Sosial məsələlərin həlli daim diqqət
mərkəzindədir. Sosial məsələlərin
içində səhiyyə xidməti xüsusi yer tutur.
Çünki insanların sağlamlığı ən vacib
məsələdir. İnsanların sağlamlığı
üçün Azərbaycan dövləti bütün
lazımi tədbirləri görür və bu məsələyə
kompleks şəkildə yanaşır. Saatlı rayonunda
Olimpiya idman mərkəzi tikilməkdədir və bu da əlbəttə
ki, insanların sağlamlığına xidmət edən məsələdir.
Saatlıda içməli su,
kanalizasiya layihələri icra edilir. Əvvəlki dövrdə
modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində
bir çox kəndlərdə su təchizatı böyük
dərəcədə
yaxşılaşdırılmışdır. Hazırda
Saatlının kompleks su təchizatı və kanalizasiya məsələləri həllini tapmaqdadır. Ümid edirəm
ki, bir il, il yarım ərzində bu böyük layihə də
başa çatacaq, beləliklə, insan
sağlamlığı üçün ən vacib məsələlərdən
biri olan təmiz içməli su təchizatı da həllini
tapacaqdır.
Ölkəmizdə
sosialyönümlü digər tədbirlər də geniş
vüsət almışdır. Məktəb tikintisi, - o
cümlədən Saatlıda da bu istiqamətdə
böyük işlər görülür, - digər sosial
obyektlərin, sosial infrastrukturun yaradılması məsələləri
də uğurla öz həllini tapır. Beləliklə,
ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin
bütün bölgələri inkişaf edir.
Vaxtilə qəbul edilmiş
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramı uğurla icra edilir. İkinci Dövlət
Proqramı gələn ilin sonunda başa çatacaqdır.
Beləliklə, nəzərdə tutduğumuz bütün məsələlər,
bölgələrin inkişafı ilə bağlı
bütün məsələlər öz həllini
tapacaqdır.
Səhiyyə məsələlərinə
gəldikdə, bir daha demək istəyirəm ki, bu, bizim
üçün prioritet məsələdir. Bu sahədə
aparılmış islahatlar artıq öz gözəl nəticələrini
verməkdədir. Həm gözəl xəstəxanalar,
müasir avadanlıqlarla təchiz edilən böyük tibb mərkəzləri,
Bakı şəhərində ən yüksək standartlara
cavab verən yeni tibb mərkəzləri
yaranmışdır. İndi Azərbaycanda ən ağır əməliyyatlar
həyata keçirilir. Vaxtilə bu əməliyyatlar
üçün bizim vətəndaşlarımız başqa
ölkələrə getməyə məcbur idilər.
İndi ən ağır əməliyyatlar da Azərbaycanda
yüksək səviyyədə həyata keçirilir. Eyni
zamanda, maarifləndirmə işləri də yüksək səviyyədə
təşkil olunmalıdır. Mən demək olar ki, hər
bir xəstəxananın, diaqnostika mərkəzinin
açılışında qeyd edirəm ki, hər bir vətəndaş
ildə bir dəfə müayinədən keçməlidir.
İndi buna şərait də imkan verir. Əvvəlki
dövrdə bu mümkün deyildi. Amma indi Saatlı xəstəxanasında
ən müasir avadanlıqlar vardır. Beləliklə, hər
bir vətəndaş ildə bir dəfə mütləq
müayinədən keçməlidir. Amma elə vətəndaşlar
var ki, öz sağlamlıqlarına biganə
yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz
haldır. Çünki indi şəraitlə bağlı
heç bir problem yoxdur. Diaqnostika mərkəzləri, mərkəzi
rayon xəstəxanalarında ən müasir diaqnostika avadanlıqları,
tomoqrafiya, ultrasəs cihazları - hər şey vardır.
İnsan öz
sağlamlığını özü qorumalıdır.
Dövlət, əlbəttə, öz tərəfindən
bütün lazımi tədbirləri görür. Ancaq
insanların sağlamlığı onların əlindədir.
İldə bir dəfə, bir neçə saat vaxt sərf etməklə
insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən
özünü sığortalayır. Beləliklə, cəmiyyət
üçün, ailə üçün öz xidmətlərini
göstərmiş olur.
Bütövlükdə deyə bilərəm
ki, son illər ərzində aparılan islahatlar nəticəsində
statistik göstəricilər də yaxşılığa doğru
inkişaf edir. Məsələn, Azərbaycanda insanların
ömrünün uzunluğu artır. Bu, hər bir ölkənin
ümumi inkişafını göstərən amildir. Uşaq
ölümü azalır. Əfsuslar olsun ki, bu göstərici
hələ lazımi səviyyədə deyil, ancaq dinamika
müsbətdir. Yeni gözəl xəstəxanaların,
xüsusilə, doğum şöbələrinin fəaliyyəti
nəticəsində uşaq ölümü, ümumiyyətlə,
dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində
olmalıdır.
Bu statistika daha da müsbət
ola bilərdi. Gərək maarifləndirmə
işləri daha da geniş vüsət
alsın və insanlar öz sağlamlığına daha
da böyük həssaslıqla yanaşsınlar.
Mən bunu arzulayıram.
Mən istəyirəm
ki, Azərbaycan xalqı sağlam olsun. Gənc nəsil sağlam yetişsin. Bunun üçün bir daha demək istəyirəm ki, kompleks tədbirlər görülür. Həm infrastruktur layihələri,
dövlət siyasəti,
ekoloji tədbirlər,
xüsusilə, Kür,
Araz çayları boyu yerləşən rayonlarda, kəndlərdə
ekoloji vəziyyət,
içməli su ilə təchizat xüsusi məna daşıyır.
Məhz buna görə biz bir neçə il bundan əvvəl sutəmizləyici qurğuların
yaradılmasına başlamışıq.
Bu gün bunun bəhrəsini görürük.
Əminəm ki, vətəndaşlarımız kompleks tədbirlər nəticəsində daha da sağlam olacaqlar.
Həkimlərin peşəkarlığı, onların
xəstələrə qayğısı,
əlbəttə, yüksək
səviyyədə olmalıdır.
Həkimlər də biliklərini artırmalıdırlar.
Təkmilləşmə işləri
aparılmalıdır ki,
məsələlər daha
da uğurla həllini tapsın.
Bu gün mən Saatlı rayonunda bir neçə
obyektin açılışında
məmnuniyyətlə iştirak
etmişəm. Bu obyektlər
bir daha göstərir ki, Saatlı rayonu hərtərəfli inkişaf
edir. Bu gün diyarşünaslıq muzeyinin,
gənclər mərkəzinin,
şahmat məktəbinin, Yeni Azərbaycan Partiyasının
yeni binasının açılışlarını qeyd etdik. Yəni,
bu açılışlar
özlüyündə bir
göstəricidir. Rayonun
inkişafını göstərir,
rayon gözəlləşir, abadlaşır. Mərkəzi
meydan tamamilə yeni görkəm alıbdır və böyük istirahət zonasına çevrilibdir.
Mən xatırlayıram,
bu meydanın əvvəlki vəziyyəti
o qədər də ürəkaçan deyildi.
Amma indi insanların istirahəti, rahat yaşaması üçün ən gözəl şərait yaradılıbdır. Kənd
yolları tikilir. Mənim sərəncamımla
artıq bir neçə kəndi birləşdirən yeni yol tikilibdir. Yenə də buna ehtiyac vardır.
Gələn aylarda əlavə vəsait ayrılacaqdır.
Yəni, insanların
normal yaşaması üçün
tədbirlər görülür
və Saatlı rayonu inkişaf edir. Mən dəfələrlə Saatlıda
olmuşam, bu, Prezident kimi mənim dördüncü
səfərimdir. Hər
dəfə burada yenilikləri görəndə
çox sevinirəm. Sizi - bütün Saatlı sakinlərini bu uğurlar münasibətilə təbrik
edirəm, sizə yeni uğurlar, cansağlığı arzulayıram.
Xəstəxananın həkimi Adelina ƏLƏKBƏROVA
göstərdiyi diqqət
və qayğıya görə dövlət başçısına minnətdarlığını
bildirərək dedi:
- Əziz Prezident, Sizi bütün tibb işçiləri və
rayonumuzun ictimaiyyəti
adından ürəkdən
salamlayır, Sizə
"Xoş gəlmisiniz!"
deyirik. Sizin rayonumuza hər gəlişiniz bizə xoş günlər bəxş edir. Bu gün isə yüksək zövqlə
yenidən qurulan bu xəstəxana biz tibb işçiləri və sakinləri üçün yeni bir töhfə oldu. Sizin ali
diqqətiniz nəticəsində
bizim arzularımız
reallığa çevrildi.
Bu gün yeni, dünya standartlarına cavab verən avadanlıqlarla, tibbi ləvazimatla təchiz olunmuş xəstəxana bizim ixtiyarımıza verildi. İndi bizim şəraitimiz çox gözəldir. Xəstəxanada doğum,
reanimasiya, ginekologiya, cərrahiyyə, pediatriya və digər şöbələrdə əsaslı
təmir işləri
aparılmış və
Saatlı əhalisinə
yüksək tibbi xidmət göstərmək
üçün bütün
şərait yaradılmışdır.
Əlbəttə, biz tibb işçiləri başa düşürük
ki, belə bir xəstəxanada işləmək özü
də böyük bir məsuliyyətdir. Biz Sizi əmin edirik ki, bundan
sonra da səylə çalışacaq,
biliklərimizi artıracaq,
qüvvə və bacarığımızı rayonumuzun
sakinlərinin sağlamlığına
yönəldəcəyik. Mən
fürsətdən istifadə
edib səhiyyəmizin,
təhsilimizin, mədəniyyətimizin
uğurlarında böyük
xidməti olan həmkarımız
Mehriban xanıma Saatlı camaatı adından böyük minnətdarlığımızı bildirmək istəyirəm.
Əziz Prezident!
Saatlı rayonunda Azərbaycanın bütün
regionlarındakı kimi
yenidənqurma işləri
aparılır. Salınan
parklar, istirahət mərkəzləri, tikilən
uşaq bağçaları,
məktəblər və
nəhayət, bu gün istifadəyə verilən bu yeni xəstəxana Sizin rayonumuzun əhalisinə böyük
diqqətinizin nəticəsidir.
Doğma Azərbaycanımızın
tərəqqisi naminə
yorulmaz fəaliyyətinizdə
Sizə uğurlar diləyirik. Sizə və ailənizə cansağlığı arzulayırıq.
Allah Sizi qorusun!
Diqqətinizə görə çox sağ olun
Prezident İlham
ƏLİYEV: Çox sağ
olun!
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2012.-
30 oktyabr.- S.2-3.